Bu gün ali təhsildə nələr dəyişməlidir

Bu gün ali təhsildə nələr dəyişməlidir

ADPU-nun rektoru, professor Cəfər CƏFƏROvun və ADPU nəzdində ADPK-nın direktoru, dosent İsrayıl İSGƏNDƏROVun “Azərbaycan müəllimi” qəzetində “Bu gün ali təhsildə nələr dəyişməlidir” mövzusunda yazısı dərc edilib. Azərbaycan təhsili üçün önəmli məqamları özündə birləşdirən yazının mətnini sizlərlə bölüşürük:

“Təhsil müəssisələrində ənənəvi (üz-üzə) təhsil formasının məhdudlaşdırılması dünya təhsil sisteminə ciddi təsir göstərdi. 2020-ci ilin aprel məlumatlarına əsasən təhsil müəssisələrinin bağlanılması Azərbaycanda 1.9 milyon (1.7 milyon orta məktəb, 200 min ali təhsil, doktorantura) olmaqla, dünyada 1.7 milyarddan çox təhsilalanı ənənəvi təhsildən kənarda saxladı. UNESCO-nun məlumatına görə, 191 ölkə bütün, 5 ölkə isə qismən təhsil müəssisələrində məhdudiyyət tətbiq etdi ki, bu da ümumi təhsilalanların 98.4%-ni əhatə edir. Eyni zamanda, müxtəlif təhsil səviyyələrində bəzi beynəlxalq proqramlar və layihələr dayandırıldı. Əksər ölkələr gözlənilmədən qarşıya çıxan bu problemə çevik reaksiya verdilər və təhsil mümkün olan bütün vasitələrdən istifadə edilməklə davam etdirildi. Fəxredici haldır ki, Azərbaycan təhsil sistemi problemə daha çevik reaksiya verən təhsil sistemləri arasında idi. Təhsil müəssisələrinin bağlanılmasının təkcə təhsilalanlara və təhsilverənlərə deyil, həmçinin iqtisadi və sosial münasibətlərə də uzun müddət davam edəcək təsir göstərəcəkdir. COVID-19 cəmiyyətdə bütün münasibətlərə (sosial-iqtisadi, lokal və qlobal), o cümlədən də təhsil münasibətlərinə ciddi təsir göstərdi və gündəmə yeni yanaşmaların vacibliyi, ənənəvi təhsil çatışmazlıqları, rəqəmsal öyrənmənin əhəmiyyəti və s. çağırışlar gətirdi.

COVID-19 pandemiyasının təhsilə təsiri müxtəlif təhsil institutları, ekspertləri və mərkəzləri tərəfindən araşdırılır, hesabatlar yazılır və təhlil edilir. Bu araşdırmalardan biri də dünyaca məşhur tədris şirkəti olan “Pearson”-nun sifarişi ilə 2020-ci ilin iyun ayında “The Harris Poll” tərəfindən aparılan sorğudur. Bu sorğunun nəticələri əsasında hazırlanmış hesabatda göstərilir ki, COVID-19 təhsilin modernləşməsinin “katalizatorudur”. Təbii ki, bu araşdırmalar hələ uzun müddət davam edəcək və müxtəlif tədqiqat və hesabatlar yazılacaq.

Lakin bu gün ən azı demək olar ki, koronovirus pandemiyası nəticəsində təhsil sistemində uzunmüddətli strategiya və qaydaların yenidən işlənilməsinə ciddi ehtiyac var. Belə ki, bəzi təhsilalanların təhsil müddəti uzandı, təhsil müəssisələrinin işi məhdudlaşdırıldı, təhsilin təsir imkanları məhdudlaşdı və bunların ümumi nəticəsi təhsilə olan marağı dəyişdi. Araşdırmalar və təhlillər onu göstərir ki, təhsilə maraq ənənəvi formadan çıxdı, bəzi ekspertlər koronovirus pandemiyasının təhsilə marağın azalmasına səbəb olduğunu iddia edirsə, bəzi hesabatlarda isə mövcud vəziyyətin təhsildə imkanlar yaratdığı və ona inamın artdığı qeyd olunur. Bizim araşdırmamız onu göstərir ki, təhsilə maraq azalmayıb, sadəcə olaraq təhsilə marağın forması dəyişib. Təhsil sisteminin sənayenin tələblərinə uyğunlaşması, cəmiyyətin tələblərinə çevik cavab mexanizminin qurulmasınıın vacibliyi koronovirus pandemiyasından çox-çox əvvəllərdə əsas müzakirə  mövzularından biri idi. Təhsil sistemində dəyişikliklər hər zaman mövcud olmuş və olacaqdır. Koronovirus pandemiyası sadəcə olaraq bunu sürətləndirdi və yuxarıda qeyd edildiyi kimi, ənənəvi təhsil çatışmazlıqları, rəqəmsal öyrənmənin əhəmiyyətini, çevik qərar vermə qabiliyyətinin vacibliyini üzə çıxartdı. Hələ keçən əsrin sonlarından 21-ci əsrin təhsil sistemi, təhsil paradiqması, çağırışları barədə çoxlu tədqiqatlar aparılmış, müxtəlif yanaşmalar və strategiyalar təklif olunmuşdur. Bütün bu tədqiqatlar və ekspert rəyləri 21-ci əsrdə də təhsilin vacibliyini, xüsusilə də orta təhsildən sonrakı təhsilin daha da vacib olacağını söyləmişlər. Orta təhsildən sonrakı təhsil imkanlarının artırılması və həyat (yaşayış) keyfiyyətinin yüksəldilməsi, iqtisadi mobilliyin təmin olunması, analitik düşünmə və düşüncələrinin effektiv idarə olunması, məqsədə çatmağa və həyatda müvəffəqiyyət qazanmağa vasitə kimi xarakterizə olunur.

Bu gün təhsil sistemində nə, necə dəyişməlidir? Nə üçün dəyişməlidir? Texnoloji inkişafın təhsilə transformasiyası necə olmalıdır? Məsafədən (distant) təhsil necə təşkil olunmalıdır? Bu yazıda beynəlxalq ekspertlərin, dünyanın aparıcı təhsil institutlarının bu suallar ətrafında düşüncələrinin təhlili və müəlliflərin fikirləri öz əksini tapmışdır. Məsələn, davamlı inkişaf üzrə BMT-nin 2020-ci il hesabatında da COVID-19 pandemiyasından sonrakı dövrdə davamlı inkişaf məqsədlərində ola biləcək dəyişikliklər sırasında təhsil üzrə məqsəd (keyfiyyətli təhsil) ön sıradadır, bundan əlavə, həmin hesabatda davamlı inkişaf üçün rəqəmsal inqilabın nəticələrindən istifadənin də ön sıralara çıxacağı qeyd edilmişdir.

Təhsil yanaşmasının və məzmununun dəyişməsini zəruri edən çoxlu amillər sadalamaq olar. İlkin olaraq aşağıdakıları nəzərə almaq lazımdır:

* Bu günün təhsilalanları dəyişmişdir. Bu günün tələbələri dünənin təhsilalanlarından çox fərqlidir. Onlar oxumaqla bərabər işləmək niyyətindədirlər, çoxlu informasiya mənbələrinə malikdirlər, ailədə uşaq sayı az olduğundan ailənin ilk təhsil alanıdırlar, qeyri-bərabər təhsilin şahidi olurlar və s;

* Tələbələrin və valideynlərin prioritetləri dəyişmişdir. Tələbələrin əksəriyyəti nəyi öyrənsəm daha tez işə qəbul edərlər kimi bir düşüncə ilə yaşayır. Tələbələr və valideynlər tez bir zamanda qoyduqları investisiyanı geri qaytarmaq istəyir. Bu gün çox az sayda tələbə öz dünyagörüşünü artırmaq, savadlı olmaq, həyat fəlsəfəsini anlamaq və s. barədə düşünür;

* Cəmiyyətin təhsildən gözləntiləri dəyişmişdir. Təhsilin qiymətləndirilməsində məsul şəxslər, qanunvericilərin hazırladığı normativ-hüquqi aktlar, vəkillər və valideynlərin təhsildən tələbləri, tələbələrə göstərilən xidmətlərin sayını və keyfiyyətini artırmışlar. Tələbələr təhsil müəssisəsi seçimi zamanı təkcə təhsilin keyfiyyətini deyil, həmçinin onun xidmətlərinin spektrini, tələbələrin sosiallaşması imkanlarını da nəzərə alırlar;

* Təhsil paradiqması qocalıb və çevik deyil, sürətlə dəyişən dünyaya çevik inteqrasiya oluna bilmir, universaldır və hər şəxsin şəxsi istəklərinə adaptasiya oluna bilmir;

* Təhsil müəssisələri özlərinin klassik məqsədlərini dəyişir. Daha çox sahibkarlıq, biznes qaydalarına meyillidirlər, daha çox gəlir əldə etmək üçün müxtəlif modelləri sınaqdan çıxarırlar;

* Sənaye ilə münasibətlər dəyişir. Təhsil müəssisələrinin “əmək bazarına çıxış imkanı veririk” kimi illüzuyaları boşa çıxır, sənayenin və cəmiyyətin tələblərinə uyğun, əmək bazarında dayanıqlı fəaliyyət göstərən, daxili rəqabətdə qalib çıxan kadrlar yetişmir. Əksər müəssisələr kadrlarını özləri yetişdirir, təlimlər və müxtəlif metodlarla bacarıqlarını artırır. Sənaye ilə təhsil müəssisələrinin münasibətləri çox zəifdir.

Beləliklə, təhsil müəssisəsi yüksək standartlarını və qarşılıqlı münasibətləri saxlamaqla daha effektiv yanaşma tətbiq etməlidir. Bütün bunları isə tələbələrə xidmət spektrini genişləndirməklə və təhsil xərclərini artırmadan edilməlidir. Dəyişikliyi zəruri edən sonuncu- üçüncü amilə nəzər yetirsək, görərik ki, təhsilin klassik məqsədinin dəyişməsi və innovasiyalara qeyri-çevik reaksiya bu günün təhsilində əsas problem olaraq qalır. Dəyişikliklərə qeyri-çevik reaksiya əvəzinə təhsil idarəçiləri və təhsil müəssisələri müxtəlif uzunmüddətli strategiyalar hazırlayır, davamlı innovativ yanaşmalar təqdim edirlər. Bunlar yaxşıdır, lakin bunları hazırlayan zaman nəzərə almaq lazımdır ki, təhsilin klassik məqsədləri qorunsun, bir sözlə, bu innovasiyalar və uzunmüddətli planlar təhsilin klassik məqsədini dəyişməyə yönələrsə, əksər hallarda ona  dağıdıcı təsir göstərər.

Qeyd olunduğu kimi, “dünən də”, “bu gün də” hər kəs qəbul edir ki, təhsilin məzmunu və təhsilə yanaşma dəyişməlidir. Bəs, bu dəyişiklik necə olmalıdır? Nəyi dəyişməliyik? Bu suallara düzgün cavab vermək üçün, ilk növbədə, təhsilin əsl məqsədinin nə olduğunu, onun fəlsəfəsini düzgün təsvir etmək lazımdır.

Təhsil nədir? Məqsədi nədir? kimi suallara müxtəlif ekspertlər müxtəlif cavablar verirlər. Hər bir ölkənin təhsil sistemi onun milli-mənəvi dəyərlərinə, milli maraqlarına cavab verməklə bərabər həm də qlobal çağırışlara cavab verməli, dünya təhsil sisteminə inteqrasiya olunmalıdır. Bu günün təhsili həmçinin klassik təhsildən onunla fərqlənir ki, bu gün insanlar təhsil alıb, ömürlərinin sonuna qədər onu istifadə edə bilmirlər, təhsil bu günün insanlarının heç vaxt tamamlaya bilməyəcəyi bir prosesdir, bu prosesdə daim yeniliklər və dəyişikliklər baş verir, bu dəyişikliklər bizi məcbur edir ki, biz təhsilimizi daimi yeniləyək və dəyişikliklərə çevik cavab verə bilək.

Bəzi müəlliflərin fikrincə, təhsil sisteminin əsas məqsədi gələcəyin rəqabətə davamlı işçi qüvvəsinin hazırlanması və insanları əmək bölgüsündə iştiraka hazırlamaq olsa da, təhsil həm də şəxsiyyətin bilik, bacarıq, vərdişlər və səriştələrini və həmçinin mənəvi, sosial və yaradıcılıq potensialını formalaşdırır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin məqsədi üç maddədə göstərilmişdir. Bunları qısaca olaraq – milli-mənəvi dəyərlərə malik vətəndaş yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi ümumiləşdirmək olar. Təhsil fəlsəfəsi isə bir qrupun (təhsilverənlər) bilik və dəyərlərinin digər qrupa (təhsilalanlara) ötürülməsi prosesidir. Bu proses zamanı isə hər iki tərəf qarşılıqlı olaraq bir-birinin dəyişməsinə təsir göstərir. Təşkilati baxımından isə buna davranış dəyişikliyi deyilir. Başqa sözlə, təhsilin məqsədi – təhsilalanların davranışının dəyişməsidir. Davranışda dəyişiklik baş verməsi üçün isə tədris-təhsil mühiti və təhsilin məzmunu dəyişməlidir.

* Təhsilverənlərin rolunun dəyişməsi: Məqalənin əvvəlində də qeyd olunduğu kimi, təhsilalanlar dəyişib, sosial şəbəkələrdən istifadə bu günün tələbələrini daha çox məlumatlı edib, onların təhsilverənlərdən asılılığı azalıb, demək olar ki, təhsilalanlar və təhsilverənlərin məlumata əlçatanlığı eyni səviyyədədir. Deməli, təhsilverənlərin rolunun yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Ümumiyyətlə isə professor Ş.Əsgərovun sözü ilə desək, təhsilə yanaşma və ümumi halda təhsil fenomeninə baxış, xüsusi halda təhsilverənə və təhsilalana münasibət dəyişməlidir. Artıq klassik “dərs deyən” anlayışı yoxa çıxır, təhsilverən daha çox istiqamət verir, mentor rolunda çıxış edir, təhsilalanı yönəldir, individual yanaşır, daha çox nəyi öyrənməli olduğu, necə öyrənməli olduğu barədə istiqamətləndirir;

* Təhsildə məsuliyyət bölgüsü yenidən formalaşır: Təhsil prosesi çoxtərəfli bir prosesdir. Bu prosesin bir tərəfində təhsilverənlər, təhsil idarəçiləri durursa, digər tərəfində cəmiyyət, icma və valideynlər durur. Təhsilin məsuliyyəti isə bu tərəflər arasında bölünməlidir. Təhsildə məsuliyyət ancaq təhsil sisteminin və təhsilverənlərin deyil, həmçinin valideynlər və cəmiyyətin arasında bölünməsi məqsədəuyğundur;

* Təhsilverənlər və təhsil strukturunun daha sürətlə dəyişməsi: Kütləvi informasiya vasitələrindən məlumat axını indiyə qədər olmamış dərəcədə əlçatandır. Bu isə yaradıcılıq məşğələləri üçün sonsuz imkanlar yaradır. Bu imkanlara malik təhsilalanlar isə uzun illər dəyişməz qalan təhsilə, norma standartlarına uyğunlaşmış dərslərlə, mühazirələrlə vaxt itirmək niyyətində deyillər. Bu ziddiyyət isə özlüyündə innovasiyaları və “qocalmış” (və ya köhnəlmiş) normaları, ənənələri pozmağı digər bütün məsələlərdən üstün edir. Yeni rəqəmsal informasiya imkanları istənilən biznesdə və müəssisədə idarəetmə sisteminin, strukturunun dözülməzliyini və bununla da dəyişməyə və ya məhvinə zəmin yaradır. Deməli, təhsilalanlar daha sürətlə, daha yaradıcı düşünmə qabiliyyətlərinə yiyələnirlər. Bu isə özlüyündə təhsilverənlərin və təhsil strukturunun da eyni sürətlə dəyişməli olduğu tələbəni gündəmə çıxarır.
* Kommunikativ bacarıqların verilməsinin daha önə çıxarılması: İnsan sosial varlıqdır, sosial şəbəkələrin yaratdığı imkanlar təhsilalanların kommunikasiya imkanlarını məhdudlaşdırır, insanlar daha çox displeylə vaxt sərf edir, müzakirələr, yaradıcılıq görüşləri kimi kommunikasiyaya ayrılan vaxt azalır. Bu isə özlüyündə təhsilverənlərin kommunikasiya bacarıqlarını və imkanlarının artırılmasını, müxtəlif platformalar üzərindən yaradıcılıq və müzakirələr üçün mühitin formalaşdırılmasına ehtiyacı müəyyənləşdirir;

* Kritik və yaradıcı düşünmə bacarıqlarının və bunun üçün müvafiq tədris mühitinin formalaşdırılması: Məlumat əlçatanlığı asan və ucuz olanda onların təhlili və düzgün qərar verilməsinin əhəmiyyəti artır. Təhsilverənlərin məlumatların alınması və təhlili texnologiyalarını, doğru qərarın verilməsi yollarını öyrədən tədrisə daha çox önəm verilməsi məqsədəuyğundur;

* Təhsilin mövcud tələblərə uyğun transformasiyası:  Təhsil qlobal tələblər əsasında məzmun və məqsədini formalaşdırır. Təhsil həmçinin hər bir ölkənin strateji sahəsidir və milli maraqlara, dövlətçiliyə xidmət etməlidir. Qloballıq və milli maraqlar bəzi hallarda ziddiyyət təşkil edir, təhsil sisteminin milli maraqları, ənənələri qorumaqla bərabər qlobal çağırışlara daha çevik reaksiya verən bir sistem kimi formalaşması məqsədəuyğundur.

Qeyd etdiklərimiz dünya təhsil sistemində günün tələblərinə cavab vermək üçün tələb olunan əsas çağırışlardır. Dövlət olaraq biz də öz təhsil sistemimizi bu tələblərə uyğun qurmalı, bu çağırışlara cavab verən vətəndaş yetişdirməliyik. Hər bir ölkədə olduğu kimi, Azərbaycan da öz təhsil sistemini beynəlxalq çağırışlara cavab verən və ölkənin prioritetlərinə uyğun qurmalıdır. Belə olan halda Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin qarşısında hansı xüsusi vəzifələr durur? Azərbaycan təhsili hansı tələblər əsasında vətandaş yetişdiməlidir?

2021-ci ildə 100 yaşını qeyd edəcək Azərbaycan Dövlət Pedaqoji Universiteti “ADPU-2021 Strateji İnkişaf Planı”nda öz missiyasını pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olmaq kimi ifadə etmişdir. XXI əsrdə dünyada elm və təhsilin sürətlə dəyişdiyi cari inkişaf şəraitində Azərbaycan müəlliminin vəzifələrini düzgün müəyyən etmək baxımından bu missiyaya doğru istiqamətlənmiş yolda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

* Təhsilalanlara Azərbaycan, dövlət, tarix sevgisi aşılanmalı: Azərbaycan Respublikasının gələcək fəal vətəndaşları kimi  milli kökə, milli tarixə bağlılığı ilə, buraxılmış səhvlərə görə dərs çıxarmış, uğurlarla arxayınlaşmamış insanlar kimi formalaşdırılmalıdırlar;

* Təhsilalanların milli mənlik süzgəcindən keçməsi: Təhsilalanların gələcək dünya üçün bilməli olduğu məzmunu müəyyən edərkən Azərbaycançılıq süzgəcindən keçirməli, millətinə sevgisi valideynlərinə sevgidən, torpağa sevgisi böyüdüyü məhəlləyə sevgidən başlamalı və bütün milli-mənəvi sərhədlərimizədək uzanmalıdır;

* Təhsilalanlar öz ölkəsinin quruculuğuna xidmət etməli: Təhsilalanlar dünyanın nailiyyətlərini bilməli, istifadə etməli, amma ona aludə olmamalı, onun yaradıcılarına çevrilmək eşqi ilə yaşamalı, qabaqcıl cəmiyyət və dövlətlərə düşkün olmamalı, o reallıqları öz ölkəsində yaratmağın yollarını axtarmağa sövq edilməlidirlər;

* Vətən sevgisi və müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması: Bizim hər şeyi öyrətməyə zamanımız olmayacaq. Biz onlara 2 şeyi mütləq öyrətməliyik, bir-vətən, torpaq və dövlət sevgisini və iki-müstəqil öyrənmə bacarığını;

* Rəqəmsal biliklər və xarici dil bacarıqlarının verilməsi: Mütləq iki bacarığı da yeni nəsilə aşılamalıyıq. Bunlardan birincisi tələb olunan minimum digital biliklər, ikincisi isə gözəl və zəngin ana dilindən sonra ikinci xarici dili- dünyanın elm dili, texnologiya dili olduğu üçün ingilis dilini mütləq öyrətməliyik.

Mənəvi-milli kök üzərində rəqəmsal bilik, bacarıqlar və dünyaya çıxış üçün ingiliscə, maraqlanacağı məzmunu əldə etməsi üçün dünyagörüş, maraq dairəsi – bax bu, bizim milli təhsilin profilini formalaşdırmağa kömək edəcək yönlərdir.”

Cəfər CƏFƏROV,
ADPU-nun rektoru, professor
İsrayıl İSGƏNDƏROV,
ADPU nəzdində ADPK-nın direktoru, dosent

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?