Filialın direktoru dosent Yusif Alıyev beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

27.02.2022
Filialın direktoru dosent Yusif Alıyev beynəlxalq tədbirdə məruzə ilə çıxış edib
25.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Türkiyə Cumhuriyyəti Çankırı Gazi Mesleki ve Teknik Anadolu Lisesinin birgə təşkilatçılığı ilə erməni vəhşiləri tərəfindən 1992-ci ildə Azərbaycan xalqına qarşı milli-etnik zəmində insanlığa sığmayan Xocalı soyqırımının törədilməsinin 30-cu il dönümü ilə əlaqədar “Xocalı faciəsi, Qars qətliamının tarixə yansıyan üzü” mövzusunda onlayn konfrans keçirildi.
Tədbirə Türkiyə Cumhuriyyəti Gəncə Baş konsulluğu, Çankırı Gazi Mesleki ve Teknik Anadolu Lisesi, regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri (Sumqayıt, Hacıqabul, Oğuz, Ağdaş, Ağdam və s.), Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı, Samux rayon Təhsil Şöbəsi Samux səhər 1 saylı məktəb lisey, Samux şəhər 2 saylı tam orta məktəb, Samux şəhər 3 saylı tam orta məktəb, Samux rayon İnstitut qəsəbə tam orta məktəb, Samux rayon Sərkar kənd tam orta məktəb, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Çankırı Gazi Mesleki ve Teknik Anadolu Lisesinin müdir müavini Esra Acar acısı aynı olan tək millət olaraq Xocalı soyqırımını dərin hüznlə andığını və Xocalı faciəsi haqda qısa məlumat verdi. Tədbir Xocalı faciəsi və Qars qətliamı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Samux rayon İnstitut qəsəbə tam orta məktəbin ingilis dili müəllimi Aida Eyvazova Xocalı faciəsi haqda məlumat verdi.
Çıxış üçün ilk söz alan Türkiyə Cumhuriyyəti Gəncə Baş konsulluğu baş konsul Zeki Öztürk Qars və Xocalı soyqırımının tarixindən, hətta onun yaxın qohumlarının Qarsda başladılan və digər bölgələrdə də gerçəkləşdirilən qətliam zamanı zərər çəkməsindən bəhs etdi.
Çankırı İl Eğitim müdiri Muammer Öztürk mövzu ətrafında çıxışını etdi və Xocalı və Qars qətliamı şəhidlərinə rəhmət dilədi.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dos.Yusif Alıyev, Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova öz çıxışlarında Qarsda və Xocalıda törədilmiş soyqırımının hər ikisinin də ermənilər tərəfindən milli-etnik zəmində xalqımıza qarşı həyata keçirildiyini, hər iki qətliamda uşaq,qoca, qadın demədən xüsusi işgəncələrlə öldürülməsindən, kütləvi məzarlıqların olması, lakin bu gün sözdə “insan hüquqları” deyə bağıran bir çox sivil ölkələrin bu qətliamları görməzdən gəlməsindən bəhs etdilər.
Nuranə Həsənova Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, acısı acımızdır” kəlamını sitat gətirərək soyu, dili, acısı bir olan xalqımızın ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət iki dövlət” olan xalqımızın daim birliyini, ortaq acılarımızın, qapanmayan yaralarımızın dünyaya çatdırılması üçün birgə yürüməyin vacibliyindən danışdı.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?