“Azərbaycanın taleyini dəyişən qəhrəman oğullar”

26.07.2023
“Azərbaycanın taleyini dəyişən qəhrəman oğullar”

Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim…” Quba filialında Şəhid Nuran Mirzəyevin xatirəsi anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi Mirzəyev Nuran Akif oğlunun əziz xatirəsinə həsr edilmiş “Azərbaycanın taleyini dəyişən qəhrəman oğullar” adlı tədbir keçirilib. Tədbir Şəhidin adına olan auditoriyadaonun valideynlərinin və ailə üzvlərinin iştirakı ilə keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib, daha sonra 44 günlük Vətən müharibəsində həlak olmuş Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasının açılışına həsr  edilmiş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, qazilərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu məsələ Filialda da daim diqqət mərkəzində saxlanılır. Filialda Şəhid adına auditoriyaların açılması, Şəhid ailələrinin, qazilərin işlə təmin edilməsi, Şəhid ailələrinə, Şəhidlər xiyabanına  ziyarətlərin müntəzəm təşkil edilməsi,tədbirlərin keçirilməsi buna əyani sübutdur. Bu gün bu auditoriya əslində Şəhidin adına olduğu üçün həm də müqəddəs məkandır, müqəddəs ocaqdır, Nuran dünyasıdır. Bu auditoriyada təhsil alan tələbələrin oxumamaq, məsuliyyətsizlik etmək haqqı yoxdur. Bu auditoriyanın açılması Filialda Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan dərin hörmət və məhəbbətin təzahürüdür ki, nə qədər ki, canımda can var, mən bu əməlimi yaşadacağam, çünki bu mənim vətənpərvərlik borcumdur. Əslində  zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin nəsillər bir-birini əvəz etdikcə elə bir tarixi gün var ki, daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Daha sonra direktor öz çıxışında qeyd edib ki, Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev qəhrəman və məğrur ata kimi hamımıza nümunədir. Onun davranışı bütünlükdə gənc nəslə bir örnəkdir. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan Şəhid Nuran Mirzəyev kimi oğulların çiyinlərində yüksəlir. Bizlər əslində hər birimiz Şəhid valideynləriyik, çünki Nuranlar bizim hər birimizin balasıdır. Daha sonra Şəhidin atası Mirzəyev Akif Baba oğlunu bağrına basıb, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, qəhrəman, qorxmaz, cəsur, yenilməz, vətənin dar günündə onun müdafiəsinə qalxan oğul böyütdüyü üçün Filial Elmi Şurasının qərarı ilə Fəxri fərmanla təltif edib.

Daha sonra tədbirdə tanınmış Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı da Şəhidin valideynlərini salamlayıb, onların bu mətanətli davranışları qarşısında baş əydiyini diqqətə çatdırıb, filial direktoru dosent Yusif Alıyevə belə tədbirlərlə gənc nəslin təlim-tərbiyəsi sahəsində necə mükəmməl yol aldığını vurğulayıb, bildirib ki, ali təhsil ocağında belə məkanların, auditoriyaların olması, belə tədbirlərin keçirilməsi Vətən adına bir eposdur, bir dastandır. Həm də qeyd edib ki, direktorun çıxışından özü üçün yaradıcılıq və tədqiqatçılıq üçün müxtəlif yeni məqamlar aşkarlayıb.

“Hər daşın üstündə şəhid nəfəsi,

Hər daşın altında şəhid qanı var.

Şuşanın nəfəsi igid nəfəsi

Şuşanın ər sözü,

hürr dastanı var.

Daha sonra tədbirdə Əməkdar mədəniyyət işçisi Elza Orucova, Dövlət Radiotezliklər idarəsinin Quba regional bölməsinin müdiri Tofiq Kiçibəyov, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Filialın əməkdaşları Rahib Sədullayev, Pərvanə Rzayeva, Mələk Bağırova, Mahirə Malıyeva, p.f.d. Aysel Şeydayeva, Samirə Hacıyeva, Nubar Bayramova, Fatimə Allahverdiyeva,  Filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Leyla Qəribova çıxış edib qeyd ediblər ki, Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.

Tədbirdə çıxış edən Şəhidin valideynləri Akif Mirzəyev və Təranə Mirzəyeva filialın direktoru dosent Yusif Alıyevə, bütün kollektivə öz təşəkkürünü bildirib. Akif Mirzəyev qeyd edib ki, Yusif Alıyevi ən yaxın dostu qardaşı olaraq görür, övladının xatirəsinə verilən bu dəyər onu qürurlandırır. Daha sonra çıxış edən Təranə Mirzəyeva da övladının xatirəsini yad etmək üçün  atılan addımları,tədbirləri yüksək dəyərtləndirib, Nuran Mirzəyevin Şəhid olduğu günü anlatıb, övladının uşaqkən də necə qəhrəman olduğunu, son sözlərinin “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim…” olduğunu qeyd edib. Akif Mirzəyev də oğlunun həmişə Mir Mehdi Seyidzadənin şeirinin sözlərinə bəstələnmiş musiqini sevdiyini, onu dinlədiyini və indi də haradasa yasəmən çiçəyi gördükdə necə kövrəldiyini deyib. Ananın sözləri bütün auditoriyanı gözyaşlarına boğub:

Yasəmənlər açanda,

Bülbül bağda uçanda,

Oxuyanda nəğməni –

Xatırlayarsan məni!

Qeyd edək ki,  Nuran Akif oğlu Mirzəyev 1999-cu il 27 iyul tarixində Quba rayonunun Dağlı kəndində anadan olub. 2005-2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək rabitə, elektrik montyoru, sürücü ixtisaslarına yiyələnib.

2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Nuran Mirzəyev 28 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb və 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yollanıb. 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

21 oktyabr 2020-ci ildə Quba rayonunun Qımıl kəndində dəfn olunub.

Daha sonra Quba rayonunun Qımıl kəndində Şəhidin məzarı filialın rəhbərliyi və tələbə kollektivi tərəfindən ziyarət edilib.

Qeyd edək ki, Quba filialında15 sentyabr 2022-ci il tarixində filialın direktoru dosent Y.Alıyevin təşəbbüsü ilə Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası yaradılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şəhid Nuran Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nuran Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət etsin!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?