İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzininsəmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəkdir.
Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Azərbaycanın strateji valyuta ehtiyatlarıxarici dövlət borclarından 6 dəfə çoxdur.Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir;
Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Pandemiya fəsadları ilə mübarizə. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.
Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır.Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.
İşğal olunmuş ərazilər 30 il ərzində rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmışlar. İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.
Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Görülmüş işlərin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.