“Aşıq Ələsgər 200 – Göyçədən Türk dünyasına” adlı konfrans keçirildi

“Aşıq Ələsgər 200 – Göyçədən Türk dünyasına” adlı konfrans keçirildi

ADPU Quba filialının tşkilatçılığı ilə “Aşıq Ələsgər 200 – Göyçədən Türk dünyasına” adlı virtual konfrans keçirilib.

Konfransda filialın direktoru Yusif Alıyev, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, millət vəkili Qənirə Paşayeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Beynəlxalq Türk Akademiyasının prezidenti Füzuli Məcidli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, TÜRKSOY-un rəhbəri  Hüseyn Kuseynov  və digərləri iştirak ediblər.

Tədbiri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açıq elan edib. O, Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncamını xatırladıb. Qeyd edib ki, Aşıq Ələsgərin sənətkarlığı yalnız yaradıcılıq baxımından deyil, digər mənalarda da güncəldir. Q. Paşayeva çıxışında sənətkarın məzarının erməni vandalları tərəfindən dağıdıldığını xatırladıb. Beynəlxalq təşkilatlar və dünya səviyyəli kulturoloqları vandalizmin qurbanı olan Göyçə mədəniyyətini araşdırmağa çağırıb. Millər vəkili konfransın işinə uğurlar arzulayıb və məruzəçilərə, təşkilatçılara təşəkkür edib.

Mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgəri Azərbaycan və Türk folklorunun ən böyük nümayəndələrindən biri adlandırıb. Həmçinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin təntənəli surətdə qeyd edildiyini xatırladıb. Qeyd edib ki, aşıq sənəti YUNESKO-nun irs siyahısına daxil edilib. 2011-ci ildə sənətkarın 190 illik yubileyi Prezident İlham Əlievin Sərəncamına əsasən geniş səviyyədə qeyd olunub. A. Kərimov həmçinin Aşıq Ələsgərin əsərlərində böyük yer tutmuş dəyərlərdən, onun lirikasının məzmun ideyalarından bəhs edib. Bildirib ki, sənətkarın şeirləri və sazının sədası Qafqazın bir sıra bölgələri – Türkiyə, İran və Dağıstana qədər yayılıb. Nazir çıxışında həm də Göyçə mahalının işğalı, Qərbi Azərbaycanın qeyri-qanuni məskunlaşdırılması, abidələrin dağıdılması kimi məsələlərə toxunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva bildirib ki, Mehriban Əliyevanın fəaliyyəti və YUNESKO irsi sayəsində bütün dünya Azərbaycanın aşıq yaradıcılığını tanımağa başlayıb. Bu, xalqlarımızın genetik yaddaşına həkk olunub. O, Göyçənin əsrdə dörd dəfə vandalizmə məruz qalması, bunun nəticəsində bir sıra mədəniyyət nümunələrinin məhvini xatırladıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxışında Aşıq Ələsgərin yaradıcılığını zirvə adlandırıb. Bildirib ki, onun poeziyasında daim əyanilik nəzərə çarpır. Yazıçı həmçinin Aşıq Ələsgərin yaradıcılığındakı səs oyununa nümunələr göstərib. 200 illik yubileyin yüksək səviyyədə qeyd olunmasından məmnunluğunu ifadə edib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın Türk folklorunu yaşatmaq üçün atılan hər addıma dəstək verdiyi xatırladıb və təşkilatçı qurumlara təşəkkürünü bildirib. O. Aşıq Ələsgərin əsərlərinin daim yaşayacağına inamını ifadə edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kadralı Aşıq Ələsgər kimi dühaların yetişməsinə təbiii mühitin təsiri məsələlərinə toxunub. Sənətkarın yaradıcılığının məzmun və forma rəngarəngliyinə toxunub. Onun yaradıcılığındakı təsəvvüf motivləri və bunun nəticələrindən bəhs edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli bildirib ki, Qurbanidən başlayaraq Aşıq Şəmşirə qədər davam edən bu sənətin Aşıq Ələsgərdən başqa zirvəsi yoxur. Həmçinin vurğulanıb ki, o, digər ustad aşıqlardan fərqlənir. Digər ustad aşıqlar əsasən sazı, sözü, rəqsi və ifanı özlərində birləşdirirdilərsə, Aşıq Ələsgər həm də onun nizamnaməsini yaradıb. Akademik xatırladıb ki, Aşıq Ələsgər yazıb-yaratmağa başladığı zamanlarda Azərbaycanda hələ qəzəl və təriqət ədəbiyyatı mövqeyini qoruyub saxlayırdı. Belə bir vaxtda Aşıq Ələsgər ədəbiyyatın diqqətini yenidən xalq həyatına, onun mübarizəsi və ümidlərinə yönəltdi. Həmçinin heca vəzninin sitemə çevrilməsində aşıq mütəfəkkirin böyük xidməti olub.

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı qeyd edib ki,  Aşıq Ələsgər irsi nümunələrinin hazırlanması məqsədilə görülən işlər davam etdirilir. Həmçinin qeyd edilib ki, Aşıq Ələsgərlə bağlı Azərbaycan miqyasında kifayət qədər təbliğat işi aparılıb. İndi isə növbə beynəlxalq miqyasdadır. Çünki sənətkarın doğulduğu ərazi hazırda siyasi mahiyyət daşıyır.

Deputat Əziz Ələkbərov çıxışına Vətən müharibəsindəki qələbə, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə başlayıb. Bildirib ki, görülən bütün tədbirlər Azərbaycan mədəniyyətinin  araşdırılması və tədqiqinə xidmət edir. Aşıq Ələsgər isə həm də düşmən tapdağı altında olan Göyçə mahalının rəmzidir. Bu baxımdan Aşıq Ələsgərin yubileyi ilə bağlı Sərəncam düşmənə ciddi mesaj hesab edilə bilər.

Tərcüməçi, şair İmdad Əfşar  bildirib ki, Aşıq ələsgər Türk kültür və mədəniyətində söz ilə silinməz izlər buraxıb. Göyçə mahalında Aşıq Ələsgərin məzarının dağıdılmasının erməni vandalizminin əsas sübutlarından biri olduğunu söyləyib. Qeyd edilib ki, Aşıq Ələsgər İran, Türkmənistan, Oğuz yurdlarında çox məşhur olan xalq şairidir. Heç bir divan şairi Azərbaycan türk şeirini Aşıq Ələsgərin ucaltdığı zirvəyə qaldırmayıb. İmdad Əfşar çıxışının sonunda Nazim Hikmətin Aşıq Ələsgərlə bağlı fikirlərini səsləndirib.

ADPU Quba filialının direktoru Yusif Alıyev konfransdakı çıxışları dinlədikcə Aşıq Ələsgər yaradıcılığının ucalığına bir daha əmin olduğunu vurğulayıb. Bildirib ki, Aşıq Ələsgər və digər ustadların xatirəsinə həsr olunan bu tip tədbirlər təqdirəlayiqdir. Filialın direktoru konfrans təşkilatçılarına təşəkkürünü bildirib və məruzəçilərə uğurlar arzulayıb.

Konfransın davamı olaraq Aşıq Bəhmən Göyçəli və aşıq Samirə Əliyevanın ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib.

Daha sonra çıxış üçün söz Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərliyə verilib. O, ustadın 200 illik yubileyinin keçirilməsi ilə bağlı Aşıq Ələsgərin yaxınları adından ölkə başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, bu, yalnız Aşıq Ələsgərə deyil, bütün saz sənətinə verilən dəyərdir.

Daha sonra konfrans məruzəçilərin çıxışları ilə davam edib. Məruzələrdə Aşıq Ələsgər yaradıcılığının detallarına, ustadın sənətində sufizmin ifadəsi mövzularına yer verilib.

Sonda Qənirə Paşayeva bütün iştirakçılara təşəkkürünü bildirib. Ustad sənətkarın vətəninin hələ də erməni vandalizminə məruz qaldığını, bunun bütün dünyaya çatdırılması istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Növbəti toplantının Göyçə mahalında keçirilməsini arzulayıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?