Təbrik yazısının mətnini sizlərlə paylaşır, təbrikə qoşuluruq:
“Uğur bir səfərdir, dayanma məntəqəsi deyil. Universitet də bir səfərdir və bu səfərdə gənclərə uğur qapılarını açan isə seçdikləri ali təhsil ocağının fəaliyyəti, məqsədləri, rəhbərliyi və kollektividir ki, BANM da bu cəhətdən həmişə öndə olmağı və tələbələrinə xəyallarındakı universitet modelini yaratmağı bacarır.
Azərbaycan ali təhsil tarixinin rekordçusu – BANM 10 illik yubiley yaşı ilə əlaqədar təbrik yazmaq olduqca məsuliyyətli olsa da, həm də çox rahatdır.Çünki bu gün ən yüksək keçid balı ilə ölkə birincisi olan, ötən qısamüddətli fəaliyyətində ölkəmiqyaslı çox böyük uğurlara imza atan Bakı Ali Neft Məktəbinin yaranmasından 10 illiyi haqqında yazmaq üçün yetəri qədər əlimizdə fakt və tarixlər var.
Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə yaradılıb və yarandığı ilk gündən bu günə qədər, BANM-a 700 bal toplamış 26 nəfər və 205 nəfər Prezident təqaüdçüsü qəbul edib. Bakı Ali Neft Məktəbinə ortalama qəbul balı 650 və ondan yuxarı təşkil edir ki, bu da Azərbaycanda ən yüksək göstəricidir.
BANM 10 il ərzində tam ingilis dilində tədris, ən böyük kampus, ən yüksək ortalama bal, ən yüksək keçid balı, ən yaxşı istehsalat təcrübəsi, ən yaxşı karyera imkanları xüsusiyyətlərinə görə ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib və Azərbaycanda peşəkar mühəndis kadrların hazırlanmasında liderdir.
BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb. Bakı Ali Neft Məktəbinə ortalama qəbul balı 650 və ondan yuxarı təşkil edir ki, bu da Azərbaycanda ən yüksək göstəricidir. 2021/2022-ci tədris ili üzrə Ali Məktəb ilk dəfə II ixtisas qrupu üzrə də tələbə qəbulu keçirib və bu ixtisas üzrə qəbul olunanların 11 nəfəri Prezident təqaüdünə layiq görülüb. 2021/2022-ci tədris ilində ölkə üzrə 102 Prezident təqaüdçüsündən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycanın təhsil tarixində rekord göstəricidir.
Bu münasibətlə başda BANM-ın rektoru Elmar Qasımov olmaqla bütün BANM kollektivini,şəxsən öz adımdan, həmçinin filialın bütün kollektivi adından təbrik edir,bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!”
Keyfiyyətli mühəndislərin yetişdirildiyi ali məktəb – Bakı Ali Neft Məktəbi neçə belə uğurlu illərə!
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru
dosent Yusif Alıyev