“Akademik Zərifə Əliyeva: kamillik və müdriklik zirvəsi”

28.04.2023
“Akademik Zərifə Əliyeva: kamillik və müdriklik zirvəsi”

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-ci ildönümünə həsr edilmiş “Akademik Zərifə Əliyeva: kamillik və müdriklik zirvəsi” adlı elmi-praktik konfrans keçirilib. Konfransda Filialın direktoru f.e.d.Yusif Alıyev, Quba rayon Heydər Əliyev Mərkəzinin müdiri v.m.i.e.Sevinc Səlimova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının əməkdaşı Əhməd Baloğlanov, Filialın professor və müəllim kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfrans ADPU-nun Quba filialının baş müəllimi Aygün Şıxbabayevanın moderatorluğu ilə davam edib. Konfransda əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş video filmin təqdim edilib, “Akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı” adlı məruzə ilə Əməkdar mədəniyyət işçisi, ADPU-nun Quba filialının müəllimi Elza Orucova çıxış edib, vurğulayıb ki, Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. E.Orucova Zərifə xanım haqqında alim, həyat yoldaşı və ana kimi bəhs etmiş, onun gənclərə örnək zəngin mənəviyyata və şəxsiyyətə sahib olduğunu diqqətə çatdırmışdır.

Sonra konfransda çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent, Qabaqcıl təhsil işçisi Yusif Alıyev qonaqları salamlayıb, konfransın gedişinə uğurlar arzu edib, qeyd edib ki, Zərifə xanım Əliyevanın oftalmologiya sahəsinə gətirdiyi yeniliklər, neçə-neçə elmi məqaləsi, kitabları dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilirdi, çünki Zərifə xanımın həkimlik və alimlik fəaliyyətinin böyük bir dövrü, o cümlədən, doktorluq dissertasiyası artıq sənayesi surətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinin-peşə xəstəliyinin müalicə və profilaktikasına həsr edilmişdir. Daha sonra konfransda çıxış edən natiqlər Quba rayon Heydər Əliyev Mərkəzinin müdiri v.m.i.e.Sevinc Səlimova, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi, TEC-nin Fakültə sədri Zəhra Məmmədova görkəmli akademikin elmi fəaliyyətinə toxunmuş, qeyd etmişlər ki, Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Daha sonra konfransda filialın Tarix müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nurtəkin Məmmədova Zərifə xanım Əliyevaya həsr etdiyi şeiri səsləndirmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?