ADPU Quba filialında professor Məmməd Əliyevlə görüş keçirilib

16.07.2021
ADPU Quba filialında professor Məmməd Əliyevlə görüş keçirilib

ADPU Quba filialının akt zalında filialın yaradılmasının 30 illiyi münasibətilə keçmiş direktoru professor Məmməd Əliyevlə görüş keçirilib. Görüşdə ali təhsil müəssisəsinin direktoru dosent Yusif Alıyev, keçmiş məzunları, kollektiv üzvləri iştirak ediblər. Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə keçirilən tədbir müxtəlif şeirlərin səsləndirilməsi ilə başlanıb. Aysel Şeydayeva bildirib ki, Məmməd Əliyevin filialın 30 illik yubileyi ərəfəsində təşrif buyurması təsadüfi deyil. Bu, həm də ali təhsil müəssisəsinin tarixini yaşatmaq, onun yaradıcısını yad etmək deməkdir.

ADPU Quba filialının direktoru dosent Yusif Alıyev çıxışında Qubada ali təhsil müəssisəsinin 1991-ci ildə yaradılmasını vurğulayıb. Bildirib ki, bu filialın yaşamasının hansı zəhmətlər üzərindən keçməsi barədə məlumatlıdır. Y. Alıyev M. Əliyevin tələbkarlığına baxmayaraq kollektivin onu sevdiyini vurğulayıb. Vətəndaşlıq borcunu layiqincə yerinə yetirən kadrlar yetişdirdiyi üçün keçmiş direktora təşəkkür edib. Bildirib ki, quruculuq insanın qanından gələn məhfumdur. Y. Alıyev vurğulayıb ki, filial yaşadıqca tarixi də yaşayacaq. O, müstəqilliyin hələ əldə edilmədiyi dövrdə regionda ali məktəb sturukturunu yaratmağın çətinliyindən bəhs edib. Bildirib ki, M. Əliyev həm də Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olan şəxsdir. Y. Alıyev ölkənin çətin, təlatümlü, ali təhsil müəssisələrinin yaşayıb-yaşamamaq dilemması qarşısında qaldığı vaxtda filialı qura bildiyi üçün keçmiş direktora xələfi kimi minnətdarlığını bildirib. Qeyd edib ki, vaxtilə filialı bağlanma təhlükəsindən xilas etdiyi üçün M. Əliyev adını tarixə yazıb. O, 1991-ci ilin ziyalı qurucularındandır. Bütün çətinliklərə sinə gərərək etnik, dini müxtəlifliyin çox olduğu regionda yüksək səviyyəli universitet yaradaraq xalqa xidmət edib. Y. Alıyev onu da bildirib ki, hazırda Qubada ali pedaqoji təhsilin tarixi ilə bağlı kitab üzərində işləyir. Bildirib ki, bu məqsədlə 1941-ci ildə yaratmış Quba Dövlət Müəllimlər İnstitutunun tarixini araşdırır. Direktor filialın qurucusuna hazırkı göstəricilər barədə də məlumat verib. Bildirib ki, avqustun 27-i ali təhsil müəssisəsinə rəhbərlik etməsinin 2 ili tamam olacaq. Bu ildən isə filialda ixtisasların sayı 6-dan 9-a qaldırılıb.  Bölgənin sosial yönümlü ixtisaslara tələbatı nəzərə alınaraq “Sosial iş” ixtisası yaradılıb. Tələbə qəbulu planı 240-dan 295-ə qaldırılıb. Gələcəkdə Kimya, Biologiya, Fizika üzrə yeni ixtisaslar açılması, STEM layihələri üzrə təhsilə başlanması planlaşdırılır. Bu il ikisi əməkdaşımız olmaqla 18 nəfər magistraturaya daxil olub. Yaxın gələcəkdə filialda magistratura şöbəsinin yaradılması təşəbbüsü irəli sürülüb. Qeyd edib ki, Doktorant və Gənc Tədqiqatçılar Şurasının əsası qoyulub. Burada 19 doktorant fəaliyyətini davam etdirir. Tələbələrin asudə vaxtlarının təşkili məqsədilə klublar yaradılıb, vətənpərvərlik ideologiyası istiqamətində 15-ə yaxın kurs fəaliyyət göstərir. Gələcəkdə Filialın müstəqil universitet adını alması məsələsi qarşıya qoyulub. Y. Alıyev ADPU Quba filialının dünya çərçivəsində tanıdılması istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, filial onlayn beynəlxalq elmi konfrans keçirərək dünyanın 6 ölkəsinin 11 universitetini bir araya gətirib. Yaponiya səfirliyi filialın imkanları ilə maraqlanıb. Türkiyənin Qazi universiteti ilə əlaqələr qurularaq tədris, kadr hazırlığı istiqamətində işlər görülməsi planlaşdırılır. Polşanın Poznan universiteti ilə “Erasmus+” mübadilə proqramına qoşulub. Mübadilə proqramı çərçivəsində 3 müəllim və 5 tələbənin əcnəbi ölkədə təhsil almasının təşkili məsələləri müzakirə olunur. Türkiyənin Qars Qafqaz Universiteti ilə ikili diplom proqramı üzərində işlər davam edir. Filiala qəbul olunmuş əksər tələbələrin bal göstəriciləri isə 500-dən yuxarıdır. İxtisas seçimi zamanı birinci yerdə Quba filialını yazmaq ənənə halını alıb. Filialda tədris göstəricilərinə görə fərqlənən tələbələr üçün adlı təqaüdlər nəzərdə tutulub. Y. Alıyev qeyd edib ki, nə yaxşı ki, 1991-ci ildə M. Əliyev kimi ziyalılar olub və universitet ayaqda durmağı bacarıb.
Direktor dosent Yusif Alıyev filialın yaradıcılarından olan professor Məmməd Əliyevi Elmi Şuranın qərarı ilə kollektiv adından 30 illik yubiley münasibətilə, uzun müddətli və mühüm fəaliyyətinə görə, Fəxri diplomla təltif edib.

Sonra çıxış edən Filialın Pedaqoji fakültəsinin dekanı Qələmşah İdrisov bildirib ki, iki rəhbər qarşısında çıxış etməyin məsuliyyətini hiss edir. O, M. Əliyevin filialdakı kadrlarının üzərində haqqının çox olduğunu vurğulayıb. Keçmiş direktorla bağlı xatirələrini bölüşüb. Bildirib ki, elmi dərəcə almasında M. Əliyevin dəstəyi, rolu müstəsna olub.

Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nurbala Süleymanov filialdakı quruculuq haqqını, dəyərini verdiyi üçün Yusif Alıyevə təşəkkürünü bildirib. M. Əliyevin gəlişini valideynin uzun müddət sonra övladına təhvil verdiyi evə qayıdışına bənzədib. Bildirib ki, Əliyev filialın inkişafından məmnundur. İnnovativ yeniliklər göz qabağındadır. O, M. Əliyevin alimlik fəaliyyətindən söz açıb. Onunla bağlı xatirələrini bölüşüb. Bölgə üçün kadr potensialının hazırlanmasında rolunu vurğulayıb. Şəxsi xüsusiyyətlərinə toxunub.  M. Əliyevin Rusiya universitətlərindən birinin verdiyi professor adından 1990-ci il hadisələrindən sonra imtina etdiyini xatırladıb. Məhz prinsipiallıq, işgüzarlıq nəticəsində filialı ayaqda saxlaya bildiyini qeyd edib. Estafedin əmin əllərdə olduğunu söyləyib.

Filialın 2007-ci il məzunu Məhərrəm Bədəlov çıxışına Ümummilli liderin xatirəsi ilə başlayıb. Bildirib ki, universitet məhz M. Əliyevin fəaliyyəti ilə ayaqda qalıb. Şimalda ali təhsil müəssisəsinin mövcudluğu isə qızların təhsilə cəlbində önəmli rol oynayıb. Filialdakı inkişafdan məmnun olduğunu bildirib. Yusif Alıyevə özündən öncəki rəhbərləri yad etdiyi üçün təşəkkürünü çatdırıb.

2005-ci il məzunu Abdulla Məmmədov keçmiş müəllim və tələbə yoldaşlarını bir arada gördüyündən məmnunluğunu ifadə edib. Universitetdəki inkişafın göz önündə olduğunu söyləyib. Bildirib ki, məhz ADPU Quba filialında təhsil aldığını hər kəsə m fəxrlə deyir. Bu il məzun olan övladının da məhz bu filialda təhsil almasını arzulayıb.

ADPU Quba filialının 2006-cı il məzunu Fərrux Əsgərov M. Əliyevlə bağlı xatirələrini bölüşüb. İnnovativ yeniliklərə görə direktora təşəkkürünü bildirib. Filiala gələcək həyatında bol uğurlar arzulayıb.

2005-ci il məzunu İsmayıl Məcidov M. Əliyevə can sağlığı arzulayıb. Belə ali təhsil müəssisəsinin əsasını qoyduğu üçün təşəkkürünü bildirib. Qeyd edib ki, tələbəlik illərində M. Əliyevi həm rektor, həm də müəllim olaraq tanıyıb. Tələbkar olmasına baxmayaraq, tələbələrə xüsusi qayğısını diqqətə çatdırıb. Universitet yaradıcısını qiymətləndirdiyi üçün Yusif Alıyevə təşəkkürünü bildirib. Filialın 50-60 illik yubiley tədbirlərində görüşməyi arzulayıb.

Tələbə və tədrisin təşkili şöbəsinin müdiri Mələk Bağırova tədbir boyu xatirələrdən çox kövrəldiyini deyib. Bildirib ki, M. Əliyevin onun üzərində haqqı çoxdur. Bu kürsüdən çıxış etməsinin səbəbkarı da elə odur. M. Əliyevə can sağlığı arzulayıb.

Filialın baş mühasibi Mahirə Malıyeva da bütün xoş sözlərə qoşularaq keçmiş direktora uzun ömür, can sağlığı arzulayıb.

Professor Adil Əmirov çıxışında kollektivin səmimiyyətini vurğulayıb. Filiala müvəffəqiyyətlər və müstəqil universitet olmağı arzulayıb.

Filialın müəllimi Əmirağa Şıxəmmədov M. Əliyevi təhsilə verdiyi töhfəyə görə, tarixi şəxsiyyət adlandırıb. Onunla xatirələrini bölüşüb. Universitetin yaradılması zamanı yaşanan çətinlikləri yada salıb.

Filialın 2011-ci il məzunu Vasif Səlimov da xoş sözlərə qoşulub. Filialla çalışdığı orta məktəb arasında əlaqənin yaradılması ideyasını irəli sürüb. Filial kollektivini fəaliyyət göstərdiyi məktəbə qonaq kimi dəvət edib.

Ədəbiyyat və dillər kafedrasının müəllimi Vüqar Teymurxanlı bu gün münasibətilə hər kəsi təbrik edib. M. Əliyevi maarifçilik hərəkatının avanqardı adlandırıb.  Bildirib ki, o, ədəbiyyatşünaslıqda adı tarixə düşəcək 2-3 nəfərdən biridir. Bölgədə ali təhsilin əsasının qoyulmasında rolunu vurğulayıb. Bölgədə ali təhsil ocağının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Respublika deyil, beynəlxalq arenada tanınmış ali təhsil ocağınq görə hər iki direktora təşəkkürünü bildirib.

Filialın yaradıcısı professor Məmməd Əliyev vaxtilə bir araya topladığı kollektivi yenidən görməkdən şad olduğunu, filialda ciddi dəyişikliklərlə rastlaşdığını bildirib. Filialın yaradılması tarixindən danışıb. Filialın öncə Şuşada açılmalı olduğunu, lakin dilbər guşənin başını qara buludlar aldığı üçün məkanın Qubaya dəyişdiyini bildirib. Xatırladıb ki, filialın əsasını qoyarkən böyük çətinliklərlə üzləşib. Hətta ali təhsil müəssisəsinin yaradılmasına qarşı mitinq təşkil edənlər də olub. Tədrisə yeni başlayarkən kadr potensialının bərbad vəziyyətdə olduğunu, filialın Bakıdan gələn müəllimlər hesabına ayaqda qaldığını xatırladıb. Maliyyə mənbəsi olmadığı, təlatümlü dövrə düşdüyü üçün çətinliklərin daha da artdığını qeyd edib. Qazax ziyalılarının Qubadakı xoşməramlı missiyasından bəhs edib. Filialı yaradarkən hansı çətinliklərlə üzləşməsi, ağır əmək şəraitində çalışması, kadr yoxluğunun öhdəsindən gəlməsinin xatırladıb. 14 il Təhsil Nazirliyində işlədiyi üçün universitetin inkişafında elmi işlərin roluna bələd olduğunu, elmi kadrların sayını artırdığını söyləyib. Universitetin kitabla təminatı məsələsinə toxunub. Lenin və Stalinin kitablarının yandırılması, keçmiş struktur, “Təhsil müəssisələrinin əmlakının toxunulmazlığı” haqqında sərəncamı əsas gətirərək filial ərazisini yad müdaxilələrdən qoruması kimi məsələlərə toxunub. Universitetin bağlanması, yerində orta məktəb yaradılması təhlükəsini necə aradan qaldırdığını, bu işdə ulu öndər H. Əliyevin rolunu qeyd edib. Bildirib ki, filialdan ayrılandan sonra da elmi işlərini davam etdirir. Həmin vaxtdan etibarən 5-6 kitab, 60-dan çox elmi məqaləsi çap edilib. AMEA-da Türk xalqları şöbəsinin müdiri kimi çalışır.
O, bundan sonra da daim Quba filialı ilə sıx əlaqədə olacağını qeyd edib.

Filialın direktoru Yusif Alıyev belə tədbir üçün kollektivə təşəkkürünü bildirib. M. Əliyevi sağlığında dəyərini almış, ölməzliyi qazanmış insan adlandırıb. M Əliyevin ustad dərslərinə dəvət edilməsi məsələsini gündəmə gətirib.  Ona sağlam ömür arzulayıb. Universitetin yüz il sonra da sorağının yüksəkdən gəlməsini arzulayıb. M. Əliyevin yaratdığı ənəni davam etdirməkdən məmnun olduğunu bildirib. Təklifi qəbul edərək filialın 30 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirlərdə iştirakı üçün M. Əliyevə təşəkkürünü ifadə edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?