ADPU Quba filialında Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

17.02.2022
ADPU Quba filialında Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Pedaqoji (istehsalat) təcrübənin təşkili üzrə təqdimat keçirilmişdir.

Tədris şöbəsinin müdiri Mələk Bağırova  təqdimatın moderatorluğunu edərək, tədbiri açıq elan etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra söz ADPU – nun Quba filialının direktoru, dosent Yusif Alıyevə verilmişdir. Y. Alıyev bugünkü təqdimatda iştirak edən bütün professor-müəllim heyətini, eyni zamanda bugünün əsas iştirakçıları olan təcrübəçi tələbələri salamlamışdır.

Y. Alıyev: Hörmətli müəllimlər, dəyərli tələbələrimiz. Bugün ADPU-nun Quba filialında çox maraqlı, əlamətdar, tarixi bir gündə yığışmışıq. Son tədris ilində olan tələbələrimiz artıq pedaqoji təcrübəyə başlayırlar. Bildiyiniz kimi son iki il ərzində baş verən pandemiya şəraiti ilə əlaqədar olaraq biz tələbələrimizi praktik təcrübəyə göndərə bilmirdik. Artıq ötən ildən tədrisin əyani formaya keçməsi ilə hər şey əvvəlki qaydasına qayıtmağa başlamışdır. Əziz tələbələr, pedaqoji təcrübədə tədris müddətində qazandığınız biliklər sizlər üçün münbit şərait yaradacaqdır. Mənim sizlərdən xahişim odur ki, pedaqoji təcrübə zamanı getdiyiniz məktəbdə ADPU-nun Quba filialının adını daha da layiqincə ucaltmağa çalışın. Artıq sizlər auditoriyada parta arxasında oturan tələbələr deyil, şagirdlər qarşısında dayanıb öz bilik, bacarıq və vərdişlərini onlara aşılayan müəllimlərsiniz. O müəllimlər ki, bugün sizin aranızda sabah bizimlə çiyin-çiyinə işləyəcək əməkdaşlarımız olacaqdır. Mən sizlərin hər birinə uğurlar arzu edirəm.

Daha sonra öz sözlərinə davam edən direktor onlara öz tələbəlik və pedaqoji xatirələrindən danışaraq, tələbələrə motivasiya xarakterli dəyərli məsləhətlər vermişdir. Ətraflı, dolğun xoş sözlərə görə M.Bağırova dos.Y.Alıyevə öz təşəkkürünü bildirib, tələbələrin etik, nizam-intizam qaydaları ilə bağlı daha ətraflı məlumat verməsi üçün sözü ADPU-nun Quba filialının sosial və humanitar məsələlər Üzrə direktor müavini Aysel Şeydayevaya vermişdir.  Oda öz növbəsində bütün dəyərli konfrans iştirakçılarını salamlamış, həm gələcəyin müəllimləri olacaq tələbələrimizə, həm də onlara yol göstərəcək pedaqoji rəhbərlərə uğurlar arzu etmişdir. Müəllimliyin  çox şərəfli və məsuliyyətli bir peşə olduğunu vurğulayaraq, tələbələrə etik davranış qaydaları ilə bağlı fikirlər bildirmişdir.

Ardınca ADPU-nun Quba filialının Pedaqoji fakültə dekanı f.f.d.Qələmşah İdrisov bildirmişdir ki, tələbələrin ali məktəblərdə aldığı nəzəri biliyinin əsasını pedaqoji təcrübə təşkil edir. Hal-hazırda 179 nəfər tələbəmizin bu təcrübədə iştirak edəcəyini deyərək, qeyd etmişdir ki,  təkcə savad və meyarla kifayətlənmir müəllimlik, eyni zamanda pedaqoji təcrübə lazımdır. Dahi Azərbaycan şairi Səməd Vurğunun dediyi kimi müəllimlik incəsənətdir.

Konfransın sonrakı dəqiqələrində Məzunlarla iş və pedaqoji təcrübə üzrə rəhbər Şəhla Mədətova çıxış edərək qeyd etmişdir ki, tələbələrin təcrübə proqramının təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə”yə əsasən təşkil olunub. İxtisasın dövlət standartına daxil olan fənlər üzrə lazımi kreditləri toplayaraq, sonuncu semestrə çatmış, xüsusi ilə ixtisas fənninin tədrisi metodikası, pedaqogika və psixologiya fənlərindən akademik borcu olmayan hər bir tələbəmizin pedaqoji təcrübədə iştirak hüququnun olduğunu bildirmişdir. Əlavə olaraq tələbələrin təcrübə müddəti, bu müddət ərzində riayət etməli olduqları qaydalar, təcrübə yerləri və bir çox məsələyə də aydınlıq gətirmiş, yaranan bəzi anlaşılmayan hissələr ilə də bağlı iştirakçıların suallarını dolğun cavablandırmışdır.

Sonda pedaqoji təcrübə üzrə metodist rəhbərlər- Eyvaz Şeydayev, Xudyar Daşdəmirov, Elbrus Əhmədov, Bəyim Həsənova çıxış edərək, tələbələrə diqqət yetirməli olduqları hissələr ilə bağlı öz dəyərli təcrübələrini bölüşmüş, birlikdə yol alacaqları müddət ərzində daim onlara köməkliyin göstəriləcəyini bildirmişlər.

Qeyd edək ki, ADPU-nun Quba filialında 2021-2022 tədris ilinin son semestrində təhsil alan tələbələr üçün təşkil olunan pedaqoji təcrübənin 16 fevral tarixindən başlayaraq, 14 həftə müddətində baş verməsi planlaşdırılıb.

     

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?