ADPU Quba filialında “Narkomaniyaya yox deyək” devizi altında tədbir həyata keçirilib

15.03.2024
ADPU Quba  filialında “Narkomaniyaya yox deyək” devizi altında tədbir həyata  keçirilib

Quba Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Yusif Alıyev açaraq qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. Direktor çıxışında Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev başda olmaqla Qubada xidmət aparan bütün polis kollektivinin bu istiqamətdə gördüyü sistemli işlərin rayon ictimaiyyəti və gənclər tərəfindən alqışlandığını diqqətə çatdırdı. Həmçinin bununla da bir ziyalı olaraq qürur duyduğunu vurğuladı. Eyni zamanda, polis polkovniki Mehman Əliyevə gənclərin maarifləndirilməsi tədbirində şəxsən iştirakına görə xüsusi təşəkkür və minnətdarlığını bildirdi.

Sonra çıxış üçün söz Quba Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Mehman Əliyevə təqdim edildi. Polkovnik Mehman Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq, polisin dövlətçilik yönündə gördüyü işlərdən danışdı. Son illər narkotik maddələrə və narkomanlığa qarşı həyata keçirilən preventik tədbirlər sayəsində bu yöndə ciddi irəliləyişlərin olduğunu söylədi. Daha sonra polis polkovniki Mehman Əliyev gəncləri Azərbaycanın işıqlı gələcəyi naminə qoruyan Azərbaycan polisinin Quba rayonunda da apardığı böyük və məqsədyönlü fəaliyyətdən ətraflı bəhs etdi, bu istiqamətdə qazanılan uğurları sadaladı. Qeyd etdi ki, Azərbaycanın gələcəyi olan gənclər hər sahədə olduğu kimi narkomaniyaya və erkən nigaha qarşı mübarizədə daha aktiv olmalıdırlar.

Sonda isə filialda bu cür tədbirin təşkilatçılığına, həmçinin sistemli və nizamlı idarəetməyə görə dos.Y.Alıyevə təşəkkür etdi, filial kollektivi üçün belə rəhbərin olmasının böyük bir fürsət olduğunu vurğuladı.

Daha sonra çıxış üçün söz Quba rayon Poliş şöbəsinin rəis müavini polis polkovniki Vüsal Rüstəmova verildi. Olduqca geniş, məzmunlu və maarifləndirici çıxışında polkovnik Vüsal Rüstəmov narkotik vasitələr, psixotrop maddələrin növləri, onların insan həyatına, insan sağlamlığına vurduğu zərəri açıqladı.Vüsal Rüstəmov eyni zamanda qeyd etdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər kəs səfərbər olmalıdır və polisə dəstək olmalıdır. Təəssüf hissi ilə bildirdi ki, son zamanlar “patı”, “şüşə” adı ilə məşhur olan metafetaminin qadınlar arasında da istifadəsi halları çoxalmışdır. Sonda isə Vüsal Rüstəmov bütün bu vəziyyətlərdən çıxış yolu kimi maarifləndirmə tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğuladı.

Sonda tədbir iştirakçılarının sualları dinlənilmiş və gənclərin sualları polis rəisi polkovnik Mehman Əliyev tərəfindən cavablandırılmış, tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?