ADPU Quba filialında 31 Mart soyqırımına həsr olunan konfrans keçirildi

ADPU Quba filialında 31 Mart soyqırımına həsr olunan konfrans keçirildi

Bu gün ADPU Quba filialında 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib. Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir saat 15:00-da Zoom platforması üzərindən baş tutub. Filialın müəllim və tələbə kollektivinin iştirakı ilə təşkil edilən konfrans Quba soyqırımı memorial kompleksinə aid videoçarxın nümayişi ilə başlanıb. Daha sonra soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri filialın direktoru Yusif Alıyev giriş sözü ilə açıq elan edib. Y. Alıyev bildirib ki, 1918-ci ildə dünyanın siyasi coğrafiyasında böyük dəyişikliklər baş verib. Direktor çıxışında soyqırımı ermənilər üçün labüd edən səbəblər, dövrün siyasi proseslərinin gedişi, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınların nəticələri barədə statistik məlumat verib. Direktor 9 gün ərzində Qubada 16 min şəxsin qətlə yetirilməsi faktını vurğulayıb. Həmçinin Şaumyan və Andranikin azərbaycanlılara qarşı törədilən soqırımında rolu barədə tarixi faktlar söylənib. Azərbaycanda azadlıq hərəkatının başlanması, SSRİ tərkibindən çıxış və s. mühüm məqamlara toxunulub. Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra da ermənilərin elan olunmamış müharibəsi ilə üzləşib. Direktor sonda bildirib ki, soyqırımı qurbanlarının ruhu şaddır. Çünki Azərbaycan Ordusu dünyaya öz gücünü göstərib və torpaqlarımızı işğaldan azad edib. Gələcəkdə tarixi Azərbaycan torpaqları olan Göyçə və İrəvana qayıdış arzusu da səsləndirilib.

Daha sonra filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın aparıcılığı ilə keçirilən tədbirdə birinci kurs tələbəsi Səma Asəfovanın hazırladığı videoçarx nümayiş etdirilib.

Filialın pedaqoji və ictimai fənlər kafedrasının müdiri Elnur Nəsirov məruzəsində statistik məlumatlardan kənara çıxaraq 31 Mart soyqırımının tarixi köklərinə toxunub. Bildirib ki, tarixdə erməni məsələsi ilk dəfə Berlin konqrensi ilə siyasi terminologiyaya daxil olub. Burada müharibədən məğlub çıxmış Osmanlı qarşısında tələb qoyulub. E. Nəsirov çıxışında Berlin konqresindən başlayaraq, “Böyük Ermənistan” yaradılması məqsədi daşıyan, Osmanlı dövlətinə qarşı irəli sürülən ərazi iddialarından, bu ideologiyanı aşılayan məktəblərdən bəhs edib. Həmin dövrün siyasi və coğrafi şəraiti, soyqırımı ermənilər üçün zəruri edən səbəblərdən danışıb. E. Nəsirov həmçinin əslən Təbrizdən olan Arakel adlı keşişin kitabındakı saxta dəhşətli faktlara toxunub. Bildirib ki, normal təfəkkürə sahib insan o kitabdakı faktların yalan olduğunu anlamalıdır. Hətta kitabın müəllifin ölümündən sonra Fransa hökumətinin təşəbbüsü ilə Parisdə çap olunduğu, bunun türklərə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğu deyilib.

Filialın  Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev Alpan kəndində ermənilər tərəfindən tikkilən xəstəxana, onun xaç formasında inşası, bunun Azərbaycan torpaqlarında iz qoymaq məqsədi daşıması məsələsinə toxunub. Tarixi faktların, soyqırımı həqiqətlərinin dünayaya çatdırılması məqsədilə əcnəbi dillərin öyrənilməsinin tələbələr üçün zəruriliyini vurğulayıb.

Tədbir 31 Mart Soyqırımına həsr olunmuş və tələbələrin müxtəlif dillərdə səsləndirdikləri video ilə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?