ADPU-nun Quba filialının tələbəsi YAP Quba rayon təşkilatında keçirilən tədbirdə iştirak edib

Xocalı soyqrımının 30-cu ildönümü ilə əlaqədar YAP Quba rayon təşkilatının akt zalında ərazi partiya təşkilatlarının sədirləri,rayonun idarə müəssisə rəhbərləri və partiya fəallarının iştirakı ilə “Xocalı soyqrımı qan yaddaşımızdır “mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə alaraq hücuma keçdilər. Dinc, əliyalın əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular. Canlarını qurtarmaq üçün qaçan əhali pusquya salınaraq qətlə yetirildi və əsir götürüldü. Əhalinin qalan hissəsi qışın ən sərt vaxtında dağlarda donaraq həlak oldular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və yaşlı insanlar da olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü. Həmin dəhşətli gecədə 487 Xocalı sakini şikəst edildi ki, onlardan 76 nəfəri uşaqlar idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 56 insan xüsusi qəddarlıqla diri-diri yandırıldı, başları kəsildi, hamilə qadınların qarnına süngü vurularaq öldürüldü. Ulu öndər Heydər Əliyev hər il Xocalı soyqırımı günü dünya ictimaiyyətinə və azərbaycanlılara müraciətində bu dəhşətli cinayət barədə öz qətiyyətli mövqeyini bildirirdi. Ulu öndər Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində qeyd etmişdi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994 cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı soyqırımı XX əsrdə dünyada baş vermiş Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi, Srebrenitsa kimi insanlığa qarşı törədilmiş dəhşətli faciələrlə bir sırada dayanır. Prezident Cənab İlham Əliyevin apardığı düşünülmüş müdrik və davamlı xarici siyasəti nəticəsində bir sıra dövlətlər tərəfindən Xocalı soyqırımı tanınmış və siyasi qiymət verilmişdir. Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan xarici analitik agentliyinə Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini etiraf etmişdir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisası alındı.
Tədbirdə çıxış edən şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi Anar Murtuzov erməni cəllardlarının və onların havadarları olan rusiyanın 366 cı motoatıcı alayının birbaşa iştirakı ilə xocalıda azərbaycanlıların başına gətirilən dəhşətli hadisələrdən ətraflı danışaraq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş müdrik və davamlı xarici siyasəti nəticəsində bir sıra dövlətlər tərəfindən Xocalı soyqırımı tanınmış və siyasi qiymət verilmişdir. Bu soyqrım aktı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. ABŞ-ın 30-dan çox ştatlarının parlamentləri səviyyəsində Xocalı soyqırımı tanınıb.
Quba Dövlət Sosial – İqtisad Kollecinin Hərbi səfərbərlik üzrə mütəxəssisi Məhəmməd Abbasov tədbirdə çıxış edərək bildirdi ki, Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır. Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.
Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Ən əsası sübut etdik ki, bir qarış torpağımızı belə düşmənə vermərik.
Azərbaycan Dövlət Pedaqojı Universitetin Quba filialının II kurs tələbəsi Cəvahir Qocayeva tədbirdə cıxış edərək bildirdi ki,Azərbaycanın tarixində şanlı qələbələrlə yanaşı, hüznlü günləri də az deyil. Tariximizə faciə kimi daxil olan bu günlər kiçikdən böyüyə hər birimizin ürəyində dərin yaralar açıb desək, yanılmarıq. Xalqımızın başına gətirilən belə müsibətlərdən biri də yaxın tariximizə soyqırımı kimi daxil olmuş Xocalı faciəsidir. Erməni qəsbkarlarının Xocalıda əliyalın insanlara qarşı törətdikləri vəhşiliklər əlbətdə ki, faciədən daha çox soyqırımdır. Xocalı soyqırımı nəinki azərbaycanlılara bütövlükdə bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımdır.
Biz Azərbaycan gəncləri olaraq erməni vandallarının bu antiinsani əməllərini heç vaxt unutmamalı, soyqırımı qurbanlarının xatirəsini daim uca tutmalıyıq. Bu, bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Tədbirin sonunda YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bir daha bildirdi ki, Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək, ən əsası tariximizi unutmamaq üçün əhəmiyyətlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.