ADPU-nun Quba filialında “Dilimiz birliyimizdir” adlı tədbir keçirilib

20.02.2023
ADPU-nun Quba filialında “Dilimiz birliyimizdir” adlı tədbir keçirilib
Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi tərəfindən 18 fevral 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Dilimiz birliyimizdir” adlı tədbir keçirilib.
21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirin məqsədi Quba – Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimlərini bir araya toplamaq, dilimizi qorumağın zəruriliyi haqqında söhbət aparmaq idi.
Tədbirdən əvvəl Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri Gülgün Rzayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev və birliyin idarə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Quba şəhərində ucalan abidəsini ziyarət edib önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi, Vətən uğrunda canından keçən şəhidlərimizin, Siyəzəndə baş vermiş yol qəzasında həyatını itirən müəllimlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
GADƏMB-in sədri Gülgün Rzayeva tədbirdə çıxış edərək müəllimləri və qonaqları 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edib. Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi, onun məqsədi, qarşıda duran istiqamətlər, dilimizin keşiyində duran müəllimlərin birləşməsinin vacibliyindən bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev qonaqları və müəllimləri salamlayaraq son zamanlar dilimizdə baş verən dəyişiklər, ədəbi normaların tez-tez pozulması hallarının artması, bunun qarşısının alınmasının zəruriliyini, birliyin bu istiqamətdə müəyyən addımlar atmasını qeyd edib.
Tədbirdə ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev “Ana dilimizi birgə qoruyaq”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə “Ünsiyyət”, Quba şəhəri 7 saylı tam orta məktəbin müəllimi İlahə Zülfüqarova “Ana dilimiz varlığımızdır” mövzusunda maraqlı və məzmunlu çıxış edib.
Tədbirin təşkil edilməsində göstərdikləri dəstəyə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına və tədbirdə iştirak edən bütün müəllimlərə təşəkkür edirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?