ADPU-nun Quba filialının kollektivi Şəhid Miqdad Abduəlimovun valideynlərini ziyarət edib

Dekabr ayının 2-də filialın əməkdaşları və tələbələri Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Miqdad Faiq oğlu Abduləlimovun valideynlərini ziyarət edib. Görüşdə filialın əməkdaşları direktor müavini p.f.d. A.Şeydayeva, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müdiri t.f.d. E.Nəsirov, KTŞ müdiri b/m P. Rzayeva, THİK sədri A.Şıxbabayeva, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini b/m N.Bayramova, Fakültənin tyutoru G.Məlikova, THİK üzrə fakültə sədri H. Nuriyeva, filialın Riyaziyyat müəllimliyi ixtisasının II tədris ili tələbələri iştirak edib.
Filialın kollektivini olduqca səmimi qarşılayan Şəhid valideynləri Faiq Abduləlimov və Tünzalə Abduləlimova əvvəlcə filialın direktoru dosent Yusif Alıyevə Şəhid ailələrinə qarşı diqqət və qayğısını əsirgəmədiyi üçün şəhid ailələri adından təşəkkürlərinin çatdırılmasını xahiş ediblər. Şəhid Miqdadın körpəliyindən, uşaq vaxtından onda hiss edilən vətənpərvərlik, cəsurluq hisslərindən, əsgər kimi qəhrəman davranışlarından, övlad kimi sağlığında və ölümündən sonra da onlara başucalığı gətirməsindən, gələcək nəsillərə örnək olacaq həyat yolundan danışıblar. Qeyd ediblər ki, Şəhid Miqdadın və həmçinin bütün Şəhidlərin yad edilməsi Şəhid ailələri üçün olduqca böyük təsəllidir.
Daha sonra çıxış edən filialın THİK sədri Aygün Şıxbavayeva gənclərin bu təşəbbüsə böyük məmnuniyyətlə qoşulduqlarını qeyd edib, vurğulayıb ki, Mübariz İbrahimovdan nümunə götürən oğullar Miqdad kimi, Rəvan kimi və digər oğullar kimi qəhrəman olub, torpaqlarımızın azadlığını bərpa etdilər, Miqdadlardan öyrənən gənc nəslin isə bu ölkəni, dövləti göz bəbəyi kimi qoruyacağından əminik.Torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsini uca tutmaq daim bizlər üçün bir həyat örnəyinə çevrilmişdir.Şəhidlərimizin vətən qarşısında gördükləri misilsiz işlərdən, qəhrəmanlıqlardan danışaraq onları böyüdən, tərbiyə edən valideynləri qarşısında hamının baş əydiklərini bildirib.
Qeyd edib ki, görüşdə iştirak edən tələbələrin tədris auditoriyası Şəhid Miqdad Faiq oğlu Abduləlimovun adınadır.
Şəhid Miqdad Faiq oğlu Abduləlimovun adına auditoriyanın açılışı 27 oktyabr 2022-ci il tarixində filialın 2 nömrəli tədris binasında olub.
Aygün Şıxbabayeva filialın direktoru dosent Y.Alıyev tərəfindən Şəhidin anası, VƏTƏN NAMİNƏ İB sədri Tünzalə Abduəlimovaya ünvanlanan Təşəkkür məktubunu səsləndirib, tələbələr adından simvolik hədiyyəni təqdim edib.
Görüş zamanı filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan müavini b/m Nübar Bayramova dəfələrlə Şəhid ailələrinə edilən ziyarətlərdən bəhs edib, bu sahədə icra olunan layihələri diqqətə çatdırlb, bildirib ki, həqiqətən də Şəhidlər ölməzdir.
Sonda Miqdad Abduəlimovun otağında xatirə şəkli çəkdirilib, Şəhidimizin adına təşkil olunmuş ehsan süfrəsi ətrafında söhbət edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!