ADPU-nun Quba filialının kollektivi Qusar rayonunun Xürəl kəndindən olan Şəhid Şıxəliyev Ənvər Vadimoviçin anım günündə iştirak edib

1 noyabr 2022-ci il tarixdə Qusar rayonu Xürəl kəndində şəhid Şixəliyev Ənvər Vadimoviçin həlak olmasının ikinci ildönümü qeyd olunub. İldönümü mərasimində ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, filialın professor-müəllim heyəti, struktur rəhbərləri iştirak etmişdir. Şəhidin ailəsi ziyarət olunmuş, Şəhidin valideynlərinin Ənvər Şıxəliyev haqqında, onun uşaqlığı, təhsili, döyüş yolu haqqında xatirələri dinlənilmişdir. Görüş zamanı çıxış edən dosent Yusif Alıyev və baş müəllim Eyvaz Şeydayev Ənvər kimi cəsur, qorxmaz bir igid kimi böyütdüklərinə görə valideynlərə minnətdarlıqını bildirib və onların tərbiyəsini təqdir edib, bütün ziyalıların da belə vətənpərvər oğullar ilə fəxr etdiyini, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının önəmini bildiriblər.
Sonda Şəhidin ruhuna dualar oxunmuş, belə qəhrəmanların heç zaman unudulmayacağı vurğulanmışdır.
Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ənvər Vadimoviç oğlu Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub.
Ənvər Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində savaşıb. Ənvər Şıxəliyev oktyabrın 29-da düşmən snayperindən açılan atəşlə şəhid olub. 1 noyabr 2020-ci il tarixində Qusar rayonunda dəfn olunub.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə filial rəhbərliyinə və kollektivə minnətdarlığını ifadə etmişdir.
 Onu da qeyd edək ki, Şəhid Ənvər Şıxəliyevin bacısı Rita Şıxəliyeva filialın İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsidir.
Allah Şəhidlərimizə rəhmət etsin.