ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”un strukturu haqqında elmi araşdırmaları “AZƏRBAYCAN QORQUDŞÜNASLIĞI” kitabında çap olunmuşdur

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının professoru Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”un strukturu haqqında elmi araşdırmaları  “AZƏRBAYCAN QORQUDŞÜNASLIĞI”  kitabında çap olunmuşdur

Həmin elmi məqaləni sizlərə təqdim edir, hörmətli professorumuz Ramazan Qafarlını səmimqəlbdən təbrik edir, yorulmaz elmi fəaliyyətində uğurlar arzu edirik. AMEA-nın Folklor İnstitunun “Dədə Qorqud” şöbəsinin hazırladığı “Azərbaycan qorqudşünaslığı” elmi araşdırmalar toplusu çap olunmuşdur. Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən fundamental elmi əsərlər toplusuna XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə, Məmməd Əmin Rəsulzadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında – yeni dövrdə elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Tofiq Hacıyev, İsa Həbibbəyli, Kamal Abdullayev, Bəkir Nəbiyev, Nizami Cəfərov, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı kimi araşdırıcıların elmi əsərlərinə yer ayrılmışdır. Tərtibçi və ön söz müəllifi filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı, elmi redaktoru akademik Muxtar Kazımoğlu – İmanovdur.
“Azərbaycan qorqudşünaslığı” kitabında aşağıdakı tədqiqatlar toplanmışdır:

1.“Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə bir nəzər (Ön sözün müəllifi Ramazan Qafarlı)

2.Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı

3.Məhəmməd Əmin Rəsulzadə. “Dədə Qorqud” dastanları

4.Əmin Abid. Əşirət dövründəki Azərbaycan ədəbiyyatina aid vəsiqələr

5.Həmid Arasli. “Kitabi-Dədə Qorqud” haqqında

6.Əli Sultanlı. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları

7.Məmmədhüseyn Təhmasib. “Dədə Qorqud” boyları haqqında (I və II məqalələr)

8.Əzəl Dəmirçizadə. Sinonimlər müvaziliyi haqqında

9.Mirzə Bala Məmmədzadə. “Dədə Qorqud”

10. Əməd Cəfəroğlu. Dədəm Qorqud hekayələrinin antroponim quruluşu

11.Fərhad Zeynalov, Samət Əlizadə. Tükәnmәz xәzinә

12.Xaliq Koroğlu. “Qorqud kitabı”nda oğuz keçmişi

13.Ağamusa Axundov. “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin qədim abidəsi kimi

14. Bəkir Nəbiyev. Əxlaqi və estetik məziyyətlər xəzinəsi

15.Tofiq Haciyev. “Dədə Qorqud kitabı”: olan və olmayan boylar

16.Yaşar Qarayev. Bütün xalqların və dövrlərin kitabi

17.Kamal Abdullayev. “Kitabi-Dədə Qorqud”da mifoloji anavariantlar (arxetiplər) sistemi

18.İsa Həbibbəyli. Qorqudşünasliq elminin genişlənən imkanları

19.Nizami Cəfərov. Xanım, hey!

20.Şamil Cəmşidov. “Kitabi-Dədə Qorqud”da coğrafi mühit

21.Ramazan Qafarlı. “Kitabi-Dədə Qorqud”un strukturu

“KİTABİ-DƏDƏ QORQUD” EPOSUNUN ARAŞDIRILMASI TARİXİNƏ BİR NƏZƏR

Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos ənənəsinin mövcudluğu, xüsusilə xalq dastanlarının qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, mədəniyyətin sonrakı dövr nümunələrində həmin mənəvi sərvətin izlərinin qorunub saxlanması hesab olunur. Bu mənada türk epos ənənəsinin və epik düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyi, yeri müəyyənləşdirmək üçün Yer kürəsində yaşayan xalqların epos və eposdan törəyən yazılı abidələrinin 3 min illik zaman xətti üzrə tarixi xronikasına nəzər salmaq kifayətdir. Tədqiqatçılar şumerlərin “Bilqamış”, hindlilərin “Mahab-harata”, “Ramayana”, yunanların “İliada”, “Odisseya”, midiyalıların “Avesta”, farsların “Şahnamə”, oğuz türklərinin “Xəmsə”, “Oğuz kağan” “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, qırğızların “Manas”, özbəklərin “Alpamış”, ingilis-saksonların “Beovulf”, britaniyalıların “Robin Qud”, fin-uqorların “Kalevala”, slavyanların “İqor polku haqqında dastan” kimi yazılı epos və ədəbi abidələri daxil olmaqla dünya mədəniyyəti xəzinəsində 110 əsər müəyyən etmişlər. Eramızın ikinci minilliyində türklərin bir-birinin ardınca qüdrətli imperiyalar yaratması, Avrasiyanın yarısını idarə etməsi, əvvəl səlcuqların, sonra isə osmanlıların səlib (xaç) yürüşlərinin Şərqə doğru sürətli irəliləyişlərinin qarşısını alması Avropada türk qorxusu yaratmış və onları vəhşi, mədəniyyətsiz xalq kimi tədqim etmək ənənəsi formalaşmışdı. Lakin epos və yazılı abidələrin zaman paradiqmasına diqqət yetirəndə tamamilə başqa mənzərənin şahidi oluruq. 110 yazılı epos və xalq yaradıcılığından törəyən ədəbi yazılı abidələr içərisində 18 möhtəşəm əsər türk epik təfəkkürünün məhsuludur. Bir cəhət maraqlıdır: “İliada” və “Odisseya” Yunanıstan, “Beovulf” və “Robin Qud” isə Britaniya adasının sərhədlərindən kənara çıxma¬mışdır. Türkün isə təkcə “Koroğlu”sunu xatırlamaq kifayətdir ki, Bessarabi¬yadan, Moldovadan başlamış, Çinə, Ərəbistana qədər istər müsəlman, istərsə də onlarla xristıan, bütpərəst xalq arasında, gündoğandan günbatana qədər uzanan ayrı-ayrı ölkələrdə yayılmışdır. Təsadüfi deyil ki, ötən əsrin 40-cı illərində məhz Türkün yaratdığı “Kitabi-Dədə Qorqud” eposunun qüdrəti Mikoyan, Stalin kimiləri qorxutmuş və bu əsər repressiya qurbanları sırasına daxil edilmişdi. Azərbaycanın görkəmli filosofu Heydər Hüseynov həm də “19-cu əsr Azərbaycan fəlsəfi fikri”nin qaynağı kimi “Dədə Qorqud”dan bəhs açdığına görə məhv edilmiş, türkmən alimi, “Koroğlu” eposunun böyük tədqiqatçısı akademik Bəymühəmməd Karrıyev isə “Dədə Qorqud”u təbliğ etdiyinə görə 10 il həbs cəzasına məhkum edilmişdi. Ancaq dünya xalqlarının heç bir qədim yazılı epik əsərində “Kitabi-Dədə Qorqud”da qoyulduğu şəkildə humanizm, vətənpərvərlik, ailə-əxlaq məsələlərinə yer verilməmişdir. Təkcə bu gün dün¬yanın hər yerində aktual olan gender probleminin “Kitab”dakı qoyuluşunu xatırlamaq kifayətdir. Qadın ailədə kişilərlə eyni hüquqdadır, hətta bəzi mə¬qam-larda onlardan tədbirli olmasına, mərdliyinə, dəyanətinə, sevgidə sadiq¬liyinə görə üstün göstərilir.

«Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. Xatırladaq ki, «Kitabi-Dədə Qorqud» haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer vermişdir. Lakin “Kitabi-Dədə Qorqud” dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanmışdır. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olmuşdur. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar etmiş, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək “Odissey”in nağıl səciyyəli təkgözlü Siklopun – Polifemin kor edilməsi süjetinin yeni variantı kimi nəşr etdirmişdir. 1857-ci ildə Almaniyada Vilhelm Qrimm də bu boyu özünün nəşr etdirdiyi “Dünya Təpəgözləri” müntəxəbatına daxil edir. 1859-cu ildə görkəmli alman şərqşünası Teodor Nyoldeke Drezden nüsxəsinin surətini çıxarıb bəzi hissələri tərcümə edərək çap etdirmək istəyir. Lakin o, bu işi başa çatdıra bilməyib topladığı materialları o vaxt Almaniyada təhsil alan V.V.Bartolda (1892) verir. “Kitabi-Dədə Qorqud” dastanının müqəddimə və 6 boydan ibarət yeni nüsxəsini 1952-ci ildə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir. Dastan rus tədqiqatçılarının da diqqətini cəlb etmişdir. Şərqşünas alim V.V.Bartold hələ universitet tələbəsi ikən “Kitabi-Dədə Qorqud” üzərində tədqiqat aparmağa başlayır. O, əvvəlcə dastanların dörd boyunu rus dilinə tərcümə edərək kiçik bir şərhlə nəşr etdirir. 1922-ci ildə bütün boyları rus dilinə tərcümə edib çapa hazırlayır. Lakin onun sağlığında dastan işıq üzü görmür. Əsəri Azərbaycan alimlərindən H.Araslı və M.H.Təhmasib 1950-ci ildə Bakıda nəşr etdirirlər. V.V.Bartoldla eyni zamanda Türkmənistanda yazıb-yaradan rus alimlərindən A.Q.Tumanski və K.A.İnostransevin də bilavasitə “Kitabi-Dədə Qorqud”la əlaqədar məqalələri nəşr edilir. V.V.Bartoldun “Dədə Qorqud” dastanları üzərində apardığı tədqiqat işini onun ölümündən sonra rus türkoloqlarından V.V.Jirmunski və A.N.Kononov davam etdirirlər. 1962-ci ildə onların tərtibatı ilə “Kitabi-Dədə Qorqud” dastanı V.V.Bartoldun ruscaya tərcüməsi əsasında yenidən nəşr edilir. Bu nəşrdə mətndən əlavə, V.Bartoldun, A.J.Yakubovskinin və V.M.Jirmunskinin məqalələri də çap olunmuşdur. Görülən işlərin məzmununa və əhatə dairəsinə görə bu dövrü dörd mərhələyə bölmək mümkündür:

İlk mərhələ kimi 1815-1916-cı illər arasındakı bir əsrlik dövrü götürmək olar. Çünki dastanın elm aləmində tanındığı vaxtdan ilk tam nəşrinədək görülən işlərin xarakteri, demək olar ki, eynidir. Böyük alman şərqşünası Fridrix Fon Dits ömrünün sonuna iki il qalmış Drezden Kral kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanını aşkar etmiş, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirib “Yeni aşkar edilmiş Oğuz Təpəgözü Homerin Siklopu ilə müqayisədə” adlı ön söz yazaraq Berlində kitab şəklində çap etdirmişdir . Ehtimal ki, Fridrix Fon Dits mətnin üzünü köçürüb Berlinə gətir-mişdir. Doğrudan da, Berlin Milli kitabxanasında əsərin XIX əsrin əvvəllərində yazılmış bir əlyazmasına təsadüf edilir.

Sual ortaya çıxır: nə üçün 12 boydan daha çox «Təpəgöz» boyu alman aliminin diqqətini özünə cəlb etmişdir? Çünki həmin dövrdə onun vətənində yunan miflərinə böyük maraq vardı. Əsatirçilər nəzəriyyəsinin baniləri Yakob və Vilhelm Qrimm qardaşları folklorşünaslıq elminin əsasını qoymaqla bütün mədəniyyətin bünövrəsində miflərin durduğunu irəli sürürdülər. «Təpəgöz» boyu yunan mifoloji sistemində mühüm yer tutan sikloplarla bağlı əhvalatlarla səsləşirdi. Təsadüfi deyildi ki, 1857-ci ildə Qrimm qardaşları bu boyu özlərinin tərtib etdikləri «Dünya xalqlarının təpəgözləri» müntəxəbatına salmışdılar. Beləliklə, ilk mərhələdə dastanın mətnini düzgün oxumaq, alman və rus dillərinə çevirmək təşəbbüsləri ilə yanaşı, təsvir xarakterli yazılar da nəşr edilir, Dədə Qorqud və başqa obrazların tarixdə izlərini axtarıb tapmağa səy göstərilirdı. 1859-cu ildə Venyaminov-Divayev Orenburq əyalətində Xorxut Atanın qəbrini nişan verirdi. Teodor Nyoldekenin (1836-1910) boyları tam tərcümə edə bilməyib, gördüyü işləri rusiyalı tələbəsi V.Bartolda verməsi dastanın nəşr və tədqiqi işində böyük dönüş yaratdı. Gənc alim ilk əvvəl türk eposunu tam halda rus dilinə çevirməyi qarşısına məqsəd qoyub, boyların dördünün müxtəlif məcmuələrdə işıq üzü görməsinə nail oldu.

İkinci mərhələ 1916-1952-ci illəri əhatə edir. Kilisli müəllim Rifət Türkiyədə “Kitabi-Dədə Qorqud”u 1916-cı ildə (Berlin nüsxəsindən) ərəb əlifbası ilə ilk dəfə tam şəkildə nəşr etdirmi  və bununla eposun Türkiyədə  və Azərbaycanda  araşdırılmasına şərait yaratmışdır. 1938-ci ildə O.Ş.Gökyay Drezden nüsxəsinin özünü o vaxta qədər təsadüf etdiyi bütün tədqiqat əsərlərinin xülasəsindən ibarət böyük bir müqəddimə ilə latın əlifbasında çap etdirir. Orxan Şaiq sonralar (1939, 1943-cü illərdə) dastanları müasirləşdi-rərək yeni türkcədə oxuculara çatdırır, mətnin lüğətini tərtib edir . Həmid Araslı isə 1939-cu ildə “Kitabi-Dədə Qorqud” dastanını Bakıda tərtib və nəşr etdirir . H.Araslı kitaba geniş bir müqəddimə yazır ki, bununla da bu qiymətli abidənin Azərbaycanda da geniş tədqiqi mərhələsi başlayır. “Dədə-Qorqud” dastanları üzərində səmərəli iş aparan alimlərdən biri də Məhərrəm Ergindir. O, 1958-ci ildə böyük bir tədqiqata girişlə hər iki nüsxələrin fotofaksimeleni, Drezden əlyazmasının yeni türk əlifbasına köçürülmüş bütöv mətnini, 1963-cü ildə isə elmi qrammatikasını və sözlüyünü nəşr etmişdir . Türkiyədə dastan 1973-cü ildə təkrar Orxan Şaiq tərəfindən nəşr edilmişdir. Burada alimin özünün bu abidə üzərində apardığı ayrıca tədqiqatdan əlavə, dünya türkologiyasında onun barəsində yazılmış, demək olar ki, bütün tədqiqat işləri barədə xülasə şəklində məlumat verilir və əhatəli ədəbiyyat göstərilir.
Azərbaycanda bu dastanların dili üzərində Əfzaləddin Dəmirçizadə tədqiqat işi aparmışdır. Onun 1959-cu ildə çapdan çıxan “Kitabi-Dədə Qorqud dastanlarının dili” adlı kitabının  və müxtəlif vaxtlarda yazdığı məqalələrinin bu abidənin Azərbaycan dili tarixindəki mövqeyinin aydınlaşdırılmasında mühüm rolu olmuşdur. “Dədə Qorqud” dastanlarını tədqiq edən alimlərdən biri də professor Əli Sultanlı olmuşdur. Onun 1958-59-cu illərdə beş məqalədən ibarət olan “Dədə Qorqud dastanları haqqında qeydlər”  adlı toplusu çap olunmuşdur. Bu məqalə-lərdə müəllif dastanların tədqiq tarixçəsinə nəzər salmış, Dədə Qorqudun şəxsiyyəti məsələsindən danışmış, dastanların yaranmasında, formalaşmasında fərdi və kollektiv yaradıcılıq ünsürlərinin vəhdətini göstərmişdir. Əli Sultanlı burada, ümumiyyətlə, eposun mənşəyi kimi nəzəri məsələlərə də toxunmuş, boylarda təsvir olunan qəbilə quruluşu “sistemi”ni gözdən keçirmiş, bu sistemin əsasını təşkil edən ailənin mühüm əlamətlərinin xülasəsini vermişdir.

Dastanların tədqiqi ilə məşğul olan görkəmli alimlərdən biri də Məmmədhüseyn Təhmasib olmuşdur. Onun 1961 və 1966-cı illərdə nəşr olunmuş “Dədə-Qorqud boyları haqqında” adlı məqalələri mühüm tədqiqat əsərləridir. Alimin “Azərbaycan xalq dastanları” (orta əsrlər)  adlı kitabında da “Kitabi-Dədə Qorqud”un tədqiqinə geniş yer verilmişdir. Beləliklə, dastanın orijinal mətninin ilk nəşri qüsurlu olmasına baxmayaraq, Şərq ölkələrində, Orta Asiyada, xüsusilə Türkiyə və Azərbaycanda böyük maraq oyadır. Bir-birinin ardınca sanballı tədqiqat işləri meydana çıxır. Eposun yeni nəşrləri və tərcümələri  meydana gəlir, həm də tədqiqi sahəsində  uğurlu addımlar atılır. Azərbaycanda Əmin Abid, Musaxanlı, H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib, Türkiyədə F.Köpürlüzadə, Orxan Şaiq, Suat Hezarçı, Orta Asiyada B.A.Karrıyev və Q.Zərifovun araşdırmalarında dastanın yarandığı yer və türk xalqlarından hansına məxsusluğu mübahisə obyektinə çevrilsə də, eposun yaranması, strukturu, dil və üslub xususiyyətləri barədə orijinal fikirlər də irəli sürülür. Lakin repressiya illərində “Dədə Qorqud”a da yasaq qoyulur. Bəs imperiya nökərlərinin xalqın ədəbi abidəsinə “düşmən” damğası vurub təzədən arxivlərə atmasına səbəb nə idi?
Ayrı-ayrı respublikalarda qədim eposun mətninin işıq üzü görməsi açıq-aşkar təsdiqləyirdi ki, keçmiş SSRİ məkanında yaşayan xalqlar arasında türklər ən möhtəşəmidir: zəngin ədəbiyyata və əvəzsiz mədəniyyətə malikdir. Qəribədir ki, 1951-ci ildə pantürkizmi təbliğ edən ideologiya kimi Azərbaycanda və Türkmənistanda öyrənilməsi və təbliği yasaqlanan “Kitabi-Dədə Qorqud” Azərbaycanda 1957-ci  Türkmənis-tanda isə 1980-ci ildə bəraət alıb. Üçüncü mərhələ (1952-1994) dastanın Vatikan nüsxəsinin tapılması ilə başlanır. Ettori Rossi 1952-ci ildə dastanın hər iki mətnini geniş ön sözlə birlikdə nəşr etdirir . Onun qənaətinə görə, Drezden nüsxəsi Azərbaycan türkcəsində, Vatikan nüsxəsi isə Osmanlı türkcəsində yazılmışdır, lakin nədənsə müəllif ikincinin daha qədim olması və birincinin həmin mətndən köçürülməsi haqqında əsasız və dolaşıq fikirlər söyləyir. 12 boylu Drezden əlyazmasının 6 boydan ibarət Vatikan nüsxəsindən köçürülməsi məntiqi cəhətdən ağlabatan deyil. V.Bartoldun tərcüməsinin işıq üzü görməsi (1962) ilə eposun Rusiyada, türk dünyasında və başqa ölkələrdə daha geniş yayılmasına imkan yaranmışdır. “Kitabi-Dədə Qorqud” 1962-ci ildə H.Araslı tərəfindən müqəddimə ilə yenidən nəşr olunur. 1978-ci ildə isə dastanın nisbətən təkmilləşdirilmiş şəkilli nəşri oxuculara çatdırılır. Bu nəşrlərə yazdığı giriş məqaləsində H.Araslı “Kitabi-Dədə Qorqud”a daxil olan boyların yaranması, qələmə alınması və yenidən kitabın üzünün köçürülməsi tarixlərini müəyyənləşdirməyə çalışır. Tədqiqatçı-alim dastanın, əsasən, X-XI əsr hadisələri ilə səsləşdiyini, XI-XII əsrdə qələmə alındığını, XV-XVI əsrlərdə isə üzünün köçürüldüyünü qeyd edir. Tədqiqatçının fikrincə, dastanların ilk variantı – orijinalı Azərbaycanda yazıya alınmışdır. Ə.Dəmirçizadə dastanları xalis Azərbaycan abidəsi hesab edərək onların IX-XII əsrlərdə dədələr, ozanlar tərəfindən yaradıldığını və təqribən, bu dövrdə də toplanılıb yazıya köçürüldüyünü iddia edir. Müəllifin fikrincə, bu dastanlarda XI əsrdən əvvəlki (yəni hələ Kiçik Asiyada oğuzlar olmadığı) dövrlərdəki oğuzlar təsvir olunur və bu oğuzlar Orta Asiyada deyil, məhz Qazlıq dağ, ətəklərində – Qafqazda həm də Dərbənddən şimalda yox, məhz Azərbaycanda ağban evlər, ala seyvanlı saraylar qurub yaşayan oğuzlardır . Görkəmli alim M.Təhmasibin fikrincə, dastan, təqribən, VII-VIII əsrlərdən başlayaraq müxtəlif tarixi kəsimlərdə baş vermiş hadisələrlə səsləşən tarixi əfsanə və rəvayətlər əsasında yaranmağa başlamış, boy-dastanlara çevrilərək kəmiyyət və keyfiyyətcə təkmilləşərək, X-XI əsrlərdə Azərbaycanda baş vermiş hadisələr əsasında daha da zənginləşmiş, axırıncı dəfə köçürüldükdə isə daha sonrakı əsrlərlə səsləşən əlavələrin hesabına xeyli dəyişərək indi əlimizdə olan şəklə düşmüşdür. Tədqiqatçı dastanların təsnifini verərkən “Basatın Təpəgözü öldürdüyü boy”u sayca ən az, mənşəyinə görə isə ən uzaq keçmişlərlə bağlı olan, əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanlarına aid edir. Lakin kitabın başqa yerində “Kitabi-Dədə Qorqud” dastanlarının X-XI əsrlərin hadisələri ilə səsləşdiyini də söyləyir.  Tofiq Hacıyev boyların müxtəlif dövrlərdə “əsrlərdən ibarət məsafə” ilə yarandığını, X-XII əsrlərdə tamamlanıb ilk dəfə yazıya köçürüldüyünü iddia edir. Tədqiqatçı “Kitabi-Dədə Qorqud”un özünə istinad edərək (“Rəsul əleyhüssəlam zamanına yaxın Bayat boyundan Qorqud ata derlər bir ər qopdu” və s.) dastanın islamın yarandığı ərəfədə və hətta bəzi boyların islamdan əvvəl düzülüb-qoşulduğunu güman edir .
Elməddin Əlibəyzadə də dastanın VI-VII əsrin ədəbi yadigarı olduğunu və Dədə Qorqud tərəfindən yazıldığını iddia edir. Dastanda verilən qədim oğuz-türk adət-ənənələrinə, əxlaq normalarına əsaslanaraq abidənin V-VI əsrlər və ondan əvvəlki əsrlərlə səsləşdiyini söyləyir. O, müəyyən faktlara əsasən Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, VI-VII əsrlərdə yaşadığını və onun əfsanəvi bir şəxsiyyət olduğu haqda söhbətləri illüziya hesab edir.
Ə.Sultanlıya görə də, dastanın ilk yaradıcısı “nəğmələrin rüşeymini qoşub-düzəldən Dədə Qorqud olmuşdur . Lakin onun xalq arasında tarixi-əfsanəvi bir şəxsiyyət kimi yaşadığını və təzkirəçilərin qələmi altında süni qəlibə girərək tarixi şəxsiyyətə çevrildiyini göstərir.
Şamil Cəmşidov monoqrafiyasında bu abidədəki obrazların əksəriy-yətinin tarixi şəxsiyyətlər olmasını qeyd etməklə yanaşı, dastanda tarixiliklə şifahi xalq ədəbiyyatının vəhdət halında birləşməsi fikrini irəli sürür . O da sübut etməyə çalışır ki, abidə qədimdə yaranıb, X-XI əsrdə ilk dəfə işlənərək yazıya köçürülmüşdür. Dastanın yaranma tarixi, onlarda əks olunan ictimai-tarixi hadisələr, qəhrəmanların tarixiliyi, dastanda təsvir olunan hadisələrin coğrafi məkanı və s. onun 1969, 1977-ci illərdə çap olunan monoqrafiyalarında geniş şəkildə əhatə olunmuşdur. Ş.Cəmşidovun dastanda cərəyan edən hadisələrin coğrafi şəraiti, qəhrəmanların yaşadığı, bir-biri ilə mübarizə apardığı yerlər haqqındakı mülahizələri də maraq doğurur. V.Vəliyevin ayrılıqda, P.Əfəndiyevin isə İ.Babayevlə birgə yazdıqları “Azərbaycan şifahi xalq ədəbiyyatı” kitablarında da “Dədə-Qorqud” boylarından, onun tədqiq və nəşr tarixindən bəhs olunur . Sonrakı dövrlərdə “Kitabi-Dədə Qorqud” dastanına maraq daha da artmışdır. 1975-ci ildə BDU-da “Dədə-Qorqud”dastanlarına həsr olunmuş elmi sessiya keçirilmişdir. T.Hacıyev, F.Zeynalov, S.Əlizadə və E.Əlibəyzadənin “Dədə-Qorqud” dastanlarının dili, yaranması, yazıya köçürülməsi haqqında sanballı əsərləri nəşr olunmuşdur . Azərbaycan tarixinin qədim dövrünü öyrənməyə marağın artması ilə əlaqədar olaraq son bir neçə ildə abidənin yeni aspektdə təhlili ilə qarşılaşırıq ki, burada mifoloji araşdırmalar xüsusi çəkiyə malikdir. Hələ 60-cı illərin sonlarından “Dədə-Qorqud” dastanları üzərində tədqiqat aparan M.Seyidov  məhz həmin istiqamətdə maraqlı nəticələrə gəlmişdir. Araşdırıcılardan K.Abdullayev , K.Vəliyev  və başqalarının məqalə və kitablarında da dastanla bağlı bir sıra məsələlərə diqqət yetirilmişdir. Göründüyü kimi, bu illərdə Türkiyədə F.Qırzıoğlu (1951), P.B.Nail (1958), M.Ergin (1958, 1963), F.Sümər (1952), Orxan Şaiq Gökyay (1973), Azərbaycanda Ə.Dəmirçizadə (1959), Ə.Sultanlı (1958), M.Seyidov, M.A.Şirəliyev, Ş.Cəmşidov (1969, 1977), Anar , T.Hacı-yev, K.Abdullayev, K.Vəliyev, S.Əlizadə, B.Abdullayev  və başqalarının elmi fəaliyyətində «Dədə Qorqud» əsas araşdırma obyektinə çevrilmişdir. Bir tərəfdən yazıçı Anar dastanı populyarlaşdırmaq məqsədi ilə orijinal «Dədə Qorqud dünyası»  əsərini oxucuların ixtiyarına buraxır, digər tərəfdən Ş.Cəmşidov, X.Koroğlu  (1972), M.Ergin, O.Şaiq Gökyay kimi alimlər ayrıca mono-qrafiyalar çap etdirir, eləcə də ali məktəblər üçün yazılmış dərsliklərdə eposa xüsusi oçerklər həsr olunur. Nəticədə, epos izahlı sözlüklə birlikdə bir neçə dəfə işıq üzü görür. Dördüncü mərhələ Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərmanla başlayır. Abidənin yubileyi ərəfəsində və sonrakı bir neçə il ərzində görülən işlərin həcmi geniş və məzmunu əhatəlidir. Prezident Heydər Əliyevin Gülüstan sarayında keçirilən “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş rəsmi qəbuldakı nitqində (9 aprel 2000-ci il) göstərildiyi kimi, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan “Kitabi-Dədə Qorqud”un iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. Bu dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və s. yerlərdə cərəyan edir. “Kitabi-Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Dastanın yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatlarla zəngindir. Soykökümüzü, tariximizi, dövlətçili-yimizi və Azərbaycan türkcəsini öyrənmək baxımından zəngin mənbə olan “Kitabi-Dədə Qorqud” yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır”. Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 il yaşı olduğunu bütün dünyaya bəyan etməklə nəinki Azərbaycan tarixində, dünya tarixində də bu dastanın yaranma tarixinə aydınlıq gətirmişdir. UNESCO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan yubiley tədbirləri 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır. Bundan sonra “Dədə Qorqud” abidəsinin araşdırılması və təbliği sahəsində böyük işlər görüldü. İkinci minilliyin sonuncu yazında dünyanın diqqəti Azərbaycana yönəldi. Qardaş türk respublikalarından və başqa ölkələrdən gələn qonaqlar Dədə Qorqud yurdunda möhtəşəm büsatla rastlaşdılar. Bu, ulu xalqın mədəniyyətinə verilən yüksək qiymət idi. Zirvə tədbirlərindən sonra da Prezident yığıncaq keçirməyə vaxt tapdı və abidəyə vurğunluğunu bir daha sübut etdi. Üç il müddətində yubiley çərçivəsində görülən işləri elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən yüksək qiymətləndirən dövlət başçısı “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırmışdır. H.Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixində sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, “2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılmış və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır…”
“Dədə Qorqud” epos ənənəsinin “Kitabi-Türkmən lisani” oğuznamə əlyazmanın 2019-cu ildə müxtəlif adlarla üç nəşri və bu nəşrlərlə bağlı Türkiyədə, Azərbsycanda meydana gələn araşdırmalarla yeni beşinci mərhələsi  başlanır. Belə ki, bir neçə ay əvvəl Türkiyə tədqiqatçısı prof. Mətin Ekici elm aləminə “Kitabi-Dədə Qorqud”un yeni əlyazmasının tapılması xəbərini duyurdu. Yeni əlyazmanı “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi adlandıran alim mətnin, əsasən, soylamalardan və bir yeni boydan ibarət olduğunu göstərdi. “Boy”u “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” adlandıran M.Ekici onun “Kitabi-Dədə Qorqud”un 13-boyu olduğunu bəyan etdi.
Xəbər Dədə Qorqud dünyasına hər hansı şəkil və dərəcədə bələd olan insanların hamısını həyəcanlandırdı. Sosial şəbəkələrdə ilkin təəssüratları əks etdirən qızğın müzakirələr başlandı. Burada hər cür münasibəti ifadə edən rəylərə rast gəlmək olurdu. Bunun əsas səbəbi əlyazmanın İranda yaşayan hazırkı sahibi Vəli Məhəmməd Xocanın mətnin, özünün dediyi kimi, nə məzmunda olduğunu anlamaq, nə kimi bir əhəmiyyətə malik olduğunu bilmək üçün İranda və Türkiyədə müxtəlif adamlara (o cümlədən prof. Yusif Azmuna) verməsi idi. Əlyazmanın “Dədə Qorqud” eposu ənənələri ilə bağlılığını görən mütəxəssislər də, təbii ki, dərhal onu nəşr etdirmək, oxuculara çatdırmaq fikrinə düşdülər. Bununla da Türkiyədə “yeni türkoloji problem”in əsası qoyuldu. Türkiyə alimlərinin arasında əlyazma haqqında kimin ilk dəfə eşitməsi, Vəli Məhəmməd Xocanın kiminlə ilk dəfə əlaqə saxlaması, kimə və kimdən nə vaxt və neçə dəfə zəng olunması, başqa sözlə, “Kitabi-Dədə Qorqud”un “üçüncü nüsxəsinin” tapılmasında birincilik şərəfinin kimə məxsus olması haqqında amansız mübahisələr başlandı. Vəli Məhəmməd Xocanın da bu prosesdə “göy muncuq kimdədirsə – odur” məsəlində olduğu kimi hərəkət etməsi sosial şəbəkələrdəki mübahisələri hətta təhqirlər səviyyəsinə qaldırdı. Türkiyə sahəsini əhatə edən və uzantıları Azərbaycanda da rezonanslar doğuran bu mübahisəyə qətiyyən qarışmadan, o cümlədən heç bir tərəf tutmadan, insaf naminə demək istərdik ki, bu yeni “Dədə Qorqud” oğuznaməsi haqqında xəbəri dünyaya ilk dəfə duyuran prof. Mətin Ekicidir. Ola bilər ki, Vəli Məhəmməd Xoca ondan əvvəl kimlərləsə əlaqə saxlayıb, əlyazmanı onlara göstərib və s., lakin onu elm aləminə ilk duyuran məhz məzkur kişidir. Bu qızğın yarışmanın ilk mərhələsinin elm tarixi və ictimaiyyət üçün, sözün həqiqi mənasında, ən parlaq nəticəsi o oldu ki, əlyazmanın qısa bir müddət ərzində üç nəşri həyata keçirildi. Prof. Mətin Ekicinin , prof. Yusuf Azmunun  və Ankara Universitetinin Sosial Elmlər İnstitu-tunun əməkdaşları Nasser Khaze Sahgoli, Valiollah Yaghobi, Shahrouz Aghatabai və Sara Behzadın  başa gətirdikləri bu nəşrlər hər biri öz üstün tərtibat özəllikləri baxı-mından fərqlənməklə yanaşı, qorqudşünaslar, xüsusilə mətnşünas olmayıb, bu nəşrlər əsasında tədqiqat aparmaq istəyən müxtəlif sahə mütəxəssisləri üçün böyük töhfə oldu. Çünki hər bir mətnşünas əlyazma mətnini çapa hazırlayarkən ümumi tərtib prinsipləri ilə bərabər, öz fərdi yanaşma prinsiplərini də tətbiq edir. Bu halda isə bəzən ona əlyazmada “əhəmiyyətsiz” detal təsiri bağışlayan və üstündən etinasızcasına ötüb keçdiyi hər hansı element tarixi-mədəni baxımdan çox böyük elmi əhəmiyyət daşıya və hətta əlyazmanın özü və onun təqdim etdiyi informasiya ilə bağlı “açar” rolunu oynaya bilər. Yeni əlyazmanın birdən-birə üç nəşrinin həyata keçirilməsi və hər bir nəşrin öz keyfiyyətləri ilə fərqlənməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu cəhətdən, M.Ekici nəşrində fotofaksimilə ilə transkripsiyanın yanaşı səhifələrdə verilməsi, Yusif Azmunun soylamaların ritmik-sintaktik strukturunu onun tarixi fonomelodikasına (ozan-baxşı söyləyicilik, ifaçılıq üslubuna) uyğun şəkildə transkripsiya etməsi və əlyazmanın dilinin “türkmən” (türkman) ladını qoruması, N.X.Sahgölü, V.Yaqubi, Ş.Ağatabai və S.Behzadın əlyazmanın “Azərbaycan” ladını bütün etnolinqvistik təravəti ilə inikas etdirməyə çalışmaları, xüsusilə apardıqları yüksək elmi əyara malik dilçilik tədqiqatı əlyazmanın sonrakı araşdırıcılar tərəfindən “adekvat” şəkildə dəyərləndiril-məsində böyük rol oynayacaqdır. Məhz bu nəşrlərlə və onlar ətrafında aparılan araşdırmalarla “Dədə Qorqud” epos ənənəsinin nəşri və tədqiqinin yeni mərhələsi başlanır.
Təbii ki, bütün bu nəşrlər, o cümlədən tez bir zamanda yazılan məqalələr “ilkin təəssüratları” əks etdirirdi. Tapılmış əlyazmanın yaratdığı həyəcan həm onun nəşrlərində, həm də bu barədə yazılmış məqalələrdə özünü, təbii olaraq, göstərdi. Əlyazma ilk andan “Kita-bi-Dədə Qorqud”un yeni (üçüncü) nüsxəsi elan olundu və bu zaman “nüsxə” termininin Türkiyə türkcəsində, o cümlədən Azərbaycan türkcəsindəki onunla eyni olan açıq-aydın mənasına (“bir-birinin eynisi olan yazılı şeylər, bir-birinin bənzəri, eynisi, surəti ) əhəmiyyət verilmədi. Bu da onunla nəticələndi ki, birmənalı şəkildə şifahi “Dədə Qorqud” eposu ənənəsinə aid olan bu yeni oğuznamə mətni “Kitabi-Dədə Qorqud”un nüsxəsi, yəni onun eynisi/kopyası olmadığı halda, onun nəinki variantı, heç olmasa, versiyası belə adlandırılmadı. Oğuzların öz Oğuz adı ilə adlandırıldıqları epoxanın məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanı ilə XVIII əsrin ikinci yarısı – XIX əsr “Türkman epoxasının” məhsulu olan “Kitabi-Türkmən lisani” oğuznaməsi bütün elmi prinsiplər ayaq altına atılaraq eyniləşdirildi. “Kitabi-Dədə Qorqud”un yeni əlyazması kəşfinin müəllifi olmaq ehtirası o qədər güclü oldu ki, dastan tipologiyasına malik olan “Kitabi-Dədə Qorqud”la tam fərqli funksional tipologiyaya malik olan əlyazma arasında bərabərlik işarəsi qoyuldu. Ekzoterik (hamı üçün açıq olan bədii-estetik) xarakterli mətnlə ezoterik (gizli, batini) mətn eyni məna sırasında təqdim olundu. Acınacaqlıdır ki, bir sıra qorqudşünas mütəxəssislər bu əlyazmaların fərqli tipologiyaya malik olmasını, intuitiv şəkildə olsa da, hiss etmələrinə, xüsusilə “nüsxə” məsələsində ifrata varılmasını açıq şəkildə görmələrinə bax¬mayaraq, elmi cəhətdən obyektiv mövqe tutmayıb, Türkiyə türkolo¬giya¬sında yaranmış cəbhə xətlərinin “mərmi daşıyanı”, yaxud “topa güllə qoyanı” olmağı üstün tutdular. Beləliklə prof. Seyfəddin Rzasoyla birlikdə gəldiyimiz nəticəyə görə, “Kitabi-Türkmən lisani” oğuznaməsindəki soylamalar və “Salur Qazanın əjdahanı öldürməsi” süjeti heç bir halda “Kitabi-Dədə Qorqud”un 13-cü boyu olmayıb, Türkmən folklor fakturasıdır. “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması kimi elm aləminə təqdim olunmuş və mətnin içərisində “Kitabi-Türkmən lisani” adlandırmış əlyazma poetik strukturu etibarilə eposun Drezden və Vatikan nüsxələri ilə heç bir məqamda nüsxələşə bilmədiyi üçün onun nə üçüncü nüsxəsi, nə də üçüncü əlyazmasıdır. Bu məsələdə elm aləmi şifahi “Dədə Qorqud” eposu ilə onun konkret bir epoxada yazıya alınmış şəkli olan “Kitabi-Dədə Qorqud” abidəsini eyniləşdirməklə aldadılmışdır.  “Kitabi-Dədə Qorqud”un on birinci boyundakı Qazanın söylədiyi 2-ci nəğmə “Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsinin kontaminativ işarəsi, yaxud düyünüdür. ”Kitabi-Türkmən lisani”dəki “Salur Qazanın əjdahanı öldürməsi” süjet-oğuznaməsi bilavasitə yazılı abidə olan “Kitabi-Dədə Qorqud”un deyil, şifahi “Dədə Qorqud” eposunun kontaminativ əlavəsidir. Çünki “Kitabi-Türkmən lisani” də, “Kitabi-Dədə Qorqud” da bütün hallarda şifahi “Dədə Qorqud” epos nüvəsinin yazılı törəmələri – paradiqmalarıdır. Yəni “Kitabi-Türkmən lisani” birbaşa yazılı “Kitabi-Dədə Qorqud” dastanının deyil, məhz şifahi “Dədə Qorqud” eposunun Türkman/Türkmən epoxasındakı davamıdır. Bu halda o heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması ola bilməz.

“Dədə Qorqud” Oğuz milli düşüncə sistemini bütövlükdə əhatə edən eposdur. Onun tarixən iki məna paradiqması var: Şifahi “Dədə Qorqud” dastanı:

Bu, “Qorqud Ata” mifik nüvəsindən başlanan, Oğuz epoxasından keçən və oğuzların milli xalqlara diferensiasiya etdiyi dövrə qədər davam edən və sonra milli eposlara transformasiya olunan epik ənənədir.
İki nüsxədən (Drezden və Vatikan) ibarət yazılı “Kitabi-Dədə Qorqud” dastanı: Bu, şifahi “Dədə Qorqud” dastanının konkret məkan-zaman nöqtəsində yazılı şəkildə qeydə alınmış şəklidir.
Şifahi “Dədə Qorqud” dastanı minillər boyunca dəyişərək inkişaf etmiş, “Kitab-Dədə Qorqud” dastanı isə öz inkişafını donduraraq, əlyazma şəklində daşlaşmışdır.

“Kitabi-Dədə Qorqud”da əlyazmalaşmış mətn dastan funksiyasını yerinə yetirdiyi halda, “Kitabi-Türkmən lisani” oğuznaməsi funksional tipinə görə dastan deyil. “Kitabi-Dədə Qorqud”un ifaçıları – ozanlar, ifa mühiti – el şənlikləri, şölənlər, ziyafətlər, qonaqlıqlar və s., auditoriyası – geniş publika, Oğuz elinin ən müxtəlif təbəqələri, mətnin sakrallıq dərəcəsi – ekzoterik mətn tipi, yəni dinlənilməsi hamı üçün açıq olan, konkret olaraq hər hansı etnososial qrupa aid edilməyən, yaxud eşidilməsi, öyrənilməsi cəmiyyətin hansısa təbəqələrinə, qruplarına qadağan edilməyən mətn, mətnin etnopoetik tipi – oğuznamə, mətnin funksional struktur tipologiyası – bədii-estetik, əyləncəvi funksiyaya malik dastan olduğu halda, “Kitabi-Türkmən lisani”nin ifaçıları – baxşı/ozanlar, ifa mühiti – qırxlar məclisi; auditoriyası – qırx şagird; mətnin sakrallıq dərəcəsi – ezoterik mətn tipi, yəni dinlənilməsi yalnız konkret etnososial qrup (qırx şagird) üçün nəzərdə tutulan, inisiasiya ritualından keçməyənlə dinlənilməsi, eşidilməsi qadağan edilən mətn, mətnin etnopoetik tipi – oğuznamə, mətnin funksional struktur tipologiyası – sakral-mistik, gizlin-ezoterik funksiyaya malik ərgənlik törəsidir. “Kitabi-Türkmən lisani” oğuznaməsi baxşı/ozanlar tərəfindən ancaq “40-lar” (“40 ərən”, yaxud “40 şagird”) məclisində oxunan və 40 neofit tərəfindən öyrənilən, mənimsənilən, əsasında “bəy-igidlik” imtahanı verilən “ərgənlik bitiyi”, “inisiasiya kodeksi”, başqa sözlə, “ağa” statusunda olan subyektlərin “bəy-igid”, “alp-ərən” statusuna keçirilmə ritualının ezoterik/batini “törə kitabıdır”. “Kitabi-Türkmən lisani” abidəsi heca vəzninin təsirlərindən və hecanın strukturuna əsaslanan saz-aşıq ənənəsindən qapalı quruluşa malik mühafizəkar məhəlli mühitdə, yəni Azərbaycan Tərəkəmə/Türkman mühitində qorunub qalmışdır. Qapalı-məhəlli mühit, mühitə məxsus adət-ənənələrin tərəkəmə milli kimliyini qoruyub saxlayan immun sisteminə çevrilməsi heca şeirinin həmin mühitlərə nüfuz etməsinə imkan verməmişdir. Elə bu cəhətdən Azərbaycandilli “Kitabi-Türkmən lisani” oğuznaməsinin ifaçıları aşıqlar yox, baxşı/ozanlardır.
“Kitabi-Türkmən lisani” və “Kitabi-Dədə Qorqud” biri ezoterik, o biri ekzoterik funksional tipologiyaya malik mətnlərdir və bu səbəbdən onların hər ikisi şifahi “Dədə Qorqud” eposu ənənəsi ilə bağlı olsalar da, ezoterik “Kitabi-Türkmən lisani” oğuznaməsi tipoloji baxımdan ekzoterik “Kitabi-Dədə Qorqud” oğzunamələrinin üçüncü nüsxəsi, yaxud üçüncü əlyazması deyildir.
“Kitabi-Türkmən lisani” oğuznaməsi artıq başa çatmış Oğuz epoxasının deyil, yeni dövrün – Türkman epoxasının abidəsidir. Bu halda etnopoetik təyanatına görə, Oğuz yox, Türkman dastandır. Dastanda Oğuz eli, onun sərhədləri, coğrafi adlar aktiv yox, passiv yaddaşı əks etdirir. Başqa sözlə, bunlar artıq klişeləşmiş epik lokuslardır. Əksinə, aktiv yaddaş Azərbaycan/Türkman coğrafiyası ilə bağlıdır. Dastanda dünyaya baxışın çıxış nöqtəsi Azərbaycan və onun Oğuz yaddaşı ilə müəyyənləşən çevrəsidir. Mətndə Oğuz mərkəzli dünyadan Azərbaycana (Azərbaycana, İrana, bütün Türkman elinə) deyil, Azərbaycandan tarixi Oğuz və müasir Türkman dünyasına baxış var.
“Kitabi-Dədə Qorqud” oğuz tayfalarının dilində (“ala lisani taifeyi oğuzan”) olduğu kimi, “Kitabi-Türkmən lisani” də türkman tayfalarının dilində (“Türkman lisani”də, başqa sözlə, “ala lisani taifeyi türkman”) olan abidədir. Bunlar fərqli epoxaların abidələri kimi “Dədə Qorqud” epik ənənəsi ilə bağlı olsalar da, “Kitabi-Türkmən lisani” bir yazılı abidə kimi heç bir halda (yazılı) “Kitabi-Dədə Qorqud” abidəsinin üçüncü nüsxəsi və əlyazması deyildir. Əslində “Kitabi-Dədə Qorqud”un 13-cu boyunun tapıldığını elan etmək Oğuz etnosunun strukturunu “dağıdaraq”, ondakı boy-tayfaların sayını 26-ya çatdırmaq deməkdir. Bu səbəbdən Oğuz epoxası ənənəsinə aid mətnlərdə 13-cü boy heç vaxt ola bilməz. Əgər 13-cü boy varsa, demək, orada artıq Oğuz eli yoxdur. “Kitabi-Türkmən lisani” abidəsi təqdim etdiyi epik coğrafiya, dili və s. baxımından Azərbaycan/Türkman/Tərəkəmə abidəsidir. Dədə Qorqud epos ənənəsi oğuzların yaşadıqları çox böyük arealda geniş yayılaraq əksər türk xalqlarının mədəniyyətində dərin izlər buraxmış və bütün dünyada əvəzi olmayan şifahi bədii yaradıcılıq hadisəsinə çevrilmişdir. Bu möhtəşəm sənət əsəri ilə bağlı son tədbir ondan ibarətdir ki, 2018-ci ilin noyabr ayının 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə yaydığı bəyanatda deyildiyi kimi, “Dədə Qorqud” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birliyi, bərabərliyi, müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolunu, qonaq¬pərvərlik və ədalət prinsiplərini təbliğ edir. “Sputnik”in məlumatından aydın olur ki, “Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə vermədi. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirmişdir .

https://azertag.az/xeber/Azerbaycan_qorqudsunasligi_kitabi_nesr_olunub-1686939

Ramazan Qafarlı
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun
“Dədə Qorqud” şöbəsinin müdiri

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?