Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan “Məzun günü” tədbirində çıxış edən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev qeyd edib ki, bugünkü Azərbaycan gəncliyi gözəl bilir ki, bütün sevinclərin təməlində zəhmət dayanır. 44 günlük Vətən müharibəsində cəbhədə düşmənin başına od ələyən, onu məğlub edən Azərbaycan əsgərini də məhz təlimdəki zəhmət, səngərdəki inam formalaşdırdı və qalibiyyət möhrünü vurdu. Məzunların da 4 illik təhsil müddətində böyük zəhmət bahasına əldə etdikləri bilik və bacarıqlar onların gələcək həyatlarında sevincli günlərə vəsilə olacaq, – deyə direktor bildirdi.
Daha sonra natiq qeyd etdi ki, qalib və qüdrətli Azərbaycanın yüksək intellektual təfəkkürə və dərin düşüncəyə, mədəniyyətə malik gənclərin təhsil alması çox önəmli və vacibdir. Bu gün ümummilli liderin ideyaları gənclər üçün bir örnək, yolumuzda isə bir mayakdır. Qloballaşan dünyada formalaşan Azərbaycan gəncliyi milli və ümumbəşəri dəyərlərə sadiq qalaraq daim azərbaycançılıq ideologiyası istiqamətində yüksək vətəndaşlıq mövqeyi sərgiləyir. Gənclik daim bütün cəmiyyətlərin hərəkətverici qüvvəsi olmuşdur. Azərbaycan xalqının böyük oğlu, bu il 100 illik yubileyini qeyd etdiyimiz dahi şəxsiyyət ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Daha sonra tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısının müavini Tarıyel İbrahimov, Quba Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektor müdiri Pərviz Nurməmmədov da çıxış edərək məzunlara uğurlar arzu ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Sonda 4 il ərzində fərqlənən məzunlar Filialın direktoru dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin Başçısının müavini Tarıyel İbrahimov, Quba Rayon Prokuroru Namiq Muradov, Quba RPŞ rəis müavini polis polkovnik-leytenantı Vüsal Rüstəmov, Quba FRİTL direktoru Kamran Əliyevin təqdimatı ilə Fəxri diplomla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısının müavini Tarıyel İbrahimov, Quba Rayon Prokuroru Namiq Muradov, Quba RPŞ rəis müavini polis polkovniki Vüsal Rüstəmov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Təşkilati şöbəsinin müdiri Əhməd Baloğlanov, Quba Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektor müdiri Pərviz Nurməmmədov, Quba FRİTL direktoru Kamran Əliyev, filialın müəllim və tələbə kollektivi, valideynlər iştirak etmişdir.