ADPU-nun Quba filialında son günlər yaşanan hadisələrlə bağlı onlayn iclas çağırılıb

16.07.2020
ADPU-nun Quba filialında son günlər yaşanan hadisələrlə bağlı onlayn iclas çağırılıb

İyul ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Alıyevin rəhbərliyi ilə filial kollektivinin iştirak etdiyi onlayn iclas keçirilib. İclas “Zoom” proqramı vasitəsilə baş tutub.

İclası açıq elan edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, hazırda yaxın qohumu Şəhid Namiq Əhmədovun dəfni ilə əlaqədar Qazax rayonunun Yuxarı Salahlı kəndindədir. Lakin son günlər baş verən hadisələrə münasibət bildirmək üçün mövcud vəziyyətlə əlaqədar bəzi düşmən mövqeyinə xidmət edən qüvvələrin təxribat xarakterli pozuculuq fəaliyyətinə qarşı onlayn iclasın keçirilməsini də labüd hesab etmişdir. Bu səbəbdən də bütün filial əməkdaşlarının, müəllimlərin, filialın TGT, TEC, THİK sədrlərinin də iştirak etdiyi təcili onlayn iclas keçirilmişdir. Dos.Y. Alıyev vurğulayıb ki, bütün Azərbaycan xalqı‚ hamı bir nəfər kimi ordumuzla‚ dövlətimizlə və Ali Baş Komandanla birlikdədir. Azərbaycanda tarixən əsrlər boyu xalqımız dövlətçiliyimizi müdafiə edib və qoruyub. Lakin cəbhə xəttində baş verənlərlə əlaqədar olaraq ordumuzun həmrəyliyinə qoşulmaq istəyən vətəndaşların vətənpərvərlik ruhundan istfadə edərək, təxribat törətmək istəyən qüvvələr də az deyil. Bu səbəbdən də hamılıqla ayıq-sayıq olmalı, gənclərimizi, xalqımızı bu təxribatlara uymamağa səsləməliyik. Bu gün keçirilən iclasın da əsas məqsədi odur ki, Azərbaycan Ordusuna dəstək adı altında keçirilən, əslində yad qüvvələr tərəfindən təxribat xarakterli çağırışlar edən, düşmən mövqeli insanlar hazırda ölkəni çaxnaşmaya salmaq istəyir. Bizlər də, ziyalı kollektivi olaraq bu cür hadisələri təkcə şiddətlə qınamaqla qalmamalı, həm də ətrafımızda olan gəncləri, tələbələri bu qüvvələrə qarşı möhkəm olmağa, birlik nümayiş etdirməyə, uymamağa, dövləti və dövlətçiliyi müdafiə edən hakimiyyətin əsas siyasi xəttini rəhbər tutaraq cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmalıyıq.

Dos.Y.Alıyev həm də qeyd etdi ki, bu gün Azərbaycan Ordusu düşmənə ağır sarsıdıcı zərbələr endirərək şəhidlərimizin qisasını almışdır.

Hamımız böyük qürurla deyə bilərik ki, xalqımız bir daha göstərdi ki‚ tarixin və dünyanın ən qeyrətli‚ ən şücaətli‚ ən mərd xalqıdır. Bu səbəbdən Azərbaycanın dövlətçiliyi‚ suverenliyi sarsılmazdır və ərazi bütövlüyü əbədidir və kimsə bizim sərhədlərimizə‚ ərazi bütövlüyümüzə‚ suverenliyimizə əyri baxışlarla baxa bilməz‚ toxuna bilməz. Bu gün həm də hamı şahiddir ki, xalq-iqtidar birliyinin gücü sarsılmazdır.

Lakin elə bu məqamda da bəzi düşmən fikirli insanlar peyda olaraq bu gücdən fərqli və təxribat xarakterli işlərində istifadə etməyə çalışırlar.

Mən də, ali təhsil müəssisəsinin direktoru və bir vətəndaş olaraq xüsusilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının tələbə kollektivini, gənclərini, əməkdaşlarını diqqətli olmağa çağıraraq bildirirəm ki, bu arada bəzi ara qarışdıran müxalif fikirli insanlar saxta profillərdən elə doğma Qubamızda da qubalı gəncləri bu gün saat 17:00 üçün Hərbi Komissarlığın qarşısına toplaşmağa çağırırlar. Əziz həmkarlar, dəyərli gənclər, bu çağırışın bir təxribat xarakterli olduğunu bilin, ətrafınızdakı gəncləri maarifləndirin, dövlət əleyhinə olan belə işlərdən uzaq olmağa səsləyin.

Hamı şahid oldu ki‚ Azərbaycan xalqı dövlətin, döblətçiliyin tərəfindədir, xalqın prezidentinə olan inamı lider inamıdır. Və biz ziyalıların üzərinə də böyük bir qüvvə düşür ki, gənclərimizi mövcud vəziyyətdə daha diqqətli olmağa səsləməli, onları təxribatçı meyllərə uymamağa çağırmalıyıq. Bizlər daha ayıq-sayıq olmalı, dövlətimizin, Cənab Prezidentin ətrafında sıx birləşməliyik.

Xalqımız ordumuzu və əsgərlərimizi canından artıq sevir. Bütün Azərbaycan xalqı səfərbər olaraq şəhidlərimizi sonsuz sevgi və rəğbətlə son mənzilə yola saldılar. Xalqımız şəhidlərimizin cənazəsini saatlarla ayaqda gözləyərək böyük coşquyla qarşıladı. Və vətən uğrunda qəhrəmancasına həlak olan vətən oğullarını xalqımız tərəfindən həmin coşquyla da son mənzilə yola salmaqdadırlar. Belə bir dönəmdə bir daha vurğulamağı özümə vəzifə və vətəndaşlıq borcu bilirəm ki, diqqətli olaq, cəmiyyətimizdə mövcud olan ictimai-siyasi sabitliyi qoruyaq, düşməni sevindirən əməllərə imkan verməyək.

Daha sonra iclasda çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Ümumi şöbənin müdiri Sahilə Ağasıyeva, Pedaqoji faküktənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova, İKT şöbəsinin müdiri Yusif Abayev, həmin şöbənin baş mütəxəssisi Hikmət Musayev, filialın baş müəllimləri Aygün Şıxbabayeva, Elbrus Əhmədov, Zəminə Qayıbxanova, Şıxəmməd Seyidməmmədov və digərləri hazırda baş verən hadisələrə münasibət bildirmiş, bugünki iclasın labüdlüyünü vurğulamış, internetdə, sosial şəbəkələrdə dezinformasiya xarakterli yazılara uymamağa çağırış etmiş, bu sahədə maarifləndirmə işlərinin aparılması üçün onlayn tələbə qruplarında işin gücləndirilməsi məqsədi ilə təkliflər irəli sürülmüş, gənclərimizin yalnız dövlətimizin, cənab Prezidentimizin qərarlarına adekvat münasibət bildirməyə səsləyəcəklərini diqqətə çatdırmışlar.

Tanrı dövlətimizi, millətimizi, Prezidentimizi qorusun!

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?