ADPU-nun Quba Filialında imtahanlar, imtahan təlimatlarına uyğun olaraq ədalətli, şəffaf və obyektiv keçirilir
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. ADPU-nun Quba filialında bu əmrin icrası ilə bağlı direktor dosent Yusif Alıyev tərəfindən imzalanan müvafiq daxili əmrə əsasən imtahanlar böyük uğurla davam edir.
Ümumilikdə imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi filial rəhbərliyinin diqqət mərkəzindədir. Dosent Yusif Alıyev hər gün imtahan prosesindən əvvəl imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşür, onlara öz tapşırıq və tövsiyələrini verir, daha sonra imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün tələbələrə imtahan təlimatlarına uyğun olaraq tövsiyələrini verir.