ADPU -nun Quba filialında “Milli istiqlal şairi Əhməd Cavad” adlı elmi seminar təşkil edilib

18.11.2022
ADPU -nun Quba filialında “Milli istiqlal şairi Əhməd Cavad” adlı elmi seminar təşkil edilib
2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olub. Bu münasibətlə 18 noyabr 2022-ci il tarixində filialda”Milli istiqlal şairi Əhməd Cavad” adlı elmi seminar təşkil edilib.
Elmi seminar filialın Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının b/m Şeydayev Eyvaz Pirzada oğlunun təşkilatçılığı ilə 18 noyabr 2022-ci il tarixində, saat 12:00-da ADPU-nun Quba filialının Heydər Əliyev lektoriyasında keçirilib.
Seminarda filialın struktur rəhbərləri, kafedranın müəllimləri, əməkdaşlar və tələbələr iştirak edib.
Tədbiri giriş nitqi ilə filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy açıq elan edib, Türkiyədə beynəlxalq elmi konfransda olan filialın direktoru dosent Y.Alıyevin adından kollektivi salamlayıb, elmi seminarın işinə uğurlar arzu edib, şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir: “Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur.
Tədbir filialın Coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nəzrin Hacıyevanın moderatorluğu ilə davam edib.
Daha sonra “Əhməd Cavad yaradıcılığında çağdaş çağırışlar” mövzusunda çıxış etmək üçün söz
söz Ədəbiyyat və dillər kafedrasının b/m Şeydayev Eyvaz Pirzada oğluna təqdim edilib.E.Şeydayev qeyd edib ki, “Necə ki, İntibah dedikdə yadımıza dahi Nizami, məhəbbət dedikdə Füzuli düşür, Cumhuriyyət dedikdə isə yada Əhməd Cavad düşür.Buna görə də Əhməd Cavad Vətən, Azadlıq, Cumhuriyyət şairidir.Əhməd Cavadın şeirləri də bu fikri təsdiqləyir: Can Azərbaycan, Elin bayrağı, Al bayrağa,Azərbaycan, Azərbaycan və s. “
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Çıxışında E.Şeydayev həm də şairin yaradıcılığını günümüzlə müqayisəli təhlil edib, “Milli ləyaqət hissini inkişaf etdirməliyik!” deyən Əhməd Cavadın
Zülmə qarşı üsyankaram,
Əzilsəm də SUSMARAM!
misralarını dilə gətirib.
Əhməd Cavadın təbiri ilə “Şəhid verməyi bacarmayan xalq millət ola bilməz, cəmiyyətdə uğur qazana bilməz!” deyən E.Şeydayev Vətənin azadlığını candan uca tutmağı ən yüksək məqam adlandırıb.
Sonda Əhməd Cavadın Al bayrağa şeirindəki misraları şairin özü ilə əlaqələndirib, Əhməd Cavadı sevilməməsi qeyri mümkün olan şeir adlandırıb.
Gül rəngində bir yaprağın
Ortasında bir hilal!
Ey Al Bayraq, sənin rəngin
Söylə, neyçün böylə al!?
Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Daha sonra filialın Coğrafiya müəllimliyi ixtisasının I tədris ili tələbələri Nəzrin Hacıyeva, Nərmin Abusəttarovanın ifasında Əhməd Cavadın şeirləri ifa edilib, şairin həyat və yaradıcılığını əks etdirən təqdimat nümayiş etdirilib, şeirlərinin sözlərinə bəstələnən musiqilər səsləndirilib.
Elmi seminar yüksək təntənə ilə sona çatıb, xatirə şəkli çəkdirlib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?