25 sentyabr 2021-ci il tarixində ADPU-nun Quba filialında onlayn formatda, “ZOOM” platforması üzərindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinə həsr edilən Anım Günü tədbiri keçirilib.
Tədbiri filialın direktor müavini Aysel Şeydayeva açıq elan edib.Tədbir Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin aparıcısı, ADPU- nun Quba filialının II tədris ili tələbəsi Səma Asəfova qeyd edib ki, Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar. Əsrlər ötsə də, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinməyəcəkdir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə xeyrin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsi hesab olunur. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə başa çatmışdır.Səma Asəfova həm də onu da qeyd etmişdir ki, bu gün bütün Azərbaycan Şəhidlərimizin, qazilərimizin, ordumuzun yanındadır.İstər müharibə dövründə, istərsə də müharibədən sonra ADPU-nun Quba filialı da dosent Yusif Alıyevin rəhbərliyi ilə Şəhid ailələrinin, qazilərimizin yanında olmuş, bir an belə bu müqəddəs borcdan uzaq durmamışlar.
Daha sonra sözü filialın direktor köməkçisi Mürvət Əliyevə təqdim edib.Mürvət Əliyev Azərbaycanın yaxın keçmişinə nəzər salmış, müharibənin başlanma səbəblərindən söz açmışdır. Xüsusilə İkinci Qarabağ müharibəsindən danışaraq qeyd etmişdir ki, Azərbaycan xalqı Ali Baş Komandanımızın Dəmir Yumruğu altında toplaşaraq bu zəfəri qazanmışdır.
Daha sonra İlham Əliyevin sözlərinə sitat gətirərək demişdir: Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və Azərbaycan xalqı öz torpaqlarında ikinci bir erməni dövlətinin yaranmasına heç bir zaman icazə verməyəcək.
Tədbirin davamında Pedaqoji fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisovun şeiri əsasında hazırlanmış video çarx nümayiş etdirilib.
Sonra Pedaqoji və ictimai fənlər kafedrasının tarix müəllimi, dosent Sübhan Talıblıya söz verilmiş, o da öz növbəsində nitqində vurğulamışdır ki, tarixi baxımdan yanaşsaq iki əsrdir ki, istər soyqırım, istərsə də etnik təmizləmə olsun erməni daşnakları xalqımızın başına bir çox müsibətlər gətirmişlər.
Lakin bu günləri biz fərəhlə deyə bilirik ki, Ali Baş Komandanımızın rəhbərliyi, xalqımızın birliyi və ordumuzun yüksək peşəkarlığı, döyüş qabiliyyəti ilə qısa müddət ərzində bu qələbəni yaşadıq. Vətən oğullarımızın öz qanı və canından keçməsi ilə, qanımızı torpağa qatmaq bahasına olsa belə bütövlüyümüzü bərpa etdik”.
Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Sədullayev, Eyvaz Şeydayev də çıxış edərək müharibənin nə qədər ağrılı-acılı bir dönəm olduğundan bəhs etdilər.Daha sonra Rahib Sədullayev Azərbaycan şəhidlərinə həsr etdiyi iki şeirini də səsləndirərək bu gün də, sabah da Şəhidlərin ruhu qarşısında borclu olduğumuzu bir daha vurğulamışdır.
Daha sonra filialın Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Zəminə Qayıbxanova çıxış edərək bildirib ki, bu döyüşlərdə Şəhid olan bütün Vətən oğullarını bir gün deyil, hər gün yad edirik, xatirələrini hər gün yaşadırıq.
Anım tədbirinin kiçik qonağı olan Fərəhbanu Əliyevanın da Şəhidlərimizə həsr etdiyi şeir töhfəsi səsləndirilib.
Tədbirin sonunda bir daha Allahdan Şəhidlərimizə rəhmət dilənib.
Tədbir filialın Tələbə Gənclər Təşkilatının fəallarının hazırladıqları videoçarxın nümayiş etdirilməsi ilə sona çatıb.