ADPU -nun Quba filialı kollektivi Şəhid ailələrini ziyarət edir

01.11.2021
ADPU -nun Quba filialı kollektivi Şəhid ailələrini ziyarət edir

Vətən… Nədir Vətən?
Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən qanla yoğurulan torpaqdır. Vətən mənəviyyat, namusdur, Vətən and yeri, qibləgahdır, Vətən anadır, isti qucaqdır. Vətən azadlıqdır, Vətən ulularımızın əmanəti, əcdadlarımızın uyuduğu müqəddəs mirasdır. Vətən, düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür. Vətən – bütöv Azərbaycandır!
Bəs kimindir bu Vətən?
Yağıdan haqq-hesab soranların, döyüş meydanında ərtək savaşanlarındır, Allah dərgahına ərənlərin, şəhadətə yüksələnlərindir. Köksünü Vətənə sipər çəkənlərindir, təmənnasız ona xidmət edənlərindir, bir ovuc torpağı canından əziz tutanlarındır.
Vətənə olan sevgisi insanın ən ülvi, müqəddəs və ali duyğusudur.Vətəni sevmək ən böyük mərdlikdir.
İnsan vətənpərvərlik duyğuları sayəsində lazım olduğu zaman Vətəni üçün ölməyə belə, hazırdır. Vətəni uğrunda canını ortaya qoyanlara şəhid deyilir. Şəhidlik isə dinimizdə ən böyük mövqelərdən biridir. Keçmişdən günümüzə yüz minlərlə igidlərimiz şəhidlik mərtəbəsinə yüksələrək, Vətənimiz uğrunda həyatlarını ortaya qoyaraq, ölkəmizin inkişafı naminə şəhid olublar.
Onlardan biri də 44 günlük Vətən müharibəsində hüququndan, canından keçərək Vətən uğrunda rəşadətə qovuşan Rəvan Əliyevdir.
Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Qubada yaşayan Rəvan 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almış, ikinci sinifdə oxuyanda musiqi məktəbinə daxil olaraq, tar sinifini bitirmişdir. Rəvan musiqi ilə bərabər futbolla məşğul olub, həmçinin oradan fəxri fərmanlar əldə etmişdir. 2016 -cı ildə isə o Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.
5 iyul 2019-cu ildə Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət etməyə başlamışdı. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü olaraq qoşulub.
Zəngilan uğrunda gedən döyüşlərdə yeddi könüllü əsgərin hamısı şəhid olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Oktyabrın 23-də şəhid olan Rəvan Əliyev 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi igidlik və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyev Rəvan Əliyevi “Vətən uğrunda”, “İgidliyə görə”
“Zəngilanın azad olunmasına görə” medalları ilə təltif etmişdir.
Şəhidlərimizin bu uca məqama çatan ruhu sayəsində bu gün biz rahat şəkildə yaşayırıq. Biz o qorxmaz, sarsılmaz, yenilməz insanların nəsliyik. Bu səbəbdən onlara layiq bir övlad kimi yaşamalı və onlar qədər biz də vətənpərvərlik duyğularını ürəyimizdə səmimi bir şəkildə hiss etdirməliyik. Bu vətən hamımızındır. Vətənimiz təhlükəyə düşdüyü vaxt biz də atalarımızın etdiyi kimi bir an belə, düşünmədən canımızı ortaya qoymağı bacarmalıyıq. Elə əsl vətənpərvərlik də budur.
Rahat yat, Nur üzlü şəhidim! Bu Vətən səndən sonra bizə yadigardır. Azərbaycan bizə sizlərin yadigarıdır!
ADPU-nun Quba filialının rəhbərliyi, tələbə kollektivi həmçinin filialın THİK sədri Aygün Şıxbabayeva, TGT nümayəndələri, sədr müavini Nicat Piriyev və digərləri Şəhidlərin ailə üzvlərini, həmçinin Şəhid Rəvan Əliyevin ailəsini ziyarət edir, onların yanında olduqlarını hiss etdirirlər.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan əsgəri!
Şəhidlər ölməz, Vətən bölünməz!!!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?