ADPU-nun Quba Filialı: insan resursları və sənəd dövriyyəsi

10.08.2021
ADPU-nun Quba Filialı: insan resursları və sənəd dövriyyəsi
Bildiyiniz kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından reportajlarımız davam edir. Bugünkü verilişimiz filialın Ümumi şöbəsi ilə olacaq. Hər bir ali təhsil müəssisəsinddə insan resurslarının idarə olunması, çevik sənəd dövriyyəsi, tələbələrin müraciətlərinin operativ olaraq yönləndirilməsi, həlli və s. məsələlər, münasibətlərin effektiv qurulması baxımından Ümumi şöbə xüsusi önəm daşıyır. ADPU-nun Quba filialının Ümumi şöbəsi də bu işləri yüksək səviyyədə təkşil edir.
Belə ki, hal-hazırda bizim müsahibimiz filialın Ümumi şöbəsinin müdiri Sahilə xanım Ağasiyevadır. Sahilə xanım özü bizə şöbənin işi barədə ətraflı məlumat verəcək.
– Salam, Sahilə xanım. Bir daha xoş gördük. Bizi həm səmimi qəbul etdiyinizə görə, həm də gülərüzlüyünüzə görə təşəkkür edirik. Bizim sizə ilk sualımız belədir: ümumilikdə Ümumi şöbənin fəaliyyəti nədən ibarətdir? Tədris ili ərzində hansı işləri görürsünüz?
– Təşəkkür edirəm, Cavid bəy. Mən də sizi salamlayıram və bizə vaxt ayırdığınıza görə minnətrdarlığımı bildirirəm. Bizdə Ümumi şöbə və Kadrlar şöbəsi birlikdə fəaliyyət göstərir. Şöbədə üç əməkdaş çalışır: baş mütəxəssis, mütəxəssis və kargüzar.
Hazırda filialımızda 139 nəfər əmək fəaliyyəti göstərir. Onlardan 61 nəfər əsas və əvəzçiliklə işləyən professor-müəllim heyəti, 78 nəfər isə tədris-köməkçi heyətidir. 31 nəfər müəllimdən 11 nəfəri elə filialımızın struktur rəhbərləridir ki, 0,5 ştat əvəzçiliklə müəllim kimi fəaliyyət göstərirlər.
Ümumi şöbə filialımızın bütün şöbələri ilə sıx əməkdaşlıq şəklində işləyir. Daxil olan, göndərilən məktubların, əmrlərin vaxtında qeydiyyata götürülməsi, aidiyyatı struktura yönəldilməsi Ümumi şöbənin işinə aiddir. Baş mütəxəssisimiz hüquqi məsələlərə daxil olan məktublara nəzarət edir, mütəxəssis əmr layihələrinin hazırlanmasında iştirak edir. Hazırda əmək məzuniyyətində olduqları üçün müsahibədə iştirak edə bilmədilər. Kargüzarımız Hökümə Müzəffərova özü haqda sizə daha ətraflı məlumat verəcək.
– Çox sağ olun, Sahilə xanım. Ətraflı məlumat üçün. Bilirik ki, pandemiya ilə bağlı təhsilimiz onlayn-distant təhsil sisteminə keçib. Müəssisələr də bir müddət məsafədən idarə olunurdu. Bəs bu dönəmdə sizin fəaliyyətiniz necə idi?
– 2020-ci ilin mart ayının 3-dən biz bir həftə evdə olduq. Pandemiya olmasına baxmayaraq işin gedişatını ləngitməmək məqsədilə işə qayıtdıq. Çünki Ümumi şöbə bütün şöbələrlə sıx əlaqədə olduğundan hələ tam qapanmalar başlamamış işlərimizi qaydaya salmalı və planımızı qurmalı idik. Pandemiya dövründə də özüm hər gün işdə olmuşam. Lakin tələbələr və müəllimlərimizlə onlayn şəkildə əlaqə yaradırdıq. Müxtəlif sosial şəbəkələr və e-maillər vasitəsilə biz onlarla işimizi davam etdirdik. Tələbələrə hal-hazırda təhsil alması ilə bağlı, bu müəssisənin məzunu olması ilə bağlı, ödənişli və ya dövlət sirafişi ilə təhsil alması ilə bağlı, təhsil müəssisəsinə təhsil haqqı borcu olub-olmaması ilə bağlı direktorumuz və aidiyyatı struktur rəhbərlərinin imzası və filialımızın lazımi möhürü ilə arayışları bizim şöbə təqdim edir. Odur ki, biz bu arayışları ancaq onlayn formada, skan edərək göndərməyə başladıq.
– Aydındır, Sahilə xanım. Məlumdur ki, ADPU-nun Quba filialı şimal bölgəsində yeganə ali təhsil müəssisədir. Yəqin ki, regiondan olan savadlı gənclər burada fəaliyyət göstərmək istəyirlər. Bizi izləyən həmin şəxslərə tövsiyələriniz nələrdir? Bu müəssisənin həm müəllimi, həm də inzibati əməkdaşı olmaq üçün onlar hansı prosedurdan keçməlidirlər və necə müraciət etməlidirlər?
– Direktorumuz dosent Yusif Alıyev də və ondan öncəki direktorlarımız da, əsasən, öz məzunlarımızın işə götürülməsinə üstünlük veriblər. Mən özüm də elə buranın ilk məzunlarındanam. Burada məndən başqa öncəki Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının məzunları da hazırda fəaliyyət göstərir. Yusif müəllimin fəaliyyəti dönəmində də ADPU-nun Quba filialının məzunlarından da işə götürülən əməkdaşlarımız var. İş üçün müraciətlərə baxııarkən, buna xüsusi önəm veririk. Çünki məzunlarımızın istər akademik göstəricilərinə, istərsə də tələbə vaxtı ictimai fəallığına yaxından bələdik. Digər universitetlərdən olan müraciət edən şəxslərin də ilk öncə CV-sinə baxırıq. Rəhbərlikdə müzakirə edirik. Ümumilikdə magistratura pilləsini başa vurmuş şəxslərə üstünlük verilir. Quba Rayon Məşğulluq İdarəsindən göndəriş vasitəsilə gəlmiş müraciətləri də incələyirik. Uyğun səriştələri və göstəriciləri olan şəxslərlə görüşüb yekun qərar veririk.
– Çox sağ olun. Son bir sualımız var. Qeyd etdiyiniz kimi universitetdə bütün şöbələrlə, bütün əməkdaşlarla sıx əlaqədəsiniz. Bu pandemiya dövründə sizin işinizdə sizə ağır gələn, işinizi çətinləşdirən nə kimi hallarla qarşılaşırsınız?
– Əsas çətinliyimiz sentyabr ayında olmuşdu. Çünki ilk dəfə idi ki, onlayn şəkildə müəllimlərin işə qəbulu prosesini həyata keçirdik. Sağ olsun, direktorumuz Yusif müəllim də onlayn şəkildə ərizələrin qəbul edilməsinə şərait yaratdı. Çətin proses olmasına baxmayaraq, bunun da öhdəsindən layiqincə gələ bildik.
– Ətraflı və geniş məlumatlarınız üçün sizə təşəkkür edirik. Biz sizin fəaliyyətiniz ilə yaxından tanış idik. İndi ictimaiyyətə də bunu geniş formada çatdıracağıq.
– Siz sağ olun, Cavid bəy. Mən sizə xüsusi təşəkkür edirəm. Həqiqətən də sizin üzərinizə böyük yük düşüb ki, həm ADPU-nun, həm də filiallarının tanıdılmasında bu cür maraqlısınız. İşlərinizdə sizə uğurlar arzu edirəm.
– Xoşdur, Sahilə xanım. İndi isə Ümumi şöbənin kargüzarı Hökümə xanıma bir neçə sualımız var. Salam, bir daha Hökümə xanım, ilk öncə özünüzü təqdim edin zəhmət olmasa.
– Salam, Cavid bəy. Mən Müzəffərova Hökümə Əfqan qızı. ADPU-nun Quba filialından Ümumi şöbənin kargüzarı vəzifəsini icra edirəm.
– Sizin fəaliyyətiniz nədən ibarətdir, Hökümə xanım?
– Şöbəyə daxil olan bütün sənədlərin qeydiyyatının aparılması, elektronlaşdırılması kimi fəaliyyətləri icra edirəm.
ADPU-nun Quba filialının Ümumi şöbəsi ilə bağlı reportjımız bu qədər. Bundan sonra da sizlərə filialda fəaliyyət göstərən digər strukturlar barədə geniş məlumatlar verəcəyik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?