ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub

02.03.2022
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub
Mart ayının 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin yenidənqurmadan sonrakı açılışına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən universitetin 100 illik yubileyi ilə əlaqədar təltif edilmiş əməkdaşlarına mükafatların təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev ( Emin Amrullayev ) və “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli yenidən qurulan Kitabxana-İnformasiya Mərkəzinin açılışını bildirən lenti kəsiblər. Daha sonra qonaqlar burada yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Təhsil nazirinə kitabxananın ən müasir elektron sistemlər əsasında qurulmuş iş prinsipi haqqında məlumat verilib.
Qeyd olunub ki, bu layihə korporativ sosial məsuliyyət prinsipini rəhbər tutan “BP Azərbaycan” şirkəti tərəfindən maliyyələşdirilib. Nəticədə ölkəmizin müəllim hazırlığının mərkəzi olan Pedaqoji Universitetdə ən müasir tələblərə cavab verən kitabxana-xidmət infrastrukturu formalaşdırılıb. Tələbə, magistr və doktorantlar üçün mərkəzdə rahat iş şəraiti yaradılıb.
Nazir E.Əmrullayev kollektivi təbrik edərək bildirib ki, kitabxana infrastrukturu istənilən ali təhsil müəssisəsinin fəaliyyətində ən vacib məsələlərdən biridir. ADPU-da belə fərqli mühitin yaradılması da təhsil xidmətinin təşkilində yeni stimuldur. Bu baxımdan layihə universitetin 100 illiyinə yaxşı hədiyyə hesab oluna bilər.
B.Aslanbəyli də öz növbəsində Universitet heyətini təbrik edərək hər zaman bu tip layihələrin icrasında maraqlı olduqlarını bildirib.
Rektor C.Cəfərov göstərilən diqqətə görə Təhsil Nazirliyinə və “BP Azərbaycan” şirkətinə Pedaqoji Universitetin kollektivi adından təşəkkürünü bildirib və vurğulayıb ki, ADPU 750 min nüsxə kitabxana fondu ilə ölkənin ikinci ən böyük universitet kitabxanasına sahibdir.
Rektor qeyd edib ki, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, müxtəlif özəl qurumların dəstəyi ilə ADPU-da bir çox yenidənqurma işlərinə imza atılıb. Bu da öz növbəsində dövlət, ictimai və özəl sektorun birgə əməkdaşlığı ilə təhsilimizin inkişafı yolunda uğurlu fəaliyyətin icra olunduğunun göstəricisidir.
Mərkəzin açılışında həmçinin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, habelə müxtəlif ali ali təhsil müəssisələrinin kitabxana rəhbərləri də iştirak ediblər.
Mükafatlandırma mərasimində təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, pedaqoji iş və pedaqoji kadrların hazırlanması istənilən təhsil sisteminin özəyidir. Bu mənada bu ADPU-da verilən təhsil ölkənin gələcəyini yönəldən strateji işdir. Burada verilən təhsil bəlli müddət sonra orta məktəblərimizdə öz əksini tapır. Bu baxımdan maddi resurslarla yanaşı bacarıqların aşılanması, şəxsiyyətin yetişdirilməsi prosesinə diqqətin artırılması vacibdir.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunandan sonra təhsil sisteminin qarşısında daha böyük hədəflər var. Artıq bu ilin sonunda Şuşada ilk məktəbin fəaliyyətə başlaması planlaşdırılır. Bu mənada ADPU-da yetişdirilən gənc müəllimlər qarşısındakı tələblər daha da çoxalır.
Son illər Pedaqoji Universitetdə aparılan islahatlar nəticəsində xeyli irəliləyişlər əldə edilib. Lakin biz bunlarla yanaşı daim dünya təhsil trendlərini izləyərək bu istiqamətdə müvafiq işlərin görülüməsi zəruridir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ADPU-nun 100 illik yubileyi münasibətilə “Azərbaycan Respublikasının Prezidentinin Fərdi Təqaüdü”, “Əməkdar müəllim” fəxri adı, “Tərəqqi” medalı, “3-cü dərəcəli Əmək ordeni”, “Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu” və “Şöhrət” ordeni təltif edilən 53 nəfər əməkdaşına mükafatları təqdim olunub.
Çıxış edən rektor prof. C.Cəfərov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək Pedaqoji Universitetin çoxminli professor-müəllim heyətinin onlar qarşısında qoyulan vəzifələrin ən yüksək səviyyədə icrası üçün daha da əzmlə çalışacağını vurğulayıb.
Tədbir çərçivəsində nazir E.Əmrullayev universitetdə TÜRKSOY kafedrasının, Heydər Əliyev Muzeyinin, Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan kompüter laboratoriyalarının fəaliyyəti ilə tanış olub, Filologiya fakültəsində yaradılan “Zəfər guşəsi”nə baxış keçirib. Həmçinin Filologiya və Riyaziyyat fakültələrində tələbələrin tədris prosesi müşahidə olunub.
Mərasimin sonunda xatirə fotosu çəkdirilib.
ADPU ailəsinə uğurlar arzulayırıq , xeyrli  olmasının diləyirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?