ADPU Quba filialına keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırıldı

14.05.2021
ADPU Quba filialına keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Badisəba xanım Köçərlinin 140 illik yubileyinə həsr olunan”Gender bərabərliyinin doğurduğu imkanlar: Regionlarda yaşayan qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyəti” mövzusunda esse  müsabiqəsinin qalibləri təltif edilib.

Zoom platforması üzərindən onlayn qaydada keçirilən təltifedilmə proqramı filialın direktoru Yusif Alıyevin  “Badisəba xanım Köçərli-140: Azərbaycan qadını bir əsr əvvəl və indi” mövzusunda çıxışı ilə başlanıb. Direktor tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğluna dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycan xalqının təşəkkül tapmasında Azərbaycan qadınının rolundan bəhs edib. Direktor nitqini Azərbaycan qsdınının təhsil alması üzərində qurub. Çar Rusiyasının azərbaycanlı qızların dünyəvi məktəblərdə təhsil alması, azərbaycanlı gənclərin azərbaycanlı xanımlarla ailə qurması yolunda törətdiyi çətinliklərdən bəhs edib. Çıxışda Azərbaycan qadınının təhsil alması uğrunda görülən işlər, Qori Müəllimlər Seminariyasının burada rolu və s.-dən bəhs edilib. Bildirilib ki, bu işdə Firudin bəy Köçərlinin rolu çox olub. Filialdakı 6 adlı təqaüddən birinin elə Badisəba xanım Köçərli adına təsis olunması vurğulanıb. Direktor həmçinin müsabiqənin keçirilmə şərtləri barədə məlumat verib. Bildirib ki, qalib esselər “Azərbaycan müəllimi” qəzetində də yayımlanacaq. Y. Alıyev tədbirin gedişinə uğurlar arzulayıb.

Daha sonra ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi riyaziyyat üzrə fəlsəfə doktoru Elnarə Axundova “Gənclərə dəstək olmaq borcumuzdur” mövzusunda çıxış edib. Bildirib ki, müasir dövrdə ölkəmizdə qadınlar gender bərabərliyi qorunmaqla bütün əhəmiyyətli vəzifələrdə təmsil olunurlar. Qadınlar elm sahəsində də aktiv iştirak edirlər. Çıxışda gəncələrə ruhdan düşməmək, doğru motivasiya mənbəyini tapmaq və təhsil alaraq məqsədlərinə çatmaq tövsiyə olunub.

ADPU Quba filialının Tələbə Elmi Cəmiyyətinin Mətbuat katibi, TCM 1902, III tədris ili tələbəsi Həqiqət Rəşidova çıxışını “Müasir Azərbaycan qadını-Mehriban Əliyeva hər zaman gənclərin yanındadır” mövzusuna həsr edib.  Vitse-Prezidentin gənclərə dəstəyi, bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

ADPU Quba filialı “Tarix-coğrafiya müəllimliyi” ixtisası, TCM 1802B (419) qrup tələbəsi Aydan Qədəşiyevanın “100 illər əvvəl  və indi  fərqlənməyi bacaran Azərbaycan qadını” mövzusunda essesi dinlənilib. Essedə Azərbaycan tarixi boyu təhsili ilə fərqlənən Azərbaycan qadınları, xüsusilə də Badisəba Köçərlinin fəaliyyətindən bəhs olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğlu ölkəmizdə milli şüurun oyanmasında Azərbaycan müəlliminin rolunu qeyd edib. Bildirib ki, belə müəllimlər arasında öndə gedən şəxsiyyətlərdənbiri də Firudin bəy Köçərli olub. O, dövlətin görəcəyi işləri öz üzərinə götürən dahi şəxlərdən olub. Badisəba xanım köçərlinin Firudin bəyin yolunu davam etdirməsi və Azərbaycan maarifi yolunda etdiyi fədakarlıqlar şərh olunub.

ADPU Quba filialı “Məktəbəqədər təlim tərbiyə” ixtisası, MQT 1801B (805), Gülşən Məmmədovanın “Gender bərabərliyi uğrunda əzmkar mübarizə” adlı essesi dinlənilib.

Filialın “Azərbaycan dili ədəbiyyat  müəllimliyi” ixtisası , I tədris ili AZD2001 Aişə Abbaszadə “Gender problemi və gender bərabərliyinin təmin olunması” mövzulu essesində bu bərabərliyi təmin etmənin əsas yolları sadalanıb.

“Azərbaycan dili ədəbiyyat  müəllimliyi” ixtisası , I tədris ili AZD2002 Nuridə Həsənova “Azərbaycanda qadın fəallığının mənbələrində  tarixi palitra” mövzusunda essesini təqdim edib. Esse bir sıra ziyalıların problemə həsr olunan kəlamları ilə yadda qalıb.

Filialın Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 3-cü kurs tələbəsi Mustafayeva Validə Araz qızı “Gender bərabərliyinin doğurduğu imkanlar:Regionlarda yaşayan qadınların ali təhsilə cəlb edilməsinin əhəmiyyəti” adlı essesi ilə çıxış edib.

Sonda ADPU Quba filialının direktor müavini Aysel Şeydayeva müsabiqənin təşkilini zəruri edən səbəblər və onun nəticələri, tələbələrə qazandırdığı imkanlardan söz açıb. Bildirib ki, müsabiqə tələbələrin konfranslara çıxış bacarıqlarını formalaşdırıb. A. Şeydayeva müsabiqə iştirakçılarının sertifikatla təmin olunacağını bildirib və təşkilatçılara təşəkkür edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?