ADPU-nun Quba filialında “Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir” adlı tədbir keçirilib

22.02.2023
ADPU-nun Quba filialında “Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir” adlı tədbir keçirilib
21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə filialın Heydər Əliyev lektoriyasında Humanitar sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir” mövzusunda diskussiya keçirilib.
Diskussiyada kafedranın bütün müəllimləri iştirak ediblər. Əvvəlcə Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e. dosent Gülşən Ağabəy çıxış edib: “Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Bizim ana dilimiz doğma respublikamızın dövlət dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir, dosta məhəbbət, düşmənə nifrət dilidir.” Sonra dosent Gülşən Ağabəy bütün kollektivi 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edib, sözü filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p ü.f d. A.Şeydayevaya təqdim edib.
P.ü.f.d.A.Şeydayeva da öz növbəsində qeyd edib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral – Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur. Sevindirici haldır ki, filialda da direktorumuz fizika elmləri doktoru Yusif Alıyevin təşəbbüsü ilə ana dilimizə qayğı sərgilənir, işgüzar sənədləşməyə, elmi məqalələrin yazılmasına istiqamətlənmiş təlim və seminarlar keçirilir.
Daha sonra “Azərbaycan dilinin aktual köklü problemlərinə müasir səviyyədə münasibət” mövzusu ətrafında müzakirələrə başlanılıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin böyük elmi işçisi f.ü.f.d. Zamiq Təhməzov qeyd edib ki, müasir Azərbaycan dilinin problemləri ətrafında tədqiqat aparmaq və saatlarla danışmaq olar, gəlin əvvəlcə diqqət edək ki, “müasir Azərbaycan dili” hansı dövrləri əhatə edir. Adətən bu dövrün əhatə etdiyi illərlə bağlı müxtəlif dilçilərin fikirləri də üst üstə düşmür. Müasir Azərbaycan dilinin əhatə etdiyi dövrü müstəqillik dövründən bu yana qəbul etsək, bu baxımdan bəzi məsələlərə diqqət etmək olar.Məsələn, dərman preparatlarında içlik vərəqələrinin Azərbaycan dilində olması və məlumat dilinin xəstələr üçün aydın olması məsələsi vacib olsa da, lakin bununla bağlı çox vaxt düzgün olmayan tərcümələrlə qarşılaşırıq.
Bu səbəbdən də dərman vasitələrinin tərcüməsi ilə yalnız həmin ölkənin dilini bilən deyil, həm də Azərbaycan ədəbi dilini, qrammatikasını, eləcə də tibb sahəsindən məlumatı olan biri məşğul olmalıdır. Daha sonra Z.Təhməzov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunur. Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Sonda isə
saytlarda yol verilən üslüb və qrammatik səhvlər, televiziya aparıcılarının nitqində yol verdikləri qüsurlar, müasir dövrdə uşaqlara qoyulan adlar və bu kimi digər məsələlərlə bağlı apardığı tədqiqatlardan nümunələr gətirmişdir.
Sonra Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış edərək bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.Dilimizi qorumaq üçün nə etməliyik? Əvvəlcə bizlər- gələcəyin müəllimlərini yetişdirən ziyalılar olaraq payımıza düşən məsuliyyəti daha dərindən dərk etməli və bir sıra işlər görməliyik. Məsələn, Filialda Redaktor qrupu yaratmaqla bəzi sənədləşmələrdə yol verilən səhvləri aradan qaldırmaq, gənclərə nümumə yaratmaq olar. İşə ilk olaraq buradan başlamalıyıq.B/m E.Şeydayev daha sonra qeyd edib ki, gələcək müəllimlərimizin qarşılaşdığı məsələlər içərisində mətn materialları ilə işin aparılması da var.Bu sahədə təcrübi məşğələləri mütləq gücləndirməliyik.Daha sonra bildirib ki, unutmayaq ki, uşaqlarımızın 70%-nin öyrənmədiyi dil ölümə məhkumdur.
Çıxış edən Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi f.ü.f.d Vüqar Teymurxanlı qeyd edib ki, Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu səbəbdən də dilimizi yad ünsürlərin təsirindən qorumalı, publisistik üslubun hazırda daha çox ədəbi normalara təsirini azaltmalıyıq.
Çıxış edən Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev qloballaşma şəraitində milli dillərin qorunması məsələlərinə toxunub, “Nəvəm dil açır” şeirini səsləndirib.Kitab oxumağın əhımiyyətini vurğulayıb, bildirib ki, dünya nə qədər İKT sahəsində inkişaf etsə də, kitablar ən əsas bilik mənbəyi olaraq qalacaqdır.
Diskussiyada kafedranın müəllimlərindən əlavə filialın Tədris şöbəsinin müdiri M.T.Bağırova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri S.F.Hacıyeva, Təbiət fənləri kafedrasının laborantı S.N.Hacıyeva, Riyaziyyat və təbiət elmləri fakültə dekanlığının əməkdaşı N.M.Şirinova da iştirak edib, sonda diskussiyanın nəticələrinin təkliflər şəklində hazırlanaraq, bu istiqamətdə addımların atılması üçün qərar qəbul edilmişdir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?