Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində səfərdə olub

15.08.2022
Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində səfərdə olub

Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır.

Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir.

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir. Ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür.

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir.

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq;

10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi.

Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər.

Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil.

Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir.

Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?