Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə “Dilimin gözəlliyi” adlı esse müsabiqəsi ? keçirilib. Müsabiqə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmişdir.
Müsabiqədə ADPU-nun Quba filialının tələbəsi Əmirbalayeva Sevda xanım yazdığı esse ilə fərqlənməyi bacarıb və Sertifikata layiq görülüb
Dəyərli tələbəmizi filialın direktoru dosent Yusif Alıyevin və kollektivin adından təbrik edirik.
Azərbaycan Dövlət pedaqoji Universiteti (Quba filialı)
Fakültə-Pedaqoji
İxtisas-Təhsildə sosial-psixoloji xidmət
Tələbə-Əmirbalayeva Sevda
Kurs- lV
Mənim ana dilim
Hər bir ölkənin tanınmasında, var olmasında digər atributlarla yanaşı ən zəruri və önəmli amillərdən biri də, həmin ölkənin dilidir. Bu baxımdan Azərbaycan xalqının dili Azərbaycan dilidir. Azərbaycan dili hər bir azərbaycanlı kimi mənimdə ana dilimdir. Mənim ana dilim dosta məhəbbət, düşmənə nifrət dilidir. Azərbaycan dili qədim və zəngin dildir. Mən biraz Azərbaycan dilinin tarixindən danışmaq istəyirəm. Keçmiş dövrlərə gedib çıxan bu dil axıcılığı, ahəngdarlığı və sadəliyi ilə tanınır, digər dillərdən fərqlənir. Uzun tarixi mərhələlərdən keçən Azərbaycan dilimiz mükəmməl əlifbaya, kamil qrammatika quruluşuna malik bir dildir. Azərbaycan dilinin və xalqının təşəkkülü 3-7 əsrlərdə baş vermiş,7-8 əsrlərdə başa çatmışdır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Dilimiz tarixən türk dili,türkü,türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Keçən əsrlərdə şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də, əsərlər yazırdılar. 1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan respublikasının dövlət dili türk dili olmuşdur. Yalnız 1995-ci ildə müstəqil dövlətimizin konstitusiyasında Azərbaycan respublikasının rəsmi dili Azərbaycan dili elan edilmişdir. 1999-cu ildə Banqladeş səfirinin təklifi ilə UNESCO tərəfindən 21 fevral ana dili günü elan edilmişdir. 2001-ci il iyunun 18-də Azərbaycan dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında fərman verilərək latın qrafikalı əlifbadan istifadə edilməyə başlandı. Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi və mədəni yerlərdə işlədilir. Buda ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü mükəmməl siyasətin nəticəsidir. Ana dilimiz bizim üçün müqəddəsdir. Varlığımız, vicdanımız, fəxrimizdir. Buna görədə,biz bir vətəndaş olaraq öz borcumuzu yerinə yetirməli, ana dilimizi göz bəbəyimiz kimi qorumalıyıq. Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycan, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə danışır. Respublikamızın qədim sakinlərindən olan azsaylı xalqlar da (ləzgilər, tatlar, talışlar, avarlar və s.) Azərbaycan dilindən ünsiyyət vasitəsi kimi istifadə edirlər.
Ana dilimizin gözəlliyini müqəddəsliyini ədiblərimiz əsərlərində mükəmməl şəkildə vəsf etmişdir. Onlardan biri Tofiq Bayramın “Ana dili” şeiridir. Bu şeirdə bir-iki bəndin üzərində xüsusilə dayanmaq istərdim.
“İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərindən acıdır dilim,
Öz ana dilini bilməyənlərə.”
Bu misralarla şair öz ana dilini bilməyənlərə dərin nifrətini bildirərək, onları sahilin gözəlliyindən məhrum edib, dəhşətli qəzəbini ümman edir, bildirir, hətta şair nifrətini daha dolğun ifadə etmək üçün, öz ana dilini bilməyənlərə acının ən zəhərlisi olan ilan zəhərinin belə az olduğunu qeyd edib.
“ Mən qədim ‘Qarabağ şikəstəsi’yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm,
Öz ana dilini bilməyənlərə.”
Bu misralarda isə bəlli olur ki, öz ana dilini bilməyənlərə nifrət əsrlər boyunca olubdu, bunu Səməd Vurğunun, Vaqifin şeirlərində də, görmək mümkündür, hətta bu şairlərin ana dilini bilməyənlərə nifrəti o qədər böyük olmuşdur ki, şeirlərdə ana dilini bilməyən şəxslərə nifrət rəmzi kimi onların adından istifadə edilmişdir.
Sonda fikrimi nəticə olaraq ümummilli liderimiz Heydər Əliyevin sözlərinə dayanaraq bitirmək istəyirəm; “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.”
Məndə gələcəyin psixopedagoqu olaraq, ana dilimizin qorunub saxlanılmasında, inkişafı yolunda peşə və ən əsası vətəndaşlıq borcumu yerinə yetirərkən yetişməkdə olan uşaqlarımıza ana dilimizi aşılamağı, sevməyi, qoruyub saxlamağı öyrətməyi özümə vəzifə bilir və bunun üçün müxtəlif metodlardan istifadə etməyi vacib bilirəm, çünki bir millətin özəyi olan ana dilimiz olmasa bizdə bir millət olaraq məhv olarıq.