“Gənclər günü” münasibətilə Azərbaycanlı gənclərin təhsilinin stimullaşdırılması istiqamətində bu işlər görülüb – MDB və Şərqi Avropa ölkələrində ilk dəfə
ADPU Quba filialı bütün gənc tələbə və müəllim heyətini Gənclər günü münasibətilə təbrik edir.
Günün maraqlı tərəflərindən biri isə onun MDB məkanı və Şərqi Avropa ölkələrində ilk dəfə Azərbaycanda qeyd edilməsidir. 1997-ci ildən Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də qeyd olunmağa başlayıb. Ölkəmizdə bu gün 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiqlənib. Dünyada isə yalnız 1998-ci ildə Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlayıb.
Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıb. İlk forum isə 1996-cı il fevralın 2-də baş tutub. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verib.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub.
Prezident 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Nəticədə 2007-ci il “Gənclər ili” elan edilib.
2007-ci ildə prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. 2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Gənclərin cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədini qoyulub. Həmçinin Gənclər Fondu ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. 2020-ci ildə keçirilən müsabiqəyə ümumilikdə 1446 müraciət daxil olub. Müsabiqə nəticəsində 528 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib. Gənclər Fondunun 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında isə 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.
Gəncləri stimullaşdırmağa xidmət edən digər mühüm qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.
Bundan əlavə, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bu, gənclərin təhsili üçün investisiya hesab olunur. Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir.