Bu gün 2021/2022 – ci il payız imtahan sessiyası ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında çalışan professor-müəllim heyəti ilə filialın direktoru dosent Yusif Alıyevin onlayn görüşü baş tutmuşdurGörüşdə dosent Yusif Alıyev əvvəlcə bütün kollektivə bir daha yeni təqvim ili münasibətilə təbriklərini çatdırmış, 2022-ci ilin həm filialımız, həm də filialın əməkdaşları üçün daha da uğurlu, yeniliklərlə dolu olmasını arzu etmişdir. Ötən 2021-ci ilin ADPU və eyni zamanda filialımız üçün də əlamətdar hadisələrlə keçən il olduğunu vurğulayaraq, qazanılan uğurlar haqqında qısa nəzər salmışdır. Sözünə davam edərək bildirmişdir ki, 05.01.22-ci il tarixindən etibarən məsuliyyətli bir proses başlayır. Demək olar ki, iki illik onlayn formada keçirilən imtahan prosesi bu il təhsilin ənənəvi formada bərpası ilə əvvəlki formaya qayıtmışdır. Bununla bağlı vacib qeydləri bildirən dosent Y.Alıyev 2021/2022-ci il payız sessiyası üçün bütün lazımi və vacibli proseslərin tamamlandığını, İmtahan Qərargahının yaradıldığını diqqətə çatdırmışdır. İmtahan komissiyasının bütün üzvləri ilə görüşdüyünü, qarşımızdakı proses ilə daha yaxından tanış olduğunu və zəruri qeydlərini bildirdiyini nəzərə çatdırmışdır. Bildirmişdir ki, imtahan prosesinin uğurlu keçməsi üçün bütünlükdə kollektivin birgə səyinə inanır, İmtahan prosesində bütün əməkdaşlara, eyni zamanda tələbələrə uğurlar arzu edərək, daha ətraflı məlumat üçün sözü İmtahan qərargahının sədr müavini Hikmət Musayevə vermişdir.
H.Musayev də öz növbəsində vacib məlumatları, tələbələr, nəzarətçi müəllimlər və imtahan yoxlayan müəllimlər üçün hazırlanan təlimatları nəzərə çatdıraraq bildirmişdir ki, ADPU-nun Quba filialında İmtahan sessiyası Təhsil Nazirliyinin 10.12.2021-ci il tarixli F/570 saylı əmrinə əsasən təşkil olunmuşdur. Payız imtahan sessiyası filialın Akademik təqviminə uyğun olaraq tamamlanıb və ənənəvi formada ayrı-ayrı auditoriyalarda keçilməsi planlaşdırılmışdır. İmtahanın təşkili qaydaları ilə bağlı məlumatlandırıcı təqdimatların hazırlanaraq həm tələbələrin, həm də imtahan prosesində iştirak edəcək əməkdaşların nəzərinə çatdırıldığını xüsusilə vurğulamışdır.
Görüşün sonunda İmtahan sessiyasına dair hazırlanmış videoçarx verilmişdir. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.