Yeni Azərbaycan Partiyasının yaranmasına əngəl olmaq istəyənlər əslində Azərbaycan dövlətçiliyinə qarşı çıxırdılar. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər YAP-ın qurultayı Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi və bənzərsiz fəaliyyətinin nəticəsi olan Yeni Azərbaycan Partiyası və bu hakim siyasi partiyanın faəliyyətində qadınların rolu haqqında fikir söyləmək sözün həqiqi mənasında azərbaycanlı üçün böyük fəxrdir.
Ulu Öndərin bir qiymətli kəlamı Azərbaycan vətəndaşının bütün ömür və fəaliyyət yolunu, düşüncələrini, vətəninə, xalqına, münasibətini özündə tam mənasıyla açıqlayır: “Vətənin, xalqın taleyi hər birimizin taleyinə çevrilməlidir”, “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!”
Azərbaycan qadını bugün öz fəaliyyətini elə qurur ki, hər çıxışında Azərbaycan qadının mübarizliyindən, tarixən keçib gəldiyi böyük, şərəfli yoldan qürurla söz açan mərhum prezidentimiz Heydər Əliyevin biz qadınlara olan güvənini onun yoxluğunda belə boşa çıxarmasın.
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hakim siyasi partiyanın mübariz bir dəstəsidir və heç də təsadüfi deyildir ki, bu dəstədə Azərbaycan qadınlarının mübariz hissəsi toplanmışdır. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası dövlətimizin və xalqımızın həyatında baş verən bütün taleyüklü proseslərdə yaxından iştirak edir.
1995-ci ildə Ulu öndərin tövsiyəsi ilə YAP-ın tərkibində qadın şuralarının yaradılması Azərbaycan milli mentalitetinə uyğun bir hadisə idi, həmçinin qədim mənəvi dəyərlərdən cəmiyyətimizi möhkəmləndirmək üçün istifadə etmək təşəbbüsü idi.
Öz siyasi liderinə hər zaman etibar edən Azərbaycan qadınlarının qabaqcıl hissəsi bu təşəbbüsü bəyəndi, şüurlu surətdə ona qoşuldu. Bu gün isə bu sıralarda qadınların sayı nəzərə çarpacaq dərəcədədir. Çünki Azərbaycan qadını artıq yalnız ana, ailə himayədarı deyil, həmdə təhsil işçisi, siyasətçi, hakim, dövlət xadimidir.
Bu gün Quba rayonunda da qadınlar İcra Hakimiyyəti başçısının müavini, məktəb direktoru, bağça müdiri, baş həkim, bələdiyyə işçisi, direktor müavini və sair kimi müxtəlif vəzifələrdə çalışaraq rayonun, ümumilikdə dövlətin inkişafı üçün əlindən gələni edir. Bizlər də YAP Qadınlar Şurası təşkilatçıları olaraq bütün görülən işlərə öz töhfələrimizi verməyə çalışırıq. Yerlərdə müxtəlif maarifləndirici söhbətlər, diskussiyalar aparılır, gənclərin sosial və digər qayğıları ətrafında əlimizdən gələn problemlərin həllində yaxından iştirak edirik.
Təbii ki, qadınlarımızın qazandığı uğurların təməlində Azərbaycanın müstəqilliyi, Azərbaycan vətəndaşına olan dövlət qayğısı, müstəqil dövlətin inkişaf yolu dayanır. Bu gün əyər bizlər burda öz fikirlərimizi sərbəst ifadə edə biliriksə, təhsilimizlə, iqtisadiyyatımızla, mədəniyyətimizlə, ən əsası da azərbaycançılığımızla dünyaya inteqrasiya edə biliriksə bu siyasi tariximizə dahi şəxsiyyət kimi daxil olmuş ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyində, onun mənəvi siyasi, ictimai həyatında misilsiz xidmət göstərməsi, mənəvi dəyərlərimizə və dünya təcrübəsinə əsaslanan idarəetmə sisteminin yaradılması və bu sistemin inkişaf etdirilməsinə minnətdar olmalıyıq. Heydər Əliyev siyasəti və hörmətli cənab prezident İlham Əliyevin bu siyasəti uğurla dəstəkləməsi, davam etdirməsi nəticəsində dünyaca şöhrətli Azərbaycan qadını dedikdə yadımıza təkcə Sara xanım, Burla xatun düşmür, bu sıralarda artıq təkcə Azərbaycanda deyil, bütün dünyada özünü tanıtmış Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ilk xanım olimpiya çempionu- Zemfira Meftahaddinova, gənc alim Reyhan Camalova və digərləri
da düşür. Bu isə dünya ölkələri içərisində öz müstəqilliyini yenicə qazanmış Azərbaycan dövləti üçün az nəticə deyil.
Yeni Azərbaycan Partiyası tərkibində də bugün Azərbaycan qadını digər məsuliyyətli işlərdə olduğu kimi öz sözünü deyə bilir. Bu partiyanın tərkibində qadınlar artıq yerlərdə dini radikalizmlə, zərərli vərdişlərlə mübarizə, erkən nigahlar, qadın zorakılığına son, gender bərabərliyinin, dövlət qadın siyasətinin müasir dövrdə yaratdığı imkanlar, vətənpərvərlik, qadınların təhsilə cəlb edilməsi, dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində qadınların rolu və bu kimi mövzularda maarifləndirici söhbətlər aparır, müxtəlif layihələrdə qadınların iştirakına şərait yaradır.
Bu gün Yeni Azərbaycan Partiyasının tərkibində olan xanımlar sırasında Qubada gənc alim və doktorantlar, müəllimlər, rəhbər işçilər, həkimlər, evdar xanımlar yer alır. Bugün Beynəlxalq və respublika səviyyəli konfranslarda, elmi seminarlarda, təlimlərdə Quba qadınları fəal iştirak edir, özünü, yaşadığı regionu tanıdır. Qubalı xanımlar müxtəlif kitabların, monoqrafiyaların, proqram və dərsliklərin müəllifidir. Onlar beynəlxalq layihələrdə iştirak edir, qrantlar qazanır, təbii ki, bu əsnada Azərbaycan qadınını bu siyasi partiyanın tərkibində inkişafa, gələcəyə ruhlandırır.
Sonda onu qeyd etmək istəyirəm ki, xalqımızın taleyində misilsiz rolu olan, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı, qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış Ümummilli liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiramımız bu gün biz qadınlarda vətənpərvərlik hisslərini daha da gücləndirir.
Aysel Şeydayeva
YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü, ADPU-nun Quba filialının direktor müavini