Yaxın tarixə nəzər salsaq 2019-cu il 2 Fevral Gənclər Günü münasibətilə təşkil edilən tədbirdə Cənab İlham Əliyevin çıxışı əslində Azərbaycan gəncliyinə bir çağırış idi. Prezident İlham Əliyev gənc yaşlarındakı fəaliyyətini bugünkü Azərbaycan gəncliyinə nümunə göstərərək vurğulamışdı ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə gənclər heç bir vaxt naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi öz əllərindədir. Cənab İlham Əliyevin çıxışından aydın olan, indiyədək bilmədiyimiz bəzi həqiqətlərdən də agah oldu. Və ölkə rəhbərinin nitqində agah olan bu həqiqətlər Azərbaycan gəncliyi üçün ən mükəmməl nümunənin məhz İlham Əliyevin özünün, sözünün və fəaliyyətinin olduğunu təsdiq etmiş oldu.
Çıxışında bugünkü gəncliyə inandığını, güvəndiyini xüsusi vurğulayan prezident İlham Əliyev Azərbaycan gənclərinin ən böyük hamisi kimi onlara həm çağırış etdi, həm də qarşılarında duran vəzifələri dəqiq müəyyənləşdirdi:” Milli ruhda tərbiyə almalı, vətənpərvərlik ovqatında olmalı, təhsilə çox böyük fikir verməli, peşəkar və fəal olmalı, xalqının maraqları hər şeydən üstün tutulmalı və dövlət maraqları, milli mənafeyi, müstəqilliyi layiqincə qorumalı…”
Biz bu çıxışın üzərindən qısa bir müddət keçdikdən sonra, 2020-ci ildə nəyin şahidi olduq? Bütün Azərbaycan gəncliyi bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün ayağa qalxdı, birləşdi, əsgər kimi səngərdə, ziyalı kimi dünya ictimaiyyəti qarşısında, şəxsiyyət kimi isə informasiya mühitlərində döyüşdü və QALİB oldu.
Haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan dövlət olaraq bu Vətən Müharibəsindəki qalibiyyətə məhkum idi.Çünki biz xalq və dövlət olaraq haqlı mübarizəyə qoşulmuşduq, işğalçılardan əbədi və əzəli torpaqlarımızın azad edilməsi mübarizəsinə. Ən qürurlandırıcı məqamlardan biri də o oldu ki, Vətən Müharibəsində Azərbaycan gəncləri bütün qətiyyətləri, məsuliyyətləri, Vətən, dövlət, xalq sevgiləri ilə, qanları, canları bahasına döyüşdülər.
Martın 5də keçirilən YAP-ın VII qurultayı da istər partiyanın, istərsə də ictimai münasibətlər sistemimizin tarixində mühüm hadisə kimi çox əhəmiyyətli idi. Yeni Azərbaycan Partiyasının VII qurultayında da Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi:
“Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.
Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”
Prezident İlham Əliyev özünün çıxışlarında hər zaman Azərbaycan xanımlarının, Azərbaycan gənclərinin ictimai-siyasi və humanitar proseslərdə, dövlət əhəmiyyətli işlərdə göstərdiyi səyləri nəzərə alaraq bu insanları həmişə novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir.
Bu gün hamıya məlumdur ki, dövlətin gənclər üçün, qadınlar üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, həm də özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməyə sövq edir.
Təbii ki, bu məqsədlə dövlət üzərindəki cavabdehliyi layiqincə yerinə yetirir. Dövlətin uğurlu siyasəti iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün mühüm tədbirlər görülür, gənclərə, qadınlara geniş fəaliyyət imkanları yaradılır, müxtəlif strukturlarda, rəhbər vəzifələrə seçkilərdə üstünlük verilir. Azərbaycanın ən qədim, həm də inkişaf etmiş rayonlarından olan Quba rayonunda da bu nümunəyə aid yetəri qədər faktlar vardır.
Doğrudan da cəmiyyətdə insanlar arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması, onların Vətənpərvərlik ruhunda, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə alması möhtəşəm Qələbəmizə, torpaqlarımıza qovuşmağımıza səbəb oldu. Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etdilər.Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdilər. Bu Qələbə tarixi hadisəyə çevrildi. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.Bundan sonra isə artıq yeni dövr başlayır.Və bizlər bütünlükdə dövlətin, Ölkə Rəhbərinin ətrafında sıx birləşərək Azərbaycanın daha da inkişafı, yeni proseslərə uğurlu addımlarla qoşulması üçün töhfələr verməliyik. Cənab Prezidentin də Yeni Azərbaycan Partiyasının VII qurultayında dediyi kimi:
“Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.”
ADPU-nun Quba filialının tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva