Xaricdə təhsil

13.09.2023
Xaricdə təhsil

Yaşlı müəllimlərin getməsi məktəblərdə təcrübənin tükənməsinə səbəb olur.The Secret Teacher

    Mənim kimi gənc müəllimlərə təcrübəmizi inkişaf etdirməyə kömək edən peşəkar pedaqoqları itirməyə davam etməyimiz tədrisin keyfiyyətinə mənfi təsir  göstərəcək.

    Məktəbimdə şagirdlər və heyət tərəfindən çox sevilən bir müəllim var. O, bir zamanlar bəzi şagirdlərimizin valideynlərinə də dərs demiş, illərin təcrübəsi olan fədakar və işgüzar bir pedaqoqdur. Məktəb onun çətin mövzuların öhdəsindən necə gəlməyindən tutmuş pis davranışın idarə olunmasına qədər təcrübəsindən hər gün faydalanır. Bir çox cəhətdən o, əvəzolunmazdır.

    Heyif ki, biz onu itirmək üzrəyik. Heç vaxt baxılmayan məlumatları qeyd etməyə məcbur edildiyindən və şagirdləri ruhdan salan əzbər öyrənməyə yönəlmiş fənləri tədris etməli olduğundan, icrası üçün imzaladığı işi yerinə yetirə bilməyəcəyini hiss edir. Lakin o, peşəsindən ayrılmalı olan yaşlı, daha təcrübəli müəllimlərdən sadəcə biridir.

    Müəllimlərin orta yaşı aşağı düşür. 2013-cü ildə OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tədris və öyrənmə üzrə beynəlxalq rəy sorğusu İngiltərədəki orta məktəblərdə müəllimlərin orta yaşının 39 olduğunu müəyyən edib ki, bu da qlobal orta göstəricidən təxminən dörd yaş kiçikdir. Hökumət rəqəmləri göstərir ki, yaşlı müəllimlərin sayı 2010-cu ildən bəri əhəmiyyətli dərəcədə azalıb. Yaşlı, təcrübəli müəllimləri daha gənc, təcrübəsiz şəxslərlə əvəz etməyin təsirini ölçmək çətindir. Aydındır ki, bu, şagirdlərə, gənc müəllimlər və daha çox da müəllim peşəsinə mənfi təsir göstərəcəkdir.

Mən özümü ümidsizcə daha bir “köhnə qvardiya üzvü” olmağa hazır hiss etmirəm

    Bir neçə ildən sonra mən də müvafiq iş stajı və təcrübə gözləntiləri ilə İngiltərə üçün orta yaşdan yuxarı müəllim olacağam. Lakin mən özümü ümidsizcə daha bir “köhnə qvardiya üzvü” olmağa hazır hiss etmirəm. Dərslərimdən şagirdlərim zövq alır və kifayət qədər yaxşı çalışırlar, lakin fəaliyyətimdə yaşlı həmkarlarımın məsləhətlərinə güvənirəm.  

    Onların dərs ilinin ilk günündə sinifimi necə təşkil etmək və sonra onu davranışa uyğunlaşdırmaq, müəyyən mövzuların tədrisi zamanı lazım olan təfərrüat səviyyəsi haqqında qızıl kimi tövsiyələri işimdə böyük fərq yaratmışdır. Onların fikirləri dərslərimi şagirdlərim üçün daha mənalı etməyə kömək etmişdir.

    Məktəblərimizdə gənc müəllimləri təkmilləşdirməyə kömək etmək üçün lazım olan rol, model nümunələrindən məhrum edən təcrübə boşluğu yaradılmaqdadır. Formal olaraq müəllim hazırlığı, 12.000 fut yüksəklikdə bir təyyarədən atılmadan əvvəl sənə paraşütün necə işlədiyini izah etmək kimidir. Müəllim olmaq illər tələb edir: bu, ən yaxşı təcrübənin təcrübəli həmkarlardan yeni işə qəbul olunmuş şəxslərə ötürülməsindən ibarət ömürlük şagirdlikdir.

    Yeni ixtisaslı müəllimlərin enerji və uyğunlaşma baxımından bir çox güclü tərəfləri vardır, lakin onlar müəllimlik sənətində mütəxəssis deyillər və onların yetişmələrini gözləmək də olmaz. Deyəsən, yüksək səviyyədə təcrübəli mütəxəssislərimizi itirməklə, təhsilin ümumi keyfiyyəti nəsildən-nəslə aşağı düşəcək.

    Müəllimlərin getdikcə enməkdə olan orta yaşının (gəncləşmənin – S. R) qarşısını almağın yeganə yolu peşə mədəniyyətini dəyişdirmək və insanlarda işdə qalmaq həvəsi yaratmaqdır.

    Ancaq təcrübəsi onillikləri əhatə edən həmkarlarının yanında çalışmaqdan cəmi bir neçə il zövq ala bilmiş mənim kimi müəllimlər üçün hər hansı bir real dəyişiklik çox gec gələcək. Onların rəhbərliyi, inamı və təcrübəsi olmadığı üçün tədrisdə nəyin daha əhəmiyyətli olması barəsində bilik boşluğumuz var, bax problem budur.

“The Guardian” 12 May 2018

The Secret Teacher (Məxfi Müəllim) “Gardian” qəzetinin anonim bloqudur, burada müəllimlər istədiklərini olduğu kimi deyə bilərlər.

İngiliscədən çevirdi:

Rahib Alpanlı (Sədullayev),  ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?