2020-ci il Azərbaycan tarixində 44 günlük Vətən müharibəsi ilə yadda qaldı. İllərdir, işğal altında olan torpaqlarımız erməni vandallarından azad olundu. 10 noyabrda Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə yüzlərlə şəhid verdik,həmçinin qazilərmiz və itkinlərimiz oldu. Son məlumata görə müharibədə 2900 Vətən oğlu şəhid olub.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Qubadan olan kəşfiyyatçı Abbasov Bəşir Nizami oğludur.
Bəşir 22 iyul 1998-ci ildə Quba şəhərində anadan olmuşdur. O 2005-2013-cü illərdə Quba şəhər H.Əliyev adına 1 saylı tam orta məktəbdə, 2014-2016-cı illərdə isə Siyəzən şəhər N.Əsədov adına 4 saylı tam orta məktəbdə təhsil almışdır. İdmanla da maraqlanan Bəşir bu sahədə bir sıra uğurlar qazanmışdır. Abbasov 2016-cı ilin iyulundan 2018-ci ilin yanvarına qədər müddətli hərbi xidmətdə XTQ-də xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra müxtəlif işlərdə çalışmışdır. Lakin uşaqlıqdan hərbiçi, kəşfiyyatçı olmaq arzusu 2019-cu ildə Bəşiri yenidən bu sahəyə gətirdi. MAXE əsgər kimi B.Abbasov 2020-ci il sentyabrın 27-i başlayan Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüşdür. 5 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə 11 silahdaşı ilə birlikdə ən ali mərtəbəyə-Şəhidlik zirvəsinə ucalmışdır.
Bəşirin atası Abbasov Nizami I Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Bəşir də atasının yolu ilə getdi, doğma torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində yaxından iştirak etdi. Bəşirin Vətənə, torpağa, müqəddəs üçrəngli bayrağımıza olan sevgisini yaxın ətrafı çox yaxşı bilirdi. O, 8 oktyabr 2020-ci ildə müqəddəs üçrəngli bayrağa bükülərək canından çox sevdiyi torpağa tapşırıldı.Nizami ata, Elnurə ana bir bacının tək qardaşını Vətən torpağına əmanət etdilər.
Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Abbasov Bəşir Nizami oğlu şəhadətindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Bu gün 23 yaşı tamam olur qəhraman balamızın.Yaşasaydı bu gün ailəsi, qohum-qardaşı Bəşiri təbrik etmək üçün evinə yığışacaqdı. İndi isə Bəşir bizə cənnətdən fəxrlə baxır. Axı doğma Qarabağımızın azad olunmasında onun da zəhməti var.İndi onu təbrik etmək üçün yalnız ailəsi, qohum-qardaşı deyil, şəhadətindən sonra onu tanıyan hər kəs müqəddəs ünvana –Quba Şəhidlər xiyabanına yığışacaq.
Ad günün mübarək,qəhrəman Bəşir.Ad günün mübarək,Vətən üçün canından keçən el oğlu. Allah şəhidlik qatında mərtəbəni yüksək etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.
ADPU Quba filialının “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Elnarə Axundova