ADPU-nun Quba filialının “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə 2020-ci il məzunu, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi İsmət Əhmədov filialın Pedaqoji və ictimai fənlər kafedrasında 2021/2022-ci tədris ilində müəllim kimi fəaliyyətə başlayıb.
İsmət müəllimi təbrik edir, elmi və iş fəaliyyətində uğurlar arzu edirik.
PS.İsmət Əhmədovun bizə ünvanladığı yazını sizlərə təqdim edirik:
“Əvvəlcə özüm haqqında məlumat vermək istərdim: Mən İsmət Kamal oğlu Əhmədov, 17.11.1996-cı ildə Quba rayon Xınalıq kəndində anadan olmuşam. 2014-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olunmuşam, 2018-ci ildə həmin universiteti bitirmişəm. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasının “İbtidai sinifdə tədrisin metodika və metodologiyası” ixtisaslaşması üzrə magistratura pilləsi üzrə təhsilimi davam etmişəm. 2020-ci ildə həmin universiteti bitirmişəm. 2020-ci ilin iyul ayından, 2021-ci ilin iyul ayına kimi hərbi xidmətdə olmuşam. 2020-ci il Sentyabr ayın 27-si günü başlayan II Qarabağ müharibəsinin iştirakçısıyam. Özüm Qarabağ veteranıyam.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşam.
İş ilə əlaqədar olaraq ADPU-nun Quba filialının direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif İmrayıl oğlu Alıyevin qəbulunda oldum. Məni çox səmimi qarşıladı və Vətən müharibəsinin iştirakçılarına böyük önəm verdiyini xüsusi qeyd etdi. Azərbaycan təhsil sisteminin inkişafına böyük önəm verdiyini vurğulayaraq, savadlı gənc kadrlara ehtiyac duyduğunu qeyd etdi və məni işə götürülməyimlə bağlı razılığını verdi. Həmçinin təhsilimin daha da yüksək pillələrdə davam etməyim üçün də öz töhvələrini verdi.
Öz adımdan ADPU Quba filialının direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif İmrayıl oğlu Alıyevə, filialın Tədris şöbəsinin müdiri Mələk xanım Bağırovaya və Pedaqoji və ictimai fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirova dərin minnətdarlığımı bildirirəm. Məndə öz növbəmdə Azərbaycan təhsil sisteminin inkişafı istiqamətində, həmçinin unveristetimizin dəyərli professor müəllim heyəti ilə birlikdə təhsil alan tələbələrin savadının, biliyinin daha da təkmilləşdirilməsi üçün və Azərbaycan xalqına layiqli bir vətəndaş kimi yetişməsi üçün üzərimə düşən vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm.