Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ustad mühazirəsi dinlənildi

14.06.2024
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ustad mühazirəsi dinlənildi

12 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun iştirakı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda Ustad dərsi keçirilib.

Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərindəki əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

Tədbir Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükut edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Öncə giriş nitqi ilə çıxış edən filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul edib görüşə gəldiyi üçün dəyərli millət vəkili professor Hikmət Babaoğluna minnətdarlıq edib, onun çıxışlarını və siyasi şərhlərini mütəmadi olaraq izlədiyini vurğuladı. Daha sonra 15 iyun tarixinə diqqət çəkib: “15 İyun – Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu öndərimiz Heydər Əliyevdir”, – deyə bildirib və tədbir iştirakçılarının bayramını təbrik edib. Həmçinin: “Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir”, – deyən Ulu öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Təməli sağlam qoyulmuş təhsil sistemimiz bu gün də cənab Prezident İlham Əliyevin siyasi idarəsi ilə inkişaf etdirilir”, – deyə Yusif Alıyev söyləyib.

Daha sonra geniş məruzə nitqi ilə çıxış edən professor Hikmət Babaoğlu deyib ki, böyük dövlət xadimi Heydər Əliyevin iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu: Çünki Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu”. Deputat həm də qeyd edib ki, Azərbaycanda 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb: “Bu gün də həmin yol inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Hazırda isə bundan sonrakı tarixi inkişafımız üçün olduqca səmərəli perspektivlər yaradıldı. Ona görə də əminliklə deyə bilərik ki, 15 İyun – Milli Qurtuluş Günü olmasaydı bu gün əldə etdiyimiz tarixi nailiyyətlərimiz və Zəfərimiz də olmazdı”.

Deputat Hikmət Babaoğlu ilk dəfə Quba filialına gəlişi ilə bağlı təəssüratlarını da kollektiv ilə bölüşüb, vurğulayıb ki, bu gün filialda şahid olduğu şərait, ziyalı mühiti təqdirəlayiqdir, yeni yaradılan mərkəzlər yüksək formada insanın zövqünü oxşayır, hər şey ən ali formada idarə edilir, tədbirin də təşkilatçılığı onu sübut edir ki, kollektiv öz rəhbərinə bənzəyir, hər sahədə yenilikçilik, elmə, təhsilə diqqət və qayğı özünü göstərir. Regionda belə bir mühitin formalaşması direktor Yusif Alıyevin elmi təşkiltçılıq bacarığının sayəsindədir ki, bunu da görməmək mümkün deyil.

Tədbir Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edib, tədbirdə həm də filialın əməkdaşları: əməkdar mədəniyyət işçisi Elza Orucova, Eyvaz Şeydayev, Kəmalə Bayramova, tələbələr Səma Asəfova, Yeganə Quliyeva çıxış edib, Ulu Öndərə aid şeirlər söyləyiblər.

Tədbir zamanı Filialın əməkdaşları p.f.d. Aysel Şeydayeva və Ləman Əliyevanın hazırladıqları film nümayiş etdirilib.

Sonda Filial Elmi Şurasının qərarı ilə Millət vəkili, professor Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsini, həyat və faəliyyətinin işıqlandırılmasını layiqincə təbliğ etdiyinə və ADPU-nun Quba filialında təşkil edilən Ustad dərsində geniş və məzmunlu məruzəsinə görə Fəxri Diplomla təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?