Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur.
Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Bu münasibətlə UNESCO və kitab sənayesinin üç əsas sektorunu– naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar hər il şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.
Hər il UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan sevgilərini gənclərlə praktik seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi və s.) bölüşmək üçün dəvət olunur.
Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.
Mütəmadi olaraq kitab və mütaliə ilə bağlı dünya səviyyəli rekordların yenilənməsi barədə xəbərlər eşidirik. Məsələn, dünyanın ən böyük kitabxana fondu Britaniyada yerləşir. Maddi dəyəri 170 milyonu keçən Britaniya Milli Kitabxanası 5 kitabxana sistemini birləşdirir. Hətta İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edib. Hazırda Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları kolleksiyası saxlanılır.
Dünyanın ən kiçik kitabı nominasiyası üzrə rekord isə Omsk şəhərində yaşayan mikro miniatür ustaları Anatoli və Stanislav Konanko tərəfindən yenilənib. Rusiya Milli Marşının da yer aldığı 0.644-0.660 mm ölçülərindəki kitab yaponların keçən il hazırladığı 0.75×0.75 mm ölçülərindəki kitabı geridə qoyub. Qızıl qapaqlı kitab 8 səhifədən ibarətdir.
Dünyadakı ən kiçik kitabxana İngiltərənin Uestberi–sab-Mendip şəhərində telefon köşkündə yerləşir. Şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, ondan dünyanın ən kiçik kitabxanasını düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur. Şəhərdə cəmi 800 sakinin yaşamasına baxmayaraq, kitabxana çox populyardır, hətta tez-tez növbələr də olur.
Dünyadakı ən böyük kitab isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində qeydə alınıb. Müqəddəs Ramazan ayı münasibətilə Məhəmməd Peyğəmbərin həyatına həsr olunan kitabın çəkisi 1,5 tondur. 30 alimin əsərinin daxil edildiyi kitabı ərsəyə gətirmək üçün 300 işçi dörd il ərzində onun üzərində çalışıb. Kitab 22 beynəlxalq və yerli mükafata layiq görülüb, habelə “Ginnesin rekordlar kitabı”nda fəxri yer tutub.
Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirən bu kitab Bill Qeytsə məxsusdur.
Ən uzun adı olan kitab isə 1633-cü ildə Londonda nəşr olunub. Kitabın adı 45 sətirdən ibarət olub.