Şəhid Həmzə Əliyevin ailəsini ziyarət

27.03.2024
Şəhid Həmzə Əliyevin ailəsini ziyarət

Quba filialının kollektivi Şəhid Həmzə Əliyevin ailəsini ziyarət etdi

Bu gün ADPU- nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə filialın bir neçə əməkdaşı Quba rayon Aşağı Atuc kənd sakini, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla dolu döyüş yolu keçmiş Əliyev Həmzə Tərlan oğlunun ailəsi ilə görüşüblər. Görüşdə Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, filialın direktor müavini p.f.d. Aysel Şeydayeva, Fakültə dekanı Nübar Bayramova, Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova iştirak ediblər.

Əməkdaşlar Şəhid Həmzə Əliyevin anası Gülnaz Əliyevanı dosent Yusif Alıyevin adından salamlayıb, ailə üzvlərini Novruz Bayramı və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin hərbi sərkərdəliyi ilə Azərbaycan Ordusunun böyük qəhrəmanlıq səlnaməsi yazdığını söyləyərək Həmzə kimi igid oğul böyütdüyünə görə şəhidin anası – Gülnaz anaya minnətdarlığını bildirərək filial əməkdaşları adından da şəhidin ailə üzvlərinə ehtiramını və başsağlığını çatdırıblar. Şəhid anası da övladının təsəllisinin torpaqlarımızın azadlığa qovuşması olduğunu vurğulayaraq, Vətən sağ olsun dedi və ADPU Quba filialının kollektivinə Novruz Bayramı münasibətilə onları yad etdiklərindən məmnun olduqlarını bildirdi.

Qeyd edək ki, Həmzə Əliyev 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açmışdır. Əslən rayonun Qalayxudat kəndindən idi. 9 yaşında atasını itirmişdir. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışmışdır. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət etmişdir. 12 aprel 2018-ci ildə hərbi xidmət müddəti bitmişdir. Bundan sonra Həmzə əvvəlki işi olan maşın təmirçisi olaraq çalışmış, ailəsini dolandırmışdır.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Həmzə Əliyev 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Həmzə Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 21 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 22 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmzə Əliyev ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?