Ulu Öndər Heydər Əliyev və dövlətlərarası münasibətlər

11.10.2023
 Ulu Öndər Heydər Əliyev və dövlətlərarası münasibətlər

1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Ulu Öndər işləyib hazırlaya bilərdi. “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”

Ümummilli Lider Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu.

Dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışırdı. Ulu Öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi.

Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Elə bu uzaqgörən və ardıcıl siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra həmin siyasətin nəticəsi kimi BMT Baş Assambleyasının 65-ci sessiyasında “İşğal olunmuş ərazilərdə vəziyyətə dair” məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir. Ulu Öndər deyirdi: “BMT-nin üzvü kimi müstəqil Azərbaycan Respublikasının amalı və məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi etməkdən ibarətdir.”

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu Öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. “Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir.”

Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi.

Azərbaycanın xarici siyasətində Ulu Öndər Heydər Əliyev eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir. Həmin siyasətin məntiqi nəticəsi kimi yuxarıda adlarını çəkdiyimiz təşkilatların böyük əksəriyyəti beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də uğurlu neft strategiyasının işlənib hazırlanması və reallaşması oldu. Ümummilli Liderin gərgin əməyi və əzmkarlığı sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri tikilib istifadəyə verildi. 1999-cu ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində ATƏT-in zirvə sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan” ixrac boru kəməri vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Xəzər dənizindən çıxarılan əsas xam neftin nəqli haqqında” saziş imzalandı. Həmin layihənin reallaşmasından sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşdırılmasına başlanıldı. Ulu Öndər deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.”

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?