Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.
Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
“Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır.”
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyimizin nümayişinin parlaq təzahürü oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən, keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.
Ulu Öndər deyirdi: “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik.”
Ulu Öndər Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi təcəssümünü tapan türkçülük və Azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.
Ümummilli Liderimiz 1993-cü ildən başlayaraq xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya – Azərbaycançılıq ideyası ətrafına toplamağa çalışır və bunun üçün böyük səylər göstərirdi. Dahi rəhbər qeyd edirdi ki, Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə “azərbaycanlı” anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Məhz buna görə də müəllifi dünya şöhrətli siyasətçi Heydər Əliyev olan Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxslər üçün yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilmişdir. Ulu Öndər ölkə rəhbərliyinə yenidən qayıtdıqdan sonra milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsini yenidən formalaşdırmaqla dövlətin qüdrətinin artmasında real siyasi amilə çevrildi.
“Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.”
Dahi şəxsiyyət üçün Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu Öndər bununla bağlı qeyd edirdi: “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir.”