Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq. Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb. Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər”.
Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.