Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi elan etdi.

Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ni elan edib. Müsabiqə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcək.

Müsabiqə fərdi və ümumi təhsil müəssisələri kateqoriyaları üzrə keçirilir və fondun büdcəsi bir milyon manat təşkil edir.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.

Müsabiqə aşağıdakı mövzuları əhatə edir:

-İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi.)

-Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.)

-Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və  pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.)

-Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər:  sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə,  valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.)

-Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.)

Müsabiqənin əsas iştirak şərtləri:

-“Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər.

-“Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

-Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.

-Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.

Müsabiqəyə təqdim olunan qrant layihəsinə verilən tələblər:

-Layihənin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalı  və icrası 2021-2022-ci tədris ili ərzində həyata keçirilməlidir.

-Layihənin məbləği “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100000 (yüz min), “Fərdi” kateqoriya üzrə 10000 (on min) manatdan çox olmamalıdır.

Əlaqə:

Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49

Email: grants@edu.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir