Tehran dövlətinin ideoloji və siyasi fəaliyyəti İslam dəyərləri ilə uyğun gəlmir

Tehran dövlətinin ideoloji və siyasi fəaliyyəti İslam dəyərləri ilə uyğun gəlmir

Yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən qanlı terror aktından sonra İranın ölkəmizə qarşı gizli saxladığı dövlət siyasəti tam çılpaqlığı ilə üzə çıxdı. Bununla da İran rejimi öz məkirli siyasətini bir daha sərgilədi və dünyadan təcrid olunmasını daha da sürətləndirdi. Əslində bu dövlətin başqa cür siyasət yürütməsi qeyri-mümkündür. Çünki Tehran dövlətinin ideoloji və siyasi fəaliyyəti İslam dəyərləri ilə uyğun gəlmir. İran İslam coğrafiyasında mövcud dini adətləri və ayinləri bütünlüklə öz çirkin əməlləri üçün alətə çevirərək, dini nüfuzdan salır və insanların beyinlərini “zəhərli düşüncə”lərlə doldurur. Bu düşüncə sahiblərini isə durmadan özündən kənara, xüsusilə də yaxın ətrafındakı qonşu dövlətlərə ixrac edir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev söyləyib.

Yusif Alıyev bildirib ki, Tehran dövlətinin Azərbaycana qarşı siyasətində daha çirkin əməllər durur. İran adlanan dövlət Ermənistanın onilliklər boyu Azərbaycana qarşı həyata keçirdiyi terror və işğalçılıq əməllərini gizli şəkildə dəstəkləyirdisə, artıq bunu açıq şəkildə icra edir.

“İran artıq Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş beynəlxalq konvensiyalarla qadağan edilmiş çirkin siyasət yürüdür. İstər din pərdəsi altında zəif iradəli, tez təsirə düşən vətəndaşlarımızı özlərinə cəlb edib onları çirkin məqsədləri naminə narkotik asılılığına salması, istərsə də Azərbaycanın tanınan və aktiv ictimai-siyasi fəaliyyət göstərən şəxslərinə qarşı terror həyata keçirərək insanları qorxuda saxlaması terrorizmə və bəşəri cinayətkarlığa xidmət edir. Təbii ki, bu hadisələrin fonunda Tehran dövləti Azərbaycan cəmiyyətində qarışıqlıq yaratmaq niyyəti güdür. Həmçinin multikultural və tolerant dəyərlərə malik Azərbaycan dövlətinin milli maraqları naminə xarici siyasət yürütməsi ilə barışmayaraq, ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışır. Müxtəlif tarixi şəxsiyyətlərimizə, tanınmış ziyalılarımıza, nüfuzlu şəxsiyyətlərə qarşı şər mərkəzlərindən idarə olunan qara PR kampaniyaları aparır. İranın mövcud siyasəti Ermənistanın siyasətindən fərqlənmir. Düşmənçilik münasibətinin bütün elementlərindən istifadə edərək Azərbaycanı qarşıdurmaya cəlb etmək istəyir”, – deyə Yusif Alıyev söyləyib.

Direktor qeyd edib ki, müstəqilliyinin bərpasından cəmi 32 il keçən Azərbaycan dövləti zaman-zaman xarici qüvvələrin təsirinə məruz qalsa da, Ulu Öndər Heydər Əliyev siyasəti və azərbaycançılıq ideologiyası ilə öz müstəqilliyini qoruyaraq güclənmiş, inkişaf etmiş və qüdrətlənmişdir.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı İran dövlətinin çirkin əməllərini həyata keçirməyə xidmət edən bəzi ölkə vətəndaşlarının olduğunu göstərdi. İran rejiminin Azərbaycana qarşı həyata keçirdiyi terror hadisələrində alət kimi istifadə edilən şəxslər Azərbaycanın milli maraqlarına qarşı çıxış etmiş şəxslər kimi ictimai qınağa gətirilməli və belə əməllərə meyilli insanlar islah olunmalıdır.

İran xüsusi xidmət orqanları Azərbaycan dövlətinə qarşı bu cür basqı və təzyiqlərini ən iyrənc şəkildə terror aktları səviyyəsinədək qaldırmaqla, Arazın cənubunda yaşayan Azərbaycan türkləri ilə şimalında yaşayan Azərbaycan xalqı arasında milli nifaq, düşmənçilik toxumu əkmək istəyir. İranda bu məsələdə din amilindən istifadə edərək güclü şəkildə maskalanmağı bacaran siyasi rejimin arxasında, həmçinin terrorçuluq ideologiyası ilə bəslənmiş adını inqilab keşikçiləri qoymuş SEPAH kimi silahlı birləşmə dayanıb.

İran dövlətini idarə edən rejim bilməlidir ki, Azərbaycan xalqı müdrik xalqdır. Bunu başqa xalqlar yaxşı bilməsə də, farslar yaxşı bilirlər, uzun yüzilliklər boyunca türk idarəçiliyi altında bu müdrikliyin şahidi olublar. Arazın şimalında güclü, qüdrətli, dünyəvi və demokratik ölkə olan Azərbaycanın müdrik və qeyrətli vətəndaşları İran siyasi rejiminin çirkin oyunlarına heç zaman göz yummayacaq.

https://azertag.az/xeber/Tehran_dovletinin_ideoloji_ve_siyasi_fealiyyeti_Islam_deyerleri_ile_uygun_gelmir____achiqlama-2556335?fbclid=IwAR2bvap_GE2b8FkmupDzpLtgox1v_9FRmedZFL6XJGzXJ559VlLE1G4joLY

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?