Bu gün ADPU Quba filialının akt zalında Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayevin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Karantin qaydalarına tam şəkildə riayət olunmaqla baş tutan tədbirdə filialın müəllim kollektivi və tələbələr iştirak ediblər. Bir sıra ziyalıların, həmçinin şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin iştirakı ilə keçirilən tədbir filialın tarixi, sturukturu, texniki təchizatı, tədrisin təşkili, çap olunan nəşrlər barədə təqdimatla başlanıb. Təqdimat qonaqlarda filial və onun heyəti barədə tam təəssürat formalaşdırıb.
Daha sonra filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva tədbirə Rahib müəllimin müəllifi olduğu şeirlə növbəti girişi edib:
“…Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə də beləcə axşam düşəcək,
Yenə də beləcə səhər olacaq…”
O, tədbir iştirakçılarını Zəlimxan Yaqubun “100 ildən sonranı düşünürəm mən” şeiri ilə salamlayıb və sözü filialın direktoru dosent Yusif Alıyevə verib.
Direktor bildirib ki, yubileyin zalda keçirilməsinin xüsusi simvolik mənası var və yenicə təmirdə çıxmış zalda bundan sonra da belə əlamətdar tədbirlər təşkil olunacaq. Direktor həmçinin filiala rəhbərliyə başladığı ilk günlərdən söz açıb və Rahib müəllimin xarakteristikasını verib. R. Sədullayevin sənətindən bəhs edən Y. Alıyev onu bu cür təsvir edib: “Pedaqoq, şair, həm də nasir”. Direktor çıxışını “Ay işığı” ədəbi məclisinin üzvü Ramiz Qusarçaylının şeiri ilə yekunlaşdırıb və sonda Rahib müəllimi onun ixtisasına uyğun olaraq ingiliscə təbrik edib. Müəllimə can sağlığı, uzun ömür, şəxsi həyat və fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Rahib Sədullayev fəxri kürsüyə dəvət edilib. Direktor Yusif Alıyev onu Azərbaycan ədəbiyyatı qarşısında, təhsildə, gənc nəslin təlim-tərbiyəsində və vətənpərvərlik irsinin təbliğində göstərdiyi xidmətlərə və anadan olmasının 65 illik yubileyi münasibətilə təltif edib. Müəllimə sertifikat və hədiyyələr təqdim olunub.
Müəllimin yaradıcılığından şeirlər səsləndikdən sonra həyat və fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edilib. Videoçarxda Rahib müəllimin təhsil, karyera həyatı, yaradıcılığı təsvir olunub. Şagirdlərinin dəfələrlə respublika fənn olimpiadalarında müvəffəqiyyət qazanması, Rahib müəllimin buna görə mükafatlandırılması vurğulanıb. Həmçinin müəllimin ölkənin ictimai həyatında rolu, Azərbaycana müxtəlif seçkiləri izləmək üçün gəlmiş AŞPA nümayəndələrini tərcüməçi kimi müşayiət etməsi, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması xatırlanıb. Bildirib ki, Rahib müəlllim hələ 2014-cü ildən ADPU Quba filialında fəaliyyətini davam etdirir. “Oğurlanmış həqiqət”, “Yaxşılığın göz yaşları”, “Nələr olmur, dünya, səndə?” kitabları və müxtəlif dərs vəsaitlərindən bəhs olunub.
Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy çıxışında Rahib müəllim haqqında müşahidələrini söyləyib. Bildirib ki, Rahib müəllimi kollektivə sevdirən təmkini, mədəniyyəti, nəzakətidir.
Növbəti fəxri fərmanı isə səbəbkara Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi Şıxəmməd Seyidməmmədov təqdim edib. O, Rahib Sədullayevi təbrik edərək onunla bağlı xatirələrini dilə gətirib. Rahib müəllimi yaxşı deyil, əla keyfiyyətlərə malik insan, müəllim adlandırıb.
Tədbirə dəvət olunmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı maraqlı monoloqu ilə diqqət çəkib. O, Rahib müəllimin timsalında tədqiqat işləri üçün Quba ədəbi mühitinin dərya olduğunu və ADPU Quba filialının bu istiqamətdə xeyli işlər gördüyünü açıqlayıb. Şair həmçinin “Ay işığı” ədəbi məclisinin yaradılmasından söz açıb: “Ədəbi məclisin əsası qoyulandan bu günədək Qubada 300-ə yaxın kitab dərc olunub. 20-ə yaxın həmyerlimiz Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Ümumiyyətlə, Quba son 30 ildə çox ciddi qələm ustadlarının ortaya çıxdığı yerdir”. Şair həmçinin Azərbaycanın tarixinə həsr olunan növbəti kitabının təqdimatının ADPU Quba filialında keçiriləcəyini bildirib.
Tədbir Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayevin çıxışı ilə davam edib. Rahib Sədullayevi təbrik edən müəllim onunla bağlı xatirələrini bölüşüb və filialda şeir dərnəyinin açılmasını təklif edib. O, nitqini Dağlıq Qarabağın işğaldan azad eidlməsi və Rahib müəllimin şeirləri ilə sonlandırıb, onları poetik təhlil edib:
“Bara bax,
Budağa bax, bara bax.
Dünya qan ağlayacaq,
Gülməyincə Qarabağ”
Növbəti çıxış isə tədbirə təşrif buyurmuş şair Zakir Məmmədin olub. O, Rahib müəllimin timsalında ideal müəllim obrazını təhlil edib və səbəbkara uzun ömür, can sağlığı arzulayıb.
Ədəbiyyat və dillər kafedrasının müdiri Qələmşah İdrisov Rahib müəllimin ədəbi irsindən daha çox pedaqoji irsini təhlil edib. Qeyd edilib ki, Rahib Sədullayevin pedaqoji irsində öyrənməli çox təcrübələr var. Həmçinin müəllimin öz dilindən eşitdiyi uşaqlıq xatirələrini dilə gətirib.
Daha sonra Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov R. Sədullayevə onun ingilis dilinə tərcümə edilmiş şeirini hədiyyə edib.
Tədbirin davamı olaraq Rahib müəllimin müxtəlif qurum və sturukturlarda çalışan tələbələrinin təbrik videoçarxı təqdim edilib. Tədbirdə ardıcıl olaraq “Nələr olmur, dünya, səndə?”, “Ömrüm”, “Müəllim”, “Ana”şeirləri səsləndirilib.
Sonda söz Rahib Sədullayevə verilib. Rahib müəllim tədbir iştirakçılarına təşəkkürlərini bu cür ifadə edib:
“Nə yaxşı ki, varsınız,
Sayənizdə mən varam.
Bu sevgiyə, hörmətə
Min kərə minnətdaram…”
Tədbir Rahib Sədullayevlə sual-cavab formatında davam edib və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.