Tələbə təqaüdləri nəyə əsasən təyin edilir? – Qaydalar

Nazirlər Kabinetinin 2016-cı il 6 fevral tarixli qərarı ilə Azərbaycan ali təhsil müəssisələrində əyani formada oxuyan tələbələr dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG) əsasən təqaüd alırlar. ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir.

ÜOMG necə hesablanır?

Onun fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi hesablanır.

İxtisas üzrə neçə tələbə təqaüd ala bilər?

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir. Həmçinin dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilir. Ali təhsil müəssisələrinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur.

Təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.

Təqaüd hüququ qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə, aşağıdakı kimi müəyyənləşdirilir:

-Fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

-Fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

-Fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olanların siyahısında sonuncu yerə bir neçə iddiaçı olduğu halda, ilk tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.

Siyahı müəyyənləşdirilərkən təqaüdlərin sayı müvəffəq qiymət alanlardan çox olduğu halda, qalan təqaüd yerləri ali təhsil müəssisələrində fakültənin elmi şurasının qərarı ilə həmin kursun digər ixtisasları üzrə təhsil alan və həmin semestrdə ÜOMG-si yüksək olan tələbələrə növbəti semestrədək verilir.

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd təyin olunur.

Universitetdə dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub sonradan qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu alan, akademik göstəricilərinə görə təqaüd qazanan və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbəyə təqaüd köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.

Tələbənin ali təhsil və ya orta ixtisas təhsili müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir