“TƏLƏBƏ – REKTOR”

20.09.2020
“TƏLƏBƏ – REKTOR”
Biz gələcəyimizi özümüz hazırlayırıq!
ADPU-nun Quba filialında daha bir ilk..
ADPU-nun Quba filialında 15 Sentyabr – “Bilik Günü” münasibətilə növbəti maraqlı bir layihə – “Tələbə – rektor” layihəsi həyata keçirilib.
Belə ki, filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə filialın bir günlük idarəetməsi tələbələrə həvalə edilib. Ötən tədris ili ərzində fəallıqları ilə seçilən əlaçı tələbələr həmin gün sərbəst şəkildə filialın idarəetməsini həyata keçirdilər. Filialın Tarix-coğrafiya müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Azər Zahirov rektor, Təhsildə sosial psixoloji xidmət ixtisasının 3-cü tədris ili tələbəsi Səyyad Nəcəfli Tədris və elmi işlər üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Həcər Seyidəhmədova Tərbiyə işləri üzrə direktor müavini vəzifələrini həyata keçiriblər.
Tələbə – rektor Azər Zahirov tələbə – müavinlərlə birlikdə əvvəlcə dekanlıqda olmuş filialda yeni tədris ilinə hazırlığın vəziyyəti ilə tanış olaraq dekana müvafiq tapşırıq və göstərişlərini vermiş, onlayn təhsilin bütün tələbələr üçün əlçatan olması məqsədilə tələbələrə köməklik məqsədilə internet paketlərin hazırlanması üçün tyutorlara imkansız tələbələrin siyahısını hazırlamaq tapşırılmışdır. Daha sonra yeni tədris ilində istifadəyə veriləcək auditoriya və struktur bölmələrin yerləşdikləri otaqların təmir bərpa-işlərinin vəziyyəti ilə tanış olmuş, qarşıda duran məsələlərin həlli ilə bağlı fikir bildirmişdir. Təsərrüfat şöbəsinin əməkdaşlarına auditoriyaların dərslərdən sonra ciddi dezinfeksiya edilməsini, əməkdaşların və ənənəvi qaydada təhsilə cəlb ediləcək birinci tədris ili tələbələrinin mövcud sanitar-gigiyenik və sosial izolyasiya qaydalarına əməl etmələri ciddi tapşırılmışdır.
Günün sonuna yaxın tələbə-rektor direktoryanı iclas keçirərək yeni tədris ilində görüləcək işlərdə, yeni layihələrdə daha uğurlu nəticələr əldə etmək üçün tələbə -müavinlərə yeni tədris ili ilə bağlı tələbə-müəllim əməkdaşlıqlarının yeni formasına uyğun iş planlarının hazırlanmasını tövsiyə olunmuşdur. Xüsusilə pandemiya şəraitində tələbə həyatının daha yaddaqalan olması üçün respublikanın tanınmış ziyalı – təhsil və elm xadimləri ilə görüşlərinin təşkili, gənclərin daha fəal könüllülük fəaliyyətinə cəlb edilməsi, işə qəbul prosesində seçim mərhələsində məzunlarımıza üstünlük verilməsi, həmçinin universitet idarəçiliyində və dərslərin təşkilində ənənə və müasirliyin orta həddinin tutulması, təcrübədən faydalanma kimi məsələlər üzərində dayanmış, tapşırıq, məsləhət və iradlarını bildirmişdir. Həmçinin tələbə rektor Azər Zahirov direktoryanı iclasda bildirdi ki, qarşıdakı imtahan proseslərində bütün tələbələrin imtahan vərəqələrinin üzü skaner vasitəsilə çıxarılaraq filialın saytında yerləşdirilsin. Bununla da bütün tələbələr və ictimaiyyət imtahan işinin yoxlanılmasındakı şəffaflığı və ədalətliliyi görmüş olar.
Sonda tələbə rektor və tələbə müavinlər filialın ərazisində yeni salınmış bağla tanış olmuş və ağaclara qulluq edilməsi üçün qruplar arasında bölünməsi tapşırığını vermişlər.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?