Son 17 il Azərbaycan üçün yeni dövrün başlanğıcı oldu

Son 17 il Azərbaycan üçün yeni dövrün başlanğıcı oldu

İstər Azərbaycanda, istərsə də dövlət sərhədlərindən kənarda doğulmağımızdan asılı olmayaraq biz azərbaycanlıların bir müqəddəs and yeri var: Vətən!
Bu gün bu müqəddəs torpaqların azadlığı uğrunda səngərdə mənfur düşmənə qarşı döyüşən əsgərlərimizə canımızı qurban deyirik, doğma torpaqların azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin ruhu, onları Vətənə əmanət böyüdən valideynlərinin qarşısında isə baş əyirik.
Təsadüfi deyil ki, ölkədə son 17 il ərzində baş verənlər, inkişaf, düşünülmüş siyasət, dövlətin vətəndaşlarına göstərdiyi diqqət və qayğı yeni ruhlu gənc nəslin yetişməsinə səbəb oldu ki, bu da Azərbaycan xalqını qələbəyə apardı.
Bəli, ölkəmizin inkişafını Ulu Öndərin ideyalarında, onun siyası kursunda görən xalqımız  2003-cü ildə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərdi. Bunun nəticəsində dövlətimiz  17 il ərzində tarixi uğurlara imza atmışdır.
Son 17 il gənc ölkəmiz üçün əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış yeni dövrdür. 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Respublikamızın Prezidenti cənab  İlham Əliyev demişdir: “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.”… “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik.” Buna görə Azərbaycana böyük ölkələr tərəfindən davamlı təzyiqlər edilmişdir.  Bütün bu təzyiqlərə baxmayaraq  Azərbaycanda gənc nəsil vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Vətən Müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra bölgədə yeni reallıq  yaranmış, Azərbaycan yeni dövrə qədəm qoymuşdur.
Biz bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq. Əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu, mütləq qələbəni qazandı və  düşməni darmadağın etdi.”
Hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında rəhbərliyin təşəbbüsü ilə 2019-cu ilin noyabr ayında Milli Qəhrəman Çingiz Qurbanovun anım tədbiri keçirildi.Tədbirdə çıxış edən Çingiz Qurbanovun atasının gözlərindəki qürur, sözlərindəki Vətən sevgisi gənclərə, hamımıza elə təsir etdi ki, qəlbimizdə həmin anda sadəcə bir arzu oyandı: “Kaş ki, bizlərin də valideynləri bizlərlə belə fəxr edəydi, kaş ki, bizlər də müqəddəs Vətən üçün nə isə edə bilərdik!” Vətəni and yeri bilən insanları isə yenmək, bu gücə qarşı gəlmək olmaz. Mütləq uğur, zəfər bizlərlə olacaqdır. Uğurun isə bir sirri var:
“Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşdu. Sokrat ona sabah çayın sahilində görüşməyi dedi.Onlar görüşdülər. Sokrat ona arxası ilə çaya doğru gəlməyi dedi. Su getdikcə boğazlarına qədər çatırdı və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutdu və onun başını suya salmağa başladı. Oğlan suda çırpınırdı,ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxladı. Sokrat qəfildən oğlanın başını sudan çıxartdı. Oğlanın birinci edəcəyi şey başını qaldıran kimi havanı dərindən udub ağciyərlərinə çəkmək oldu. Sokrat soruşdu: ”Sən suda olanda ən çox istədiyin şey nə idi?” Oğlan cavab verdi : ”Hava”. Sokrat dedi:” Bax bu uğurun sirridir. Nə vaxt ki sən uğur qazanmağı hava istədiyin qədər dərindən istəsən onda onu əldə edəcəksən”
Bizlər – yəni bütün azərbaycanlılar üçün də, yaşımızdan, milli mənsubiyyətimizdən, cinsimizdən, sosial statusumuzdan asılı olmayaraq Vətən torpaqlarının işğaldan, mənfur düşmən tapdağından azad olması hava qədər vacibdir. Elə buna görə də qələbə artıq çox yaxındadır. Cənab Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi: “Biz mütləq zəfər çalacayıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

ADPU-nun Quba filialının təlim-tərbiyə işləri üzrə direktor müavini: Aysel Şeydayeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?