Smartfon “mərəzi”

31.07.2023
Smartfon “mərəzi”

Rəqəmsal inkişafın getdikcə sürətləndiyi müasir dünyamızda bir zamanlar inana bilmədiyimiz çox şeylər baş verib və verməkdədir. Süni intellekt texnologiyanın qol-qanadını o qədər genişləndirmişdir ki, o, yaxın keçmişə qədər biliyin əsas mənbəyi və ənənəvi sinif-dərs sisteminin tacı hesab olunan müəllimin də yerinə göz dikib. Covid-19 online öyrənmə yollarına inqilabi bir yenilik gətirdi. İndi istər sənaye, istərsə də təhsil sahəsində əksər insanlar evdən işləyib oxumağa üstünlük verir.

Pandemiya dövründə yaranmış distant təhsil forması şagird və  tələbələrin də zövqünü dəyişdirmişdir, smartfon alışqanlığı pedaqoji prosesin probleminə çevrilmişdir. Öyrənmənin müasir, innovative variantı kimi qəbul olunan bu ağıllı cihazlar öyrənənlərin ağlını elə oynadır ki,  dərsə nə üçün gəldiklərini belə unudurlar. Kitab, dəftər, qələm və s. köhnəlik sayılır. Müəllimlər dərsdə öyrənənlərin dərdini deyil, smartfonlardan nələr çəkdiklərini yaxşı bilirlər. Dərs vaxtını müəyyən elmi məlumatlar öyrənməkdənsə öz cihazları ilə oynamağa sərf etməyə çalışan birinin hara getdiyini bilməyən yolçudan fərqi yoxdur. Müəllim öz funksiyasını iki yerə bölməli olur – yarısı təlim, yarısı da smartfonlara nəzarət. Belə bir şəraitdə hansı keyfiyyətli təhsildən danışmaq olar?

“Smartfon mərəzi” artıq qlobal problemə çevrilib. Bu mərəzin öyrənənlərin hafizəsinə, səhhətinə, sosial vəziyyətiniə və gələcəyin mütəxəssisi kimi profesional səviyyəsinə nə qədər mənfi təsiri olduğunu aludəçilərin özləri də bilməmiş deyillər. Bu günlərdə (26 iyul) YUNESKO-nun “2023-cü il Qlobal Təhsilə Nəzarət” hesabatında (Global Education Monitor report) smartfonların məktəblərdə qadağan olunması haqqında xəbərdarlığı yayımlanmışdır. (Report, 26 July).  Hesabatda “yeniliyin heç də həmişə daha yaxşı olmadığı” vurğulanır: – Bir şeyi etməyin mümkün olması onun mütləq olması anlamına gəlmir.

YUNESKO-nun Baş Katibi Audrey Azoulay qeyd edir ki, rəqəmsal inqilabın potensialı ölçüyə gəlməz, lakin onun həm cəmiyyət, həm də təhsildə istifadəsinə diqqət yetirilməlidir. O, əlavə etmişdir ki, rəqəmsal inqilabdan öyrənənələr və müəllimlərin zərərinə deyil, onların xeyirinə istifadə edilməlidir.

Hesabatda həmçinin rəqəmsal texnologiyadan istifadə zamanı ilk növbədə öyrənənləri nəzərə almağın əhəmiyyətini başa düşən Çinin nümunəsi də öz əksini tapmışdır. Bu ölkədə rəqəmsal vasitələrdən təlimdə istifadənin hüdudları öyrənənlərin müntəzəm ekran fasiləsi etmələri şəri ilə bütün təlim vaxtının 30% həcmində müəyyən edilmişdir.

Smartfonlardan istifadəni tədris müəsisələrində qadağan edən ölkələrin sayı artmaqdadır. Bu ağıllı cihazların təlim və öyrənmə prosesinə mənfi təsiri haqqında müxtəlif ölkələrin müəllimlərinin rəylərilə tanış olaq:

İngiltərənin Liverpool şəhərindən, smartfonların 2018-ci ildən qadağan olunduğu məktəbdə çalışan 37 yaşlı Bryan McConnelin təssüratlarından bir neçə sətir: – Mənim üçün şəxsən ən böyük problem dərs zamanı şagirdlərimin telefonlarını çıxarmaları və mənim tələblərimə əməl etməmələri idi. İkinci məsələ təhlükəsiszlik idi. Məsələn, uşaqlar biri-birilərinin və ya dərs deyən müəllimlərin, həyətdə dalaşan uşaqların videolarını çəkib internetdə yerləşdirirdilər… Qadağadan sonra dərslərimi daha rahat idarə edirəm. Daha dərsimi dayandırıb uşaqlardan telefonlarını yığışdırmağı tələb etməli olmuram, şagirgdlərin interaktiv münasibətləri və davranışları da yaxşılaşıb. Bu, bu vaxtacan gördüyümüz ən yaxşı işdir. Mənə elə gəlir ki, bütün məktəblər telefonları qadağan etməlidir.

İngiltərənin Çelşire bölgəsindən məktəb direktoru, 38 yaşlı Lizi Martin: –  Məktəbimiz telefonları beş il bundan əvvəl qadağan etmişdir – uşaqlar məktəbə gətirdikləri telefonları qətiyyən işlədə bilməzlər…Telefonlar öyrənmə prosesini ləngidirdilər. Telefon “iki tərəfi də kəsən qılıncdır”, faydalı olduğu qədər ziyanlı da ola bilir…

İngiltərənin Barrow-in-Furness liman şəhərindən olan 59 yaşlı Martin Delvinin mövqeyi: – İmkanım olsaydı, smartfonlara, xüsusilə də sosial şəbəkəlrə daha ciddi qadağa qoyardım, onlar şagirdlərin akademik inkişafına mane olur. Smartfonlar uşaqlara yalan informasiya verir. Online şəbəkələr təhlükəli insanlarla doludur…

Kambocadan 47 yaşlı müəllim Adam Lee Baret: – Məktəbdə smartfonlar problemdir. Uşaqlar telefonlardan öyrənmir, partaların altında gizlədirlər. Sinif otağında gəzib onları toplamaq gündəlik işimizdir. Kambocada valideynlərin zənginə cavab verə bilərlər. Mən onları sinifdə telefon işlədərkən daha çox oyun oynayan və ya sosial şəbəkəyə qoşulduqlarını görürüəm. Bəzən hətta TikTok videoları da çəkirlər…Qəti fikrim budur ki, smartfonlardan qurtulmaq faydalı olardı.

Şotlandiyalı müəllim Siobhan O’Tierney: – Bir müəllim kimi, BMT-nin məktəblərdə mobil telefonları qadağan etmək haqqında çağırışından məmnunam. Bu, çoxdan gözlənilən bir addım idi (Report, 26 July).  Telefonların hər yerdə işlənməsinin adi hal alması ilə paralel şagirdlərin diqqət və yaddaşında enmə, demotivasiyasında isə artım görmüşəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, smartfonlardan istifadə genişləndikcə əvvəlkilərlə müqayisədə şagirdlərin intellektual qabiliyyəti geriləmişdir. Məktəb rəhbərləri valideynlərin öz uşaqları ilə istədikləri vaxt əlaqə yaratmaq haqqına qarşı laqeydlik göstərirlər. “Telefonunuzu söndürün və kənara qoyun!” – tələbimə şagirdlərimdən tez-tez bu cavabı eşidirəm: – Oh, Mis, söndürə bilmərəm – anamdır(atamdır) zəng edən. Mütləq cavab verməliyəm!

***

Telefonların dərsə daxil oması haqqında oxuduğunuz rəylərə qüvvət olaraq əlavə etmək istərdim ki, telefondan istifadə nəinki məktəblər, universitet auditoriyalarında da qadağan olunmalıdır. Yuxarıda tanış olduğumuz xoşagəlməz hallar ali təhsil müəssisələrində daha geniş miqyaslıdır. Müşahidələrimiz gösrtərir ki, ötən illərdə öz tələbə yoldaşlarına nisbətən geri qalan tələbələr çalışıb onlara çatır və kreditə qalmırdılar. İndi kifayət qədər hazırlıqlı, lakin telefonundan ayrıla bilməyən tələbələrin akademik borclarının olduğunu görürük… 

Belə tələbələrin vəziyyəti Bəhlul Danəndənin “İftara dəvəti” hekayətinə bənzəyir:

Harun Rəşid Ramazan günü Bəhlula deyir: – Axşam namazında məscidə get və namaza gələn hər kəsi iftara dəvət et.

Axşam namazından sonra Bəhlul 5-10 nəfərlik bir qrupla qayıdır. Harun Rəşid təəccüblənir:- Bəhlul, bunlar kimdir? Mən demədimmi ki, namaza gələn hər kəsi iftar üçün saraya dəvət et? O qədər camaatdan bir süfrə adamı belə gətirmədin…

Bəhlul: – Əfəndim, siz mənə məscidə gələnləri deyil, namaza gələnləri iftara dəvət et, – dediniz. Namazdan sonra məscidin qapısında dayanıb çıxan hər kəsdən imamın namazda hansı surəni oxuduğunu soruşdum. Bunu ancaq gətirdiyim bu adamlar bildi. Məscidə gələnlər çox idi, amma bu o deməkdir ki, namaza yalnız onlar gəlib, – deyir.

Sinif və ya auditoriyada olmaq hələ dərsdə iştirak etmək deyil. Məlumdur ki, nəinki telefondan istifadə, hətta vaxtaşırı boylanıb ona baxmaq öyrənənlərin diqqətini dağıdır, mənimsəmədə qırıqlıq yaradır. Texnoloji imkanlardan yerli-yersiz istifadə etmək həlli çətin problemlər yarada bilir. Smatrfon, tablet, noutbuk kimi vasitələrdən istifadənin ən səmərəli yolu onlardan özünütəhsil resursları kimi bəhrələnməkdir.

* Ümumi məlumat və müəllimlərin rəyləri “The Guardian” qəzetindən götürülmüşdür. Mətnlərin tərcüməsi müəllifə məxsusdur.

Rahib (Alpanlı) Sədullayev,ADPU-nun  Quba filialı ədəbiyyat və dillərkafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?