Şəki filialında Xalq şairi, bütun Türk dünyasının sevilən sənətkarı Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

19.08.2023
Şəki filialında Xalq şairi, bütun Türk dünyasının sevilən sənətkarı Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Konfrans AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və Bəxtiyar Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyə Respublikasından alim və ziyalılar iştirak ediblər. ADPU-nun Şəki filialının akt zalında keçirilən açıliş mərasimini filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqedən, xalqımızın azadlığı və müstəqilliyi, dilimizin inkişafi uğrunda apardığı mübarizədən bəhs edib.

Konfransda ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rasulov, AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri professor Ramazan Qafarlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və başqaları çıxış ediblər. Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.

Qeyd olunub ki, artıq hər il avqustun 16-da – ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gündə, Şəkidə beynəlxalq konfrans təşkil olunaraq onun əziz xatirəsi ehtiramla yad edilir. Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi bənzəri olmayan söz ustadı, filosof-alim, dramaturq, publisist və azadlıq fədaisi kimi həmişə sevilib. Şəki ziyalıları beynəlxalq konfransın məhz bu şəhərdə keçirilməsini böyük şairin xatirəsinə olan dərin hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirirlər. Bildirilib ki, unudulmaz şairin doğum günü həm də böyük ədəbiyyat bayramıdır. Bəxtiyar Vahabzadənin yaratdığı söz inciləri bütün coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib. Bəxtiyar Vahabzadə xalqının yaddaşında təkcə əvəzsiz bədii yaradıcılığa malik bir şair kimi deyil, eyni zamanda, xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi naminə dönmədən mübarizə aparan bir fədai kimi qalıb. Onun Azərbaycan dilinin qorunması və inkişafı naminə gördüyü işlər, bu mövzuda yazdığı şeirlər, Azərbaycanın müstəqilliyi mövzusuna həsr olunan əsərləri, vətənpərvərlik mövzusunda yazıları gənc nəslin milli-mənəvi dəyərlərimizə sayğılı ruhda böyüməsində müstəsna rola malikdir.

Plenar iclas başa çatdıqdan sonra beynəlxalq konfrans bölmə iclaslarında öz işini davam etdirib.

Konfransda Quba filialının Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e.dosent Gülşən Ağabəy, kafedranın professor və müəllimləri – professor Ramazan Qafarlı, professor İsmayıl Kazımov, baş müəllim Elza Babayeva, f.f.d Elmira Əliyeva, dosent Elmar Hüseynov da iştirak edib. Qeyd edək ki, dosent Yusif Alıyev və dosent Gülşən Ağabəy konfransın bölmə iclaslarında sədrlik etmişdir.

Konfransda dos.Gülşən Ağabəy “Bəxtiyar Vahabzadənin “sandıq şeirləri”ndə milli mücadilə”, b/m Elza Babayeva “Bəxtiyar Vahabzadə-şair və müəllim”, dos.Elmar Hüseynov “Müasir cəmiyyətdə şəxsiyyətin özünü aktuallaşdırma probleminin öyrənilməsi”, prof.İsmayıl Kazımov “Bəxtiyar Vahabzadə şeirlərində ,,VƏTƏN,, konseptinin kateqoriyallaşması problemi” adlı elmi məqalələrlə çıxış ediblər.

16-17 avqust tarixlərində dünyanın bir neçə ölkəsindən, Azərbaycanın 4 bir yanından gəlmiş 70-ə yaxın nümayəndənin iştirakı ilə keçirilən konfransın plenar iclasından sonra konfrans öz işini nəzərdə tutulmuş 9 paneldə davam etdirmiş, hibrid formada 97 elmi məqalə dinlənilmişdir.

Sonda iştirakçılara beynəlxalq konfransda iştiraklarına və məruzələrinə görə sertifikatlar təqdim edilmişdir.

Konfransdan sonra iştirakçılar Bəxtiyar Vahabzadənin ev muzeyində olmuş, xatirə kitabına öz ürək sözlərini yazmış, Şəki Xan Sarayını, Kiş məbədini ziyarət etmişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?