Regionlarda da bütün potensial COVID-19 pandemiyası ilə mübarizədə səfərbər olunmuşdur

Dünya əhalisi olaraq COVID-19 pandemiyası ilə əlaqədar doğulduğumuz gündən bəri alışdığımız vəziyyətdən fərqli şəkildə, qapanmada yaşamağa, inkişaf etməyə məcbur qaldıq. Ümumiyyətlə, hər bir çətin dövrün öhdəsindən gəlmək üçün nümunə göstəriləcək əməllər, fəaliyyətlər və bu fəaliyyətləri sərgiləyən nümunəvi insanlar olur. Belə insanlar mövcud şəraitdə öz praktiki ağıl və təcrübəsini, bütün gücünü səfərbər edir, ümuminin xeyrini düşünərək ideyalar, çağırışlar irəli sürür, verilən doğru qərarları dəstəkləyir, yayır, insanları bir olmağa səsləyir. Belə insanlar, sözün əsl mənasında, dövlətin, millətin gələcəyini, varlığını, inkişafını düşünür, əməli fəaliyyətini, mövcud vəziyyətə münasibətini bu yöndə qurur.Sağlam düşüncəli, öz xalqının, dövlətinin gələcəyini düşünən hər bir ölkə vətəndaşı isə ölkənin uğurlu inkişafı istiqamətində öz gücünü səfərbər edənlərin gördükləri əməlləri, nümunəvi fəaliyyətləri yaymaqda məsuliyyət hiss etməli, doğrunu, yaxşını deməkdən zövq almalı, aparılan islahatların, çağırışların, irəli sürülən təşəbbüslərin arxasında qürurla dayanmağı bacarmalıdır. Məhz bu səbəbdən özünün növbəti çağırışı ilə “COVİD-19” infeksiyasının dünyada və ölkə ərazisində yaratdığı mövcud vəziyyətdə əl-ələ verərək, Prezident İlham Əliyev yenidən doğru qərarların beynəlxalq müstəvidə verilməsini irəli sürdü.

Artıq hamı bilir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni problemlərlə üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Atılan addımlar təbii ki, ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Dövlət tərəfindən görülən işlərin əsas məqsədi koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paketin  təqdim edilməsi olmuşdur.  Dövlət tərəfindən görülən işlərin müqabilində vətəndaşlar təkcə pandemiya şəraitinə alışmaqla qalmadı, həm də inkişafın, əməkdaşlığın yeni dövrünə addım atdı.

Təkcə elə ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ailəsinin Azərbaycanda baş verən dövlət səviyyəli bütün proseslərə töhfəsi, eyni zamanda, koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP fəallarının gördüyü işlər də göz önündədir. Yeni Azərbaycan Partiyası rayon təşkilatları da bu proseslərdə istər Koronavirusla Mübarizə Fonduna ianələr etməklə, istər əhalinin qapanma vəziyyətində sosial qayğıları ilə maraqlanmaqla, istər könüllülərin fəaliyyətini düzgün quraraq vaksinasiya prosesində daha fəal iştirak etməklə də seçilməyi bacardı.YAP Quba rayon təşkilatı da bu sahədə mövqeyini sağlam şəkildə ortaya qoydu, ətrafındakı fəallarla bərabər, təşkilatın üzərinə düşən məsuliyyətin və vəzifələrin də öhdəsindən layiqincə gəlməyi bacardı.YAP Quba rayon təşkilatı, təşkilatın fəal üzvləri, qadınlar, gənclər müxtəlif respublika və rayon səviyyəli tədbirlərə imza atdılar, vətəndaşların sosial qayğılarına dəstək olmaqla yanaşı, 44 günlük Vətən müharibəsində canlarını qurban deyən, bir ömür borclu olduğumuz Şəhidlərimizin ailələri, qazilərimizlə görüşlər təşkil edildi.

Bundan əlavə ölkə ərazisində müxtəlif sahələrdə mövcud internet kommunikasiyası üzərindən onlayn əməkdaşlıqlar gücləndirildi, virtual sahəsdə qazanılan biliklər vətəndaşları yeni spesifik sahələrə doğru apardı. Təkcə elə təhsil sahəsinə diqqət etsək görərik ki, qapanmanın yaratdığı sosial uzaqlıq internet və İKT imkanlarından istifadə edilməklə daha bir üst səviyyəyə qaldırıldı və əməkdaşlıqlar güclədnirildi. Yeni yaradılan əməkdaşlıqlar, əldə edilən nəticələr pandemiyadan sonrakı dövrdə inkişaf üçün də zəmin hazırlamış oldu. Nümunə olaraq, hazırda direktor müavini olaraq çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını misal göstərə bilərəm. Belə ki, filial rəhbərliyinin təşəbbüsü ilə müxtəlif layihələrələ yeniliklərə və ilklərə imza atıldı, filial adını dünyanın, respublikanın müxtəlif universitetləri ilə əməkdaşlıq şəraitində icra edilən layihələrə də yazdıra bildi. Mövcud şəraitdə onlayn formada həyata keçirilən konfrans və tədbirlərin çərçivəsi artırıldı və ADPU-nun Quba filialı mövcud duruma rəğmən dünya universitetləri ilə qarşılıqlı təcrübə öyənilməsi baxımından dünya universitetlərini bir ortamda toplamağa müvəffəq oldu. ADPU-nun Quba filialının təşkilatçılığı və ev sahibliyi ilə may ayının 14-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq onlayn seminar həyata vəsiqə qazandı.

Pandemiya şəraitində rayonda rayon rəhbərliyi, müxtəlif idarə və strukturlar, təhsil müəssisələri tərəfindən, icra edilən layihələrin çoxluğu, ideyaların novatorluğu bir əsas məqamı da üzə çıxardı ki, dövlətini sevən, dövlətçiliyi, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən hər bir kəs şəraitdən asılı olmadan Azərbaycanın gələcəyi üçün, gənclərimizin hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi üçün mükəmməl və çox əhəmiyyətli addımlar ata bilər. Bunun üçün isə vətəndaşlar olaraq dövlətin apardığı siyasətə dəstək verməli, qərarlarına hörmət və etimadı artırmalı, mövcud vəziyyətdən üzüağ çıxmaq üçün virusla mübarizədə qarşıya qoyulan tələblərə düzgün riaəyət etməliyik.

Pandemiya bəşər tarixində ilk deyil, lakin insanlar, cəmiyyət, hətta dünyanın inkişaf etmiş ölkələri belə müasir dövrdə elmin, texnikanın, səhiyyənin inkişafı şəraitində bu vəziyyətdə aciz qaldı, lakin ayağa durmağı bacardı.

Günümüzdə də belə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zamanında verdiyi doğru qərarlarla birlikdə iqtisadiyyata və vətəndaşlara dəyə biləcək ziyanın minimuma endirilməsi, insanlara müavinətlərin verilməsi, təhsil, səhiyyə, sosial və digər sahələrə uyğun olaraq xalqı düşünərək atılan addımlar istiqamətində görülən işlərin, həmçinin irəli sürdüyü təşəbbüslərin, çağırışların sayəsində vəziyyətə nəzarəti ələ almağı və müsbət dinamika ilə irəlilətməyi bacardı. Beləliklə, milli ruh özünü ictimaiyyətə sübut etdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin qərar və təşəbbüslərini dəstəkləyərək bu gün Azərbaycan xalq iqtidar birliyini dünyaya nümayiş etdirə bildi.

Belə ki, təkcə elə kütləvi informasiya vasitələrindən son dövrün mənzərəsini izləsək, diqqətimizi çəkəcək məqamlardan bir də xalqın ölkə başçısının gördüyü işlərdən qürurlandığını, bu qüruru paylaşaraq cəmiyyətə göstərmək istədiyinin şahidi oluruq.

Bizlər də xalqın nümayəndələri olaraq, gözümüzün önündə olan lider qəhrəmanımızla qürur duyur, onun çağırışlarından ürəklənir, yeni uğurlara imza atır, bu Vətəni, bu milləti, bu dövləti düşünərək görülən bütün əməlləri alqışlayırıq.

Aysel Şeydayeva
YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvü
ADPU-nun Quba filialının direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir